"On minlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmir" "On minlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmir"
  • Tribuna
  • 25 İyun 2019 22:22
  •  3 813

AŞPA-nın yay sessiyasında azərbaycanlı deputat gender bərabərliyindən danışıb

"On minlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmir"

Silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı bu dəhşətli acını yaşayıb. Ermənistanın ölkəmizə silahlı təcavüzü və torpaqlarımızın 20 faizini işğal edilməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə məruz qalıb. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur. On minlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmir.

Bu fikirləri AŞPA yay sessiyasında “Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası: nailiyyətlər və çətinliklər” adlı birgə müzakirələrdə nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, Ermənistan BMT-nin, eləcə də AŞPA-nın qəbul etdiyi qətnamələri yerinə yetirməkdən imtina edir. O, Parlament Assambleyasını Ermənistan tərəfindən hüquqları pozulmaqda davam edən azərbaycanlı məcburi köçkün qadınların, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, yaralanmış, əsir götürülmüş azərbaycanlı qadınların ailələrinin səslərini, çağrışlarını duymağa, bu dəhşətli cinayətləri törədənlərin layiq olduqları cəzanı almasına, ədalətin öz yerini tapmasına daha fəal dəstək olmağa çağırıb.

“Azərbaycan xalqının təmsilçiləri kimi, biz qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməlidir. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Odur ki, səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsi son dərəcə zəruridir”,-deyə Q. Paşayeva bildirib.

Qeyd edib ki, Azərbaycan qadınlara qarşı zorakılıqla, məişət zorakılığı ilə fəal mübarizə aparan ölkələrdəndir. Bu sahədə qanunlar qəbul edilib. Beynəlxalq və milli tərəfdaşlarla birlikdə çox sayda tədbirlər həyata keçirilir, geniş maarifləndirmə işi aparılır. O, “Ailə akademiyası” layihəsi, “Azərbaycan ailəsi” film festivalı, “Həyatdan şəkilə” foto müsabiqəsi kimi çox saylı layihələrdən söz açıb. Bildirib ki, Azərbaycan qadınları hər zaman aparıcı qüvvə olmaqla, cəmiyyətin inkişafına öz töhfələrini veriblər. Bu gün dövlət dəstəyi sayəsində bütün sahələrdə qadınların sayı daha da artmaqdadır.

“Unutmamalıyıq ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işinə kömək edəcək. İnanırıq ki, bu gün apardığımız müzakirələr də qadınlara qarşı zorakılıqla daha effektli mübarizə aparılmasına və üzv ölkələrdə qadınların dövlət və cəmiyyətin bütün sahələrdə rol və iştirakçılığının artmasına öz müsbət töhfələrini verəcək”, -deyə Q. Paşayeva diqqətə çatdırıb.