Silinən bir statusun izi ilə... Silinən bir statusun izi ilə...
  • Tribuna
  • 14 Avqust 2020 14:00
  •  29 914

Qulu Məhərrəmli Eldar Həsənovu niyə müdafiə edir?

Silinən bir statusun izi ilə...

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri, keçmiş Baş Prokuror Eldar Həsənovun həbs edilməsi hazırda gündəmin müzakirə olunan əsas vitrin mövzularından biridir. Bu gün ölkə gündəmi ilə bağlı əsas istiqamətlər: Serbiya Ermənistana silah satıb, ölkədə “5-ci kolon”la mübarizə aparılır, XİN-in bir neçə vəzifəli şəxsi həbs edilib, hazırda ciddi maliyyə yeyintiləri ilə bağlı XİN-də yoxlamalar aparılır, Türkiyə-Azərbaycan əlaqələri, türk qoşunlarının Azərbaycana gəlişi, xaricdən dövlətə yönələn təhdidlər və s.

E.Həsənovun həbsi ilə bağlı DTX-nın yaydığı məlumatda deyilir: “Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda bdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub”.

E.Həsənovun həbsindən sonra onu açıq şəkildə müdafiə edən şəxslər də oldu. Açığı, bir sıra şəxslərin E.Həsənovu müdafiə etməsi xeyli maraqlı suallar doğurur. Məsələn, professor Qulu Məhərrəmli özünün Facebook hesabında yazır: “Serbiyadakı səfirimiz Eldar Həsənovun saxlanması ciddi səhv və anlaşılmazlıq idi”.

Q.Məhərrəmli DTX-nı “ciddi səhvə” yol verməkdə ittiham etməsi təsadüf deyil.

Professor daha sonra yazır:

“Onun külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ittiham olunması isə inandırıcı görünmür, çünki həm də bizneslə məşğul olan E.Həsənovun şəxsi kapitalı ona verilən büdcə vəsaitindən dəfələrlə çoxdur. Yəni o, səfirliyin qəpik-quruşuna göz dikməyi öz şəxsiyyətinə sığışdırmaz. Yüksək dövlət düşüncəsi olan E.Həsənov şəxsi nüfuzuna, diplomatik məharətinə, təsir dairəsinə görə fərqlənən, Azərbaycan adına və hakimiyyətə hörmət gətirən səfir idi. Onun həbsi çox güman ki, sihyasi xarakter daşıyır və daxildəki qruplar arasında savaşla bağlı ola bilər.

P.S. Bu adam tutanlara (DTX-nı nəzərdə tutur-S.F.) izah etmək lazımdır ki, Azərbaycan dövlətinə təhlükə milətsevər insanlardan, həbs edilən vətənpərvər gənclərdən, şərlənən T.Yaqubludan deyil, Moskvanın 5-ci kolonundan gəlir”.

Q.Məhərrəmlinin bu statusunu 3 hissəyə ayırmaq olar:

Birinci hissədə Q.Məhərrəmlinin yazdığı ilk cümlədən belə çıxır ki, E.Həsənovun həbsi ümumilikdə yanlışdır və E.Həsənovun həbsi istənilən halda səhv addımdır.

İkinci hissədə Q.Məhərrəmli əsaslandırmağa çalışır ki, E.Həsənov həm də biznesmendir və onun büdcənin qəpik-quruşuna ehtiyacı yoxdur. DTX-nın yaydığı məlumatda “maliyyə yoxmaları” ifadəsi ilə bərabər, “digər qanun pozuntuları” ittihamı da yer alıb. Həmin bu “digər qanun pozuntuları” nədir, bax, bu barədə düşünməyə dəyər.

Üçüncü hissədə isə, Q.Məhərrəmli E.Həsənovun həbsini siyasi sifariş adlandırır, T.Yaqublunun da adını çəkir, hakimiyyətdaxili savaşın olduğunu bildirir və qeyd edir ki, Azərbaycana əsas təhlükə "5-ci kolon"dan gəlir.

Amma "üçüncü hissə" ilə bağlı ən maraqlı məqamlardan birini qeyd edək: Keçmiş səfir A.Məmmədov E.Həsənovun həbsi barədə danışarkən onu Rusiyanın adamı kimi təqdim etdi. Hətta E.Həsənovun öz ətrafına Rusiya prezidenti Putinə yaxın şəxslərin (2 tələbə yoldaşı, azərbaycanlı milyarderlər İ.Rəhimov, Q.Nisanov və s.) topladığını nəzərə çatdırdı. Nəzərə almaq lazımdır ki, “5-ci kolon” əsasən Rusiyadan ölkəmizə yönələn təhdid korpusudur, bunu Q.Məhərrəmli də bilir. Bəs Q.Məhərrəmlinin E.Həsənovu “5-ci kolon”dan ayırmaq cəhdi nəyə hesablanıb? Bəlkə elə keçmiş səfir A.Məmmədovun dedikləri doğrudur? A.Məmmədovun dediklərinə inansaq, belə çıxır ki, Q.Məhərrəmli Rusiyanın mənafeyini müdafiə edir, E.Həsənovu da "qoruması" təsadüfi deyil, "5-ci kolon"u hədəfə almaqla da iz azdırır.

Qeyd edək ki, Q.Məhərrəmli bu statusunu artıq silib. Maraqlıdır, niyə? Statusu ona kimlər və nə üçün sildirdi?

Q.Məhərrəmliyə bununla bağlı sual da ünvanladıq, təəssüf ki, cavab ala bilmədik. Elə bəlkə də bu suala veriləsi cavab yoxdur... (azsiyaset.com)