- Tribuna
- 5 Noyabr 2019 12:17
- 5 320
Bacarsanız, eqonuzu, qisasçılıq hisslərinizi bir kənara qoyun - Elçin Mirzəbəyli

"Həyata keçirilən islahatların təməl fəlsəfəsində Azərbaycan vətəndaşına və dövlətinə xidmət dayanır"
"Görünən odur ki, çoxları “islahat” sözünü və anlayışını öz düşüncəsi və maraqları kontekstində dəyərləndirir".
AzNews.az xəbər verir ki, bunu siyasi ekspert,“Xalq cəbhəsi” qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli özünün "Facebook" səhifəsində yazıb.
Həmin yazını təqdim edirik:
"Təfəkkürləri köhnə paltar dolabının qoxusunu verən, siyasi sistemin və cəmiyyətin özünüqoruma mexanizmlərinin vurub bir kənara atdığı bəzi nimdaş məmur-siyasətçilər onlara qarşı “haqsızlıq edildiyini”, kimlərləsə də müqayisədə daha yaxşı olduqlarını sərgiləmək üçün dəridən-qabıqdan çıxır, yaxud qisasçılıq zəminində şər-böhtan, gözdənsalma kampaniyasını körükləyir, “bəlkə də qaytardılar” ümidi ilə ağlasığmaz nağıllar, əfsanələr uydururlar. Bəziləri mental xüsusiyyətlərimizin və dəyərlərimizin qatlanıb bir küncə qoyulacağını, Bakının mərkəzində çırtıq çalıb “Daş-duşu, daş-duşi, madam popuqay” havasına kosmopolit diringi vuracaqlarını, milli düşüncənin, Azərbaycan xalqını ayaqda saxlayan təməl məfkurə anlayışlarının “arxaik” elan olunub sıradan çıxarılacağını, dövlətçi təfəkkürün “şou menecment” psixologiyasının təzyiqi ilə sarsılacağını, “özgə” sözünün rus dilinə jarqonlaşdırımış tərcüməsində küncə sıxışdırılacağını düşünürlər. Anlamırlar ki, islahat milli platforma üzərindən yenilənmədir. Başa düşmürlər ki, yalnız milli düşüncə modern, yenilikçi olanda cəmiyyətə fayda verə bilər. Alt yapısında, genetik kodunda milli təəssübkeşlik, cəmiyyətə fayda vermək niyyəti dayanmayan istənilən təfəkkür – istər modern olsun, istərsə də postmodern – fərdi eqonun böyüdülməsinə və xalqdan üstün tutulmasına xidmət edir.
Xanımlar və cənablar, ölkəmizdə həyata keçirilən islahatların təməl fəlsəfəsində Azərbaycan vətəndaşına və dövlətinə xidmət, azərbaycanlı indentikliyinin ən müsbət keyfiyyətlərinin inkişaf etdirilərək daha modern və zövqlü şəkildə dünyaya təqdim edilməsi, idarəetmə sisteminin modernləşməsi və çağdaş dünyanın tələblərinə cavab verməsi dayanır. Məqsəd ayrı-ayrılıqda hər bir azərbaycanlını, bütövlükdə isə Azərbaycanımızı dünyanının amansızcasına dəyişən reallıqlarının içərisindən keçirərək gələcəyə daşımaq, rəqabətə davamlı etmək və layiq olduğu həyata qovuşdurmaqdır.
Bacarsanız, fərdi eqonuzu, qisasçılıq hisslərinizi bir kənara qoyun. Daha yeni, daha müasir Azərbaycanda hər kəsə intellektinə və bacarığına görə yer olacaq".
AzNews.az