ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı məsələsi qaldırılacaq

“Ermənistanın manipulyasiya etməsinə icazə verməyəcəyik”

“ATƏT PA-nın qış sessiyası fevralın 24-26-da Vyanada keçiriləcək. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qış sessiyasına onlayn qatılacaq”.

Bu fikirləri Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bildirib.

Deputat ilk dəfə olaraq ATƏT PA-nın sessiyasına qələbə əhvalında qatılacaqlarını da qeyd edib:

“Bu böyük fəxarətdir”

“Azərbaycan nümayəndə heyəti olaraq indi çox qürurluyuq, çünki birinci dəfədir ki, qalib xalqın nümayəndəsi, işğala son qoyaraq ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş qüdrətli bir dövlətin təmsilçisi kimi ATƏT PA-nın rəsmi sessiyasında iştirak edəcəyik. Buna görə Ali Baş Komandana, Ordumuza və xalqımıza minnətdarıq. 44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan dövlətinin və xalqının qələbə simvoluna və birliyinə çevrilən “Dəmir yumruğ”un gücünü və əzəmətini gördü. Bu böyük fəxarətdir. Son vaxtlarda keçirilən onlayn konfranslarda Azərbaycana qarşı qərəzli münasibətin dəyişdiyi hiss olunur. Azərbaycana hörmət daha da artıb. Dövlətimizin yaratdığı yeni geosiyasi reallığı artıq hamı qəbul edir və onunla hesablaşırlar. Bu da onu göstərir ki, beynəlxalq aləm ATƏT tarixində ərazi bütöblüyünü öz gücü ilə bərpa edən ilk ölkə kimi Azərbaycanın təcrübəsini unukal bir təcrübə kimi nəzərdən keçirir və beynəlxalq hüququn yaşadığı hazırkı böhranın nəyə gətirib çıxaracağının fərqindədirlər. Gerçəklik odur ki, güc hər şeyi həll edə bilir. Nə qədər haqlı olsaq da, münaqişəyə ədalətli yanaşma tələb etsək də, yalnız “dəmir yumruq” hesabına ədaləti bərpa etdik”.

“Xocalı soyqırımı məsələsini gündəmə gətirəcəyik”

Nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın qış sessiyasının hər il ağrılı keçdiyini də etiraf edib:

“29 ildir ki, Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunada ədalət tələb edirik. Təbii ki, budəfəki sessiyada da Xocalı soyqırımı məsələsini qaldıracağıq. Bunu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını bir daha səsləndirəcəyik. Bu dəfə qalib dövlətin vətəndaşı, qalib parlamentin üzvü kimi bunları edəcəyik”.

“Ermənistanın manipulyasiya etməsinə icazə verməyəcəyik”

Deputat parlament diplomatiyasının üzərinə düşən işlərdən də söz açıb:

“Döyüş meydanında müharibə başa çatsa da, siyasi məkanda, diplomatiyada mübarizəmiz davam edir. Biz bu işləri uğurla həyata keçirməliyik. Parlament diplomatiyasının da üzərinə böyük iş düşür. Cənab Prezident Azərbaycan xarici siyasətinin bütün prioritet istiqamətlərini, xüsusilə, post-münaqişə ilə bağlı olan məsələləri ictimaiyyətə açıqlayıb. Hesab edirəm ki, cənab Prezidentin bu tezislərini parlament diplomatiyasında olduğu kimi istifadə etməli və onları dünya ictimaiyyətinə çatdırmalıyıq. Münaqişə başa çatıb. Dağlıq Qarabağ məsələsi həll edilib və artıq “Dağlıq Qarabağ” adlı münaqişə yoxdur. İkincisi, Dağlıq Qarabağın statusu anlayışı da artıq mövcud deyil. Ona görə də status məsələsi siyasi gündəmin predmeti ola bilməz. Digər tərəfdən, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar da digər vətəndaşlarımız kimi Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində bütün hüquqlardan istifadə edə bilərlər. Bu məsələ bizim üçün artıq həll edilmiş məsələdir. ATƏT PA-nın qış sessiyasında böyük ehtimal ki, ermənilər “hərbi əsir” adlandırdıqları 62 diversantın məsələsini qaldıracaqlar. Onlar bizim üçün hərbi əsir deyillər və bu adamlar qanunsuz olaraq Ermənistandan Azərbaycanın ərazisinə daxil olaraq terror hadisəsi törədiblər. Onların cinayət əməli müharibə başa çatandan sonra baş verib. Ermənistan bu məsələni bilərəkdən siyasi təbliğatın mövzusuna çevirib. Ancaq bu məsələdə mövqeyimiz aydındır. Biz ermənilərin bu mövzunu manipulyasiya etməsinə icazə verməyəcəyik”.

“Minsk qrupunun mandatına yenidən baxmaq lazımdır”

A.Quliyev ATƏT-in Minsk qrupunun fəaliyyətinə də münasibət bildirib:

“ATƏT-in Minsk qrupu ilə bağlı məsələnin qış sessiyasında gündəmə gətirilmə ehtimalı var. Bəzi ölkələr yenidən Minsk qrupunun dirçəldilməsində maraqlıdır. Hesab edirəm ki, Minsk qrupunun həm özünə, həm də mandatına yenidən baxmaq lazımdır. Əvvəllər Minsk qrupunun öhdəlikləri vardı. Artıq o öhdəliklər həllini tapıb. Eyni zamanda, Minsk qrupu üzərinə düşən mərhələli işlərin heç birində iştirak etməyib. O baxımdan da Minsk qrupunun mövcudluğu sual altındadır. Əgər Minsk qrupu olduğu kimi qalmaq, fəaliyyət göstərmək istəyirsə, ilk növbədə Azərbaycanın rəyi nəzərə alınmalı, şərtləri qəbul olunmalıdır. O zaman Minsk qrupunun fəaliyyətinə ehtiyac olub-olmadığına baxılacaq. Bu ilin yanvar ayında cənab Prezident İlham Əliyev həmsədrləri qəbul edən zaman ölkəmizin bu haqda mövqeyini onların diqqətinə çatdırdı və bu mövqe dəyişməz olaraq qalır.

Bununla yanaşı, əgər həmsədr ölkələr hazırda prosesə yardım etmək istəsələr, onda işğaldan azad edilmiş ərazilər minalardan təmizlənməsində iştirak etsinlər. Bilirsiniz ki, Ermənistan minalanmış ərazilərin xəritəsini bizə vermir. Yaxşı olar ki, Minsk qrupu humanitar missiya çərçivəsində xəritəni ermənilərdən alaraq bizə versin. Digər tərəfdən, işğal altında olan bütün şəhər və kəndlərimiz darmadağın olunub. Həmin ərazilərin yenidən qurulmasında, infrastrukturun bərpasında, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmalarında həmin ölkələr yaxından iştirak edə bilərlər. Ona görə də Minsk qrupu ölkələləri “Dağlıq Qarbağ münaqişəsi” və ya “Dağlıq Qarabağın statusu” haqqında süni və boş bəyanatlar vermək əvəzinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmədiklərinə görə özlərini məsul sayaraq, işğal nəticəsində dağıdılmış ərazilərin bərpası üçün Azərbaycana maddi və texniki dəstək versələr, daha faydalı işlə məşğul olarlar”. (modern.az)

AzNews.az