Son dövrdə Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində əsaslı və ardıcıl tədbirlər həyata keçirilir. Son dövrdə Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində əsaslı və ardıcıl tədbirlər həyata keçirilir.
  • Tribuna
  • 2 Aprel 2019 09:47
  •  5 084

Vəkillikdə yeni nəfəs

Son dövrdə Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində əsaslı və ardıcıl tədbirlər həyata keçirilir.

Görülən tədbirlər Azərbaycanda bu sahənin sürətli inkişafı, ölkəmizdə vəkillərin sayının artması ilə yanaşı, ölkəmizdə vəkillik peşəsinin nüfuzunun yüksəlməsində də mühüm rol oynayıb.

AzNews.az Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fəxri hüquq doktoru, Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun müdiri Sahib Cəlillinin bu mövzuda yazdığı “Vəkillikdə yeni nəfəs” sərlövhəli məqaləsini təqdim edir

Xeyli müddətdir ölkə həyatının bütün istiqamətlərində, elm, təhsil, qanunvericilik, dövlət quruculuğu və idarəetmə sahələrində genişmiqyaslı islahatlara start verilib. Bu islahatların real nəticələri artıq özünü göstərməkdədir.

Ölkədə son dövrlərə qədər passiv görünən, fəaliyyəti ilə xüsusi diqqət cəlb etməyən Azərbaycan vəkilliyi də Prezidentimizin diqqət və qayğısından kənarda qalmayıb. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə biz vəkillərə vəkilliyin inkişafı ilə bağlı üzərimizə düşən vəzifələri, əsas hərəkət istiqamətlərini göstərməklə yanaşı, bu məqsədə çatmaq üçün vəkilliyin maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, Vəkillər Kollegiyasının və regional vəkil qurumlarının bina ilə təmin edilməsi üçün müvafiq orqanlara tapşırıqlar da verib.

Hörmətli Prezidentimizin bu diqqət və qayğısından daha da ruhlanan Azərbaycan Vəkillər Kollegiyasının yeni seçilmiş rəhbərliyi öz fəaliyyətini daha da gücləndirib, ölkədə başlanmış islahatlara uyğun olaraq vəkilliyin inkişafına çalışmış və vəkilləri də bu yöndə səfərbər edib.

2018-ci il 22 fevral tarixli Sərəncamın icrasını özünün fəaliyyət proqramına daxil edən Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillərin sayının artırılmasına xüsusi diqqət yetirib. Bu məqsədlə vəkilliyə qəbul imtahanlarının fasiləsizliyi təmin edilib. Qısa müddətdə bu sahədə sanballı irəliləyişə nail olunub. Vəkillərin sayı 600-dən çox artaraq 1500 nəfəri keçib.

Əvvəllər geniş beynəlxalq əlaqələrimizin olmaması səbəbindən Azərbaycan vəkilliyinə Avropanın bir sıra ölkələrində ögey münasibət bəslənib, nüfuzlu beynəlxalq tədbirlərə dəvətlər məhdud çərçivədə olub. Lakin 2018-ci ildən başlayaraq bu sahədə işin canlandırılması nəticəsində dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, Azərbaycan Vəkillər Kollegiyası özü də ötən ilin noyabrında Bakıda Avropa Şurasının və Hüquqşünasların Beynəlxalq Komissiyasının birgə təşkilatçılığı ilə 15 xarici ölkənin Vəkillər kollegiyalarının nümayəndələrinin iştirakı ilə “Vəkilin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirib. Tədbir iştirakçıları olan xarici qonaqlar müsahibələrində göstərilən qonaqpərvərlikdən, onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirib, Azərbaycan vəkillərinin çıxışlarında qaldırdıqları məsələlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Vəkillər Kollegiyasının rəhbərliyi bu sahədə də səylərini azaltmır, xarici ölkələrin Vəkillər kollegiyalarının, eləcə də beynəlxalq qurumların təşkil etdikləri müxtəlif tədbirlərə qatılmaqla Azərbaycan vəkillərini ləyaqətlə təmsil edir və dünyaya tanıdır.

Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamına uyğun olaraq, Vəkillər Kollegiyasının yeni rəhbərliyi regionlarda da vəkilliyin inkişafı üçün səmərəli işlər görüb. Təkcə 2018-ci ildə respublikamızın müxtəlif bölgələrində 11 vəkil bürosu yaradılıb. Eləcə də şəhid ailələrinə, imkansız şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi təcrübəsi artıq bütün vəkil bürolarında ənənə halını alıb. Bu nəcib təşəbbüs daha da inkişaf edərək Bakıdakı vəkil bürolarının vəkillərinin növbəlilik əsasında respublikanın ayrı-ayrı rayonlarına səfər etmələri və orada vətəndaşlara pulsuz hüquqi yardım göstərmələri kimi xeyirxah fəaliyyətə çevrilib.

Kollegiya rəhbərliyinin fəaliyyətindəki canlanmanı görən vəkillər öz peşə vəzifələrini daha inamla və həvəslə yerinə yetirir, hər kəsə yüksək səviyyəli hüquqi yardım göstərmək üçün bilik və bacarıqlarını artırmağa çalışırlar. Bu işdə Kollegiya rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan fərqli mövzularda seminarların, təlimlərin, eləcə də müxtəlif səviyyəli beynəlxalq görüşlərin keçirilməsi real bəhrəsini verir.

Bütün bunlar ölkəmizdə hüquqi dövlətin möhkəmlənməsi və daha da inkişaf etməsi naminə aparılan islahatların həyata keçirilməsində vəkillərin öz üzərlərinə düşən vəzifələri başa düşmələrinin və bu yolda qüvvə və bacarıqlarını əsirgəmədiklərinin nümünəsidir.

Lakin bununla belə təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə baş verən müsbət dəyişikliklər xalqımız tərəfindən sevinclə qarşılanıb alqışlansa da, möhtərəm Prezidentimizin yürütdüyü uğurlu daxili və xarici siyasətin insanların rifahında əks olunan nəticələrini görmək istəməyən bir qrup bədxah ağına-bozuna baxmadan hər şeydə nöqsan axtarmağı, qara yaxmağı özlərinə bir peşə edərək, görülən işləri gözdən salmağa çalışır və bu zaman özlərini guya xalqa canıyanan kimi göstərirlər. Ancaq Azərbaycan xalqı ağı qaradan seçməyi bacardığı üçün bu insanlara yox deyir və Prezidentimizin ətrafında daha sıx birləşirlər.

Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının yeni rəhbərliyinin qısa müddət ərzində əzmlə və böyük fədakarlıqla vəkillərin peşə hazırlığının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, cəmiyyətdə vəkillərin nüfuzunun qaldırılması, ölkə vəkilliyinin xaricdə tanıdılması, hüquqi yardımın imkansız şəxslərə çatımlılığını təmin etməyə yönəlmiş fəaliyyəti nədənsə bəzi şəxslərdə, eləcə də Vəkillər Kollegiyasının bəzi üzvlərində qıcıq yaradır və görülən bütün işlərdə nə isə başqa bir məna axtarılır.

Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti kütləvi informasiya vasitələri ilə mütəmadi əlaqə saxlayır, özünün mətbu orqanı və internet saytı vasitəsilə, eləcə də sosial şəbəkələrdən istifadə etməklə Vəkillər Kollegiyasının fəaliyyəti barədə ətraflı məlumatları istifadəçilərə çatdırır. Belə bir aşkarlıq şəraitində işləyən qurumun fəaliyyətində nə isə şübhəli, gizli bir məqam axtarmaq ancaq hansısa qərəzli məqsədin nəticəsi ola bilər.

Vəkillər Kollegiyasının son bir ildən artıq dövrü əhatə edən fəaliyyəti ərzində həyata keçirilən müsbət dəyişikliklər və əldə olunan nəticələr göz qabağındadır. Hər kəs, xüsusən vəkillər bunu görür və təqdir edirlər.

Atalardan qalma bir misal var: “Bar gətirən ağaca daş atan çox olar”. Bu, təbiidir, atsınlar, ancaq ağacı sındırmaq üçün yox, onun meyvəsindən faydalanmaq üçün. Əks təqdirdə ağacın yetişib bar verməsindən ötrü əziyyət çəkmiş bağbanın qəzəbinə tuş gəlmələri də təbiidir.

Sahib Cəlilli
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,
fəxri hüquq doktoru, Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun müdiri