Kasım-Jomart Tokayev kasıblar üçün prezident imicini seçdi Kasım-Jomart Tokayev kasıblar üçün prezident imicini seçdi
  • Tribuna
  • 9 Oktyabr 2019 15:05
  •  5 777

Tokayevin atdığı hansı addımlar Nazarbayevi narahat edir? - Politoloqun rəyi

Kasım-Jomart Tokayev kasıblar üçün prezident imicini seçdi

Qazaxıstanda Kasım-Jomart Tokayevin prezident seçilməsinin 100 günlüyü kifayət qədər yenilik və ya ümumiləşdirmələrlə xarakterizə oluna bilər. K.Tokayev kasıblar üçün prezident imicini seçdi. Dərin islahatlara başladı. O, bu islahatların anonsunu hətta BMT Baş Assambleyasında çıxışı zamanı bildirdi. Ölkəyə qayıdan həmvətənlərə “oralman” terminindən istifadəsinin əleyhinə çıxdı, “qandaş” terminini təklif etdi. Prezident K.Tokayevin atdığı addımlar Elbası N.Nazarbayevi müəyyən qədər narahat edir.

Bu fikirləri AzNews.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, K.Tokayev BMT Baş Assambleyasında iştirakı zamanı Nyu-Yorkda çoxsaylı görüşlər keçirtdi:

"ABŞ-ın siyasi və ekspert mühiti, biznes kapitanları, Bloomberg agentliyinin rəhbəri M.Blumberqlə görüş keçirdi. Məqsədi Qazaxıstanın imicini dəyişməkdir. Çoxsaylı iş adamları ilə görüşdü. K.Tokayev Administrasiyanın rəhbərini və xarici işlər nazirini dəyişdi, özünə daha yaxın adamlar təyin etdi.

K.Tokayev Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Tszinpinlə görüşdü, görüş zamanı 10 sənəd imzalandı".

Politoloq Qazaxıstanla Çin arasında iqtisadi əlaqələrdə kifayət qədər artım olduğunu bildirib:

"Çin biznesinin aktiv iştirakı artıq əhalidə narazılıq yaradır. Guya çinlilər Qazaxıstanda daha 55 zavod tikiblər və bununla da Qazaxıstanın bütün iqtisadiyyatını ələ keçirəcəklər. Buna görə Qazaxıstanda mitinqlər başladı. Çinin Qazaxıstandakı səfiri Çjiau Syao 55 Çin müəssisəsinin tikilməsi ilə bağlı izahı hansısa qüvvələrin təsiri ilə baş verdiyini bildirdi. Vəziyyətin gərginliyini görən prezident K.Tokayev əhalini şayiələrə inanmamağa çağırdı. Ümumiyyətlə Qazaxıstanda siyasi vəziyyət ilə əlaqəli əhalidə aktivlik var. Tez-tez mitinqlər keçirilir və bəzi mitinq iştirakçıları hüquq-mühafizə orqanları tərəfindən saxlanılır".

Mübariz Əhmədoğlu qeyd edib ki, Rusiya-Qazaxıstan münasibətlərində hərbi xarakterli məsələlər daha aktual olub:

"Baykonur kosmodromuna giriş-çıxış məsələsi müzakirə obyektidir. Orenburqa gedən Rusiya qoşunları Qazaxıstan ərazisindən tranzit kimi istifadə etdilər. Rusiya hərbçiləri Qazaxıstandakı poliqondan “İskəndər” OTRK-nın atəşini reallaşdırdılar. Rusiyanın Müdafiə naziri S.Şoyqu Qazaxıstanda həmkarı Askar Jumaqaliyev ilə ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etdilər. RF prezidenti V.Putin Qazaxıstanın ilk prezidenti, hal-hazırda Elbası N.Nazarbayevi Moskvaya dəvət etmişdi, görüş zamanı ikitərəfli regional və beynəlxalq məsələlər müzakirə edildi. Prezident V.Putin Bayterekdəki kosmik-raket kompleksinə Nazarbayevin adını verməyi təklif etdi. İki ölkə arasında iqtisadi münasibətlərdə də dinamika var. “Lukoyl” Qazaxıstanda iştirakını artırıb. “Lukoyl” kompaniyasının direktoru V.Ələkbərovu Qazaxıstanda prezident, Baş nazir qəbul etdi. V.Ələkbərov “Qazmunayqaz”ın idarə heyətinin sədri Alik Aydarbekovla tədqiqat işləri barədə birgə müqavilə imzaladılar. Rusiya ilə ratifikasiya olunmuş protokol Qazaxıstan vətəndaşlarına Rusiya ilə sərhədi keçməyi daha da asanlaşdıracaq".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru vurğulayıb ki, Asiya İnkişaf Bankı Qazaxıstana 250 milyon dollar vəsait ayırdı:

"Bu vəsait 4 vilayətdə irriqasiya şəbəkəsinin yaxşılaşmasına sərf olunacaq. Qazaxıstan riyaziyyat və təbii elmlər üzrə akademik biliklərə görə dünyada Top 10-luğa daxil oldu. Bu barədə hökumətin iclasında Qazaxıstanın Təhsil və Elm naziri Asxat Aymaqambetov məlumat verdi. Qazaxıstanın milli valyutası tenge zəifləməkdə davam edir. Artıq 1 dollar 390 tengelik tarixi minimuma qədər aşağı düşüb".

AzNews.az