Ölkəmizdə korrupsiyaya qarşı total müharibə aparılır Ölkəmizdə korrupsiyaya qarşı total müharibə aparılır
  • Tribuna
  • 14 May 2020 16:34
  •  16 106

"Büdcə vəsaitlərini oğurlamaq dövlətə xəyanətdir" - Fatma Yıldırım

Ölkəmizdə korrupsiyaya qarşı total müharibə aparılır

Məlumdur ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar ciddi nəticələr verməkdədir. Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam etdirilir.

Ötən il bu sahədə geniş vüsət almış islahatlar müsbət nəticələrlə ifadə olunub və bu il də proses pozitiv tendensiya ilə müşaiyət olunur. Təbii ki, islahatların əsas məqsədlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması yönündə müəyyən uğurlar var. Amma təəssüf ki, uğurlarla yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də qalmaqdadır. Ona görə də, ölkəmizdə korrupsiyaya qarşı total müharibə aparılır.

Qanunsuz əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara əməl etməyən, ifşa olunmuş məmurların aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurətə çevrilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi buna sübutdur. Digər icra başçıları da bundan nəticə çıxarmalı, cənab Prezidentin qeyd etdiyi kimi xalqın xidmətçiləri olmalıdırlar. Onlar insanları incitməməli, əksinə qayğıları ilə maraqlanmalı və problemlərini həll etməlidirlər. Kasıb insanların, əlillərin, ahılların yardımını mənimsəmək, büdcə vəsaitlərini oğurlamaq dövlətə xəyanətdir. Çünki bu əməllər dövlətimizin imicinə zərbədir. Eyni zamanda, bu əməllər həqiqətən də vicdansızlıqdır. İnsanların haqqını yeyənlər gec-tez layiq olduqları cəzaları almalıdır və alırlar da.

Dövlətimizin başçısı Baş prokuror Kamran Əliyevi qəbul edərkən ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılması ilə bağlı qətiyyətli mövqeyini bir daha diqqətə çatdırdı. Cənab Prezident vurğuladı ki, tətbiq edilən məsuliyyət tədbirləri təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcək, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcək. May ayının 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Onsuz da işğalçı Ermənistan tərəfindən yüzlərlə tarixi-mədəni abidələrimiz məhv edilib. Belə bir şəraitdə mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır.

Fatma Yıldırım

Azərbaycan Respublikası Milli Məclisinin deputatı