25 ildən sonra qırılmış bir həyatı yenidən davamı üçün o yerlərə dönməkdən başqa arzum olmayıb 25 ildən sonra qırılmış bir həyatı yenidən davamı üçün o yerlərə dönməkdən başqa arzum olmayıb
  • Tribuna
  • 26 Yanvar 2021 19:24
  •  11 199

Qubadlıda keçən uşaqlıq illərimin kiçik bir tablosu

25 ildən sonra qırılmış bir həyatı yenidən davamı üçün o yerlərə dönməkdən başqa arzum olmayıb

Bəlkə də kənd uşaqlarının içərisində ən fərasətsizi mən olmuşam. Kənddə mənimlə yaşıd olan uşaqların gördüyü işlərin çoxu əlimdən gəlməzdi. Rayon mərkəzində yaşasaq da, rayon sakinlərinin əksəriyyəti kimi, biz də heyvan saxlayardıq. Heyvanlarımızı bircə mən tanımazdım. Valideynlərim də mənim təhsilimlə bağlı gələcəyimə çox ümid verdikləri üçün çox vaxt iş dalınca buyurmazdılar. Atamdan çox çəkinərdim, amma anamın ərköyünü idim. Ailədə oğlan uşaqlarına “defist məhsul” kimi baxdıqları üçün atam məni hansı işin dalınca göndərsə, mənim əvəzinə anam o işi görmək istəyərdi. Evin tək oğlan övladı olduğumdan anam üzərimdə əsirdi. Əgər atamın məni hansısa iş dalınca göndərəcəyini hiss etsəydim, tez evə girib, kitablarımı qabağıma tökərdim. Qarşımda kitab varsa, atam mənə iş tapşırmazdı. Bir sözlə, bizim evdə hər kəs üçün ən önəmli olan iş mənim oxumağım idi.

Bəzən qohumlar mənim əvəzimdən gələcək ixtisasımı seçərdilər. Kimisi həkim olmağımı istəyirdi, kimisi mühəndis... Mənim isə uşaqlıqdan ən böyük marağım ədəbiyyata idi. BDU-nun filologiyasını da bu ixtisası sevdiyim üçün oxudum. İxtisas seçilməsində heç xoşum gəlməyəni dayımın seçdiyi idi. Hər dəfə qiymətlərimi soruşduqdan sonra deyərdi ki, “bacıoğlu, oxuyub, çox yaxşı yurist olarsan”. Birinci sinifdə oxuyanda “yurist” sözündən heç xoşum gəlməzdi. Mənasını bilmirdim, amma kənddə arvadlardan biri o birinin mənfi cəhətlərindən danışanda, “yaman yuristdi” sözü məndə müsbət assosiasiya yaratmamışdı, bəlkə bu üzdən bundan xoşum gəlmirdi.

Yayda məktəb bağlanan kimi kəndə getməyə tələsərdim. 1973-cü ildə kənddən Qubadlının mərkəzinə köçsək də, Göyərabas kəndindəki evimiz qalırdı. Yaz gələndə birinci nənəm köçərdi kəndə, məktəb bağlanan kimi biz gedərdik. Kəndimiz Qubadlının ən gözəl kəndlərindən idi. Rayon mərkəzi ilə məsafəsi 19 km olmasına baxmayaraq, yük maşını ilə saat yarımdan çox yol gedərdik. Rayondan aralanıb dağ yollarına qalxdıqdan sonra kəndimiz uzaqdan görünəndə sanki hava da dəyişər, yük maşının kuzovunda üzümüzə sərin hava vurardı.
Kəndimiz üç yanı meşələrlə əhatə olunmuş, bir yanı ən geniş mənzərəyə açılan hündürlükdə yerləşirdi. Əslində, həmin mənzərə də meşəlik idi, lakin kənd bu meşəlikdən yuxarıda olduğu üçün rayondan da uzaqda yerləşən ərazilər gözlərimiz önündə açılırdı.
Mən şəhərə kənddən daha tez öyrəşmişəm. Kəndimizdəki yer adlarını nişan verib, camışımızı orda gördüklərini deyəndə mənə qəribə gəlirdi. Məsələn, kimsə deyirdi ki, sizin camışı (kənddə gamış deyirdilər) Həşimin vağ (Vağ ağac kömürünün istehsal olunması üçün xüsusi yerdir) yerində gördüm. Bu cür ünvan nişan vermələri mənə qəribə gəlirdi, həm də hirslənirdim. Rəhmətlik İsmət arvadın əri Həşim kişi mən dünyaya gəlməmişdən əvvəl dünyadan köçmüşdü. Üzünü görmədiyim adamın hardasa ağacları üst-üstə yığıb, kömür emal etdiyi yeri hardan tanıyacaqdım? Amma kəndimizin ətrafındakı bulaqları gəzməyi çox sevirdim. Seyid Məhəmməd bulağı, Almalıq, Arxaclar, Güllə bulağı ən çox gəzdiyim yerlər idi.

Bəzən diyircəkli təkərdən düzəltiyimiz arabalarımızı götürüb meşəyə odun yığmağa gedərdik. Hər səfərində də mənim arabamın diyircəkli təkəri tutular, yolda qalırdım. Başıma gələn bu xoşagəlməz hadisədən uşaqların arasında özümü Cırtdan kimi hiss edirdim. Kəndin uşaqları dərədən butılkada su daşıyıb, təkərə tökər, hərəkət etməsini nizama salmaq istəyərdilər. Bir az gedəndən sonra eyni vəziyyət təkrar olunardı. Çarəsiz qalan uşaqlar məni yarıyolda buraxmaz, arabamı öz arabalarının üzərinə yükləyib, kəndə qədər daşıyardılar.

Bizim heyvanların balalarının da nazlanmaları elə bil mənə çəkmişdi. Kənddə hamının balağı (camışın yeni doğulmuş balasıdır) ağcaqayın, palıd yarpağını böyük iştahla yeyər, bizim balağ güney vələsinin yarpaqlarından başqa heç birini yeməzdi. Bu da mənim yarpaq qırmağa getməyim üçün yolumu xeyli uzaqlaşdırdı. Çünki kəndin ətrafı ağcaqayın, palıd ağacları ilə dolu idi, lakin mən vələs yarpağı toplamaq üçün kəndin güneyinə qədər yol getməli idim...
Bunlar mənim uşaqlıq illərimin kiçik epizodlarıdır. Qubadlıdakı 25 illik həyatımı bir yazıya sığışdırmaq mümkün də deyil. “Kimsə o yerlərə qayıdacaq, ya qayıtmayacaq” müzakirələrindən sonra yazdım bunları. Mən uzun illər yuxularımı da öz kəndimizdən görmüşəm. O kənddəki çığırları addım-addım gəzmişəm yuxularımda. 25 ildən sonra qırılmış bir həyatı yenidən davamı üçün o yerlərə dönməkdən başqa arzum olmayıb. Qoyub gəldiklərimizin yerində böyük xarabalıqlar qalsa, düşmən təkcə xatirlərimizi işğal edə bilməyib. O xatirələrin ocağını doğma yurda qayıdışdan başqa heç yerdə yandırmaq mümkün də deyil...

Rəsul Mirhəşimli