• Tribuna
  • 25 Yanvar 2019 11:55
  •  914

Boş-boş danışmaq onların adətidir - Vüqar Rəhimzadə

Əli Kərimlinin təşkil etdiyi mitinqlərdə 2000-dən artıq adam görməmişik.

"Bu reallıqdır ki, Əli Kərimlinin və onun tərəfdarlarının təşkil etdiyi mitinqlərdə 2000 nəfərdən artıq adam görməmişik. Çünki onların yalan vədləri, insanları aldatmağı hamıya bəllidir. Artıq zaman da həmin zaman, insanlar da həmin insanlar deyil. Cəmiyyət formalaşsa da, insanlar dəyişsə də, bu adamlar dəyişə bilməyiblər. Onların düşüncəsi, təfəkkürü yenə də 90-cı illərdə qalıb".

Bunu AzNews.az-a açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru, siyasi şərhçi Vüqar Rəhimzadə bildirdi. O, özünü müxalifətin, eləcə də etiraz mitinqlərinin lideri kimi zənn edən Əli Kərimlinin və onun məhdud tərəfdarlarının son günlərdəki canfəşanlığını dəyərləndirərkən dedi:

"Heç kimə sirr də deyil ki, bu adamlar xaricdən anti-Azərbaycan, ermənipərəst qüvvələrdən aldıqları sifarişləri yerinə yetirirlər. Buna görə də radikallar öz varlıqlarını nümayiş etdirmək üçün arada belə manevrlər edirlər. İddia edilir ki, hakimiyyət yanvarın 19-da keçirilən mitinqdən qorxaraq 26-da nəzərdə tutulan mitinqə razılıq vermədi. Başa düşmürəm, hakimiyyət nədən qorxacaq, sizin varlığınızla, yoxluğunuz onsuz da bilinmir. Sual olunur, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana 2 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər".

V.Rəhimzadə vurğuladı ki, əslində, bu adamların kim olduqları 1992-cı ildən - bir illik hakimiyyətləri dönəmindən bəllidir. İndi də ixtişaşlar, qarşıdurmalar törətməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər:

"Əlbəttə, Azərbaycan xalqı, Azərbaycan vətəndaşı birmənalı şəkildə heç bir zaman bu cür antimilliləri dəstəkləməyəcək. Əksinə, hər zaman Azərbaycan dövlətinin yanında olacaqlar. Ona görə də onların canfəşanlıqlarının heç bir təsiri olmayacaq. Boş-boş danışmaq onsuz da onların adətidir".

Elgün
AzNews.az