"Bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər" - Elman Nəsirov

"Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk"

"Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif beynəlxalq siyasi dairələrin və onların əlaltısı olan yerli antimilli ünsürlərin xəbis niyyətlərinə çatmaq imkanları sıfra bərabərdir".

Bunları Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.

O, multikulturalizmin həyat tərzinə çevrildiyini və xalq-hakimiyyət vəhdətinin olduğunu qeyd edib:

"Səbəbi isə aydındır. Azərbaycanda belə ekpserimentlər üçün münbit şərait yoxdur. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilmişdir. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti vardır. Xalq prezidentini sevir, prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə doğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir fraqment, bir ləkə kimi qalacaqlar".

E.Nəsirov antiazərbaycan qüvvələrinin ölkəmizə qarşı durmadan fəaliyyət göstərdiyini vurğulayıb:

” Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.”

AzNews.az