Hanı bəs, bu iqtidarın siyasətdəki əsgərləri?- Sevinc Telmanqızı yazır

Olmaya onlar da direktor demiş, qaranlıq otağı işıqlandırmaq işinə baxırlar?

Biz bu onlayn dərslərin onsuz da zəlil gündə olan təhsilimizin paxırını ortaya çıxaracağını bilirdik. Məhsul zay olanda o, bütün şəraitlərdə, şərtlərdə, sınaqlarda özünü biruzə verir. Seçkidə, ölkəni virus bürüyəndə, imtahanlarda.... Söz vaxtına çəkər, ötən il bu vaxt məktəbdə müəllimələr seçicinin ölən anasının adına saxta bülleten yazırdılar. Seçici də “ölüf, ölüf, qavır daşını göstəremmi?” deyib hayqıranda mədəni şəkildə üzə dururdular: “Sizin üçün ölmüş ola bilər, bizim üçün sağdır”. Yəni, təxminən Sovet dövrünün Lenini kimi. Adam ölmüşdü, amma qəlblərdə yaşayırdı. Ya da indi. Direktor onlayn toplantıda sinif nümayəndəsinin olduğunu öyrənən kimi deyir, bizə şamtutan lazım deyil. Səs-küy qopan kimi də təkzib verir ki, “bəs nə qəlbi qara adamlarsız. Mən siz deyən mənada yox, qədim Yunanıstandakı təhsil sistemini nəzərdə tutub demişəm. Yəni, o dövrdə filosoflar, pedaqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş, mən də onu dedim”. Buna da şükür. Çünki ən azından bilməyənlər qədim Yunanıstandakı dərs sistemindən xəbərdar oldu. Elə direktorun özü də indiki gənclər demişkən, “temanı fırlatmaq” üçün bu tryukdan istifadə etdi, iki kitab arası açdı, özünü kreativ və savadlı göstərdi. Yoxsa ki, dana şaqqalayan, başına qoşa bayraq sancıb rəqs edən direktor hara, qədim Yunanıstan tarixindən xəbərdar olan direktor hara...?

Amma ən pisi odur ki, ölkədəki anormal idarəetmə hamının özünü öz sahəsində padşah, xan, mütləq hakimi elan etməsi ilə nəticələnir. O gün bir xəbər oxudum. Demək, Sabunçu rayonunda yaşayan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxsi marketdən bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi zəncirləyib. Təsəvvür edirsiz, polis çağırmayıb, suyun pulunu almayıb, cəhənnəm, marketdən qovmayıb….zəncirləyib. Hərə öz sahəsində bir padşahlıq qanunları yaradıb. Kollec direktoru tələbəni təhqir edir, market sahibi özü məhkəmə qurub, cəza verir. Ya da bir sürücü olaraq yoldakı avtobus zolaqlarından şikayətlənirsən, avtobus sərnişinləri az qalırlar gözünü çıxarsınlar ki, canın çıxsın, maşın sürmə, məndən artıqsan? O gün baxıram, haştaqlar, qruplar yaradıblar ki, “işə maşınla gedənlərin sayı azalsın, ictimai nəqliyyatdan istifadə artsın”. Anam-bacım, demokratik cəmiyyətlərin ən mütləq şərti seçim azadlığıdır. Bu şəhərdə maşın alanların böyük əksəriyyəti ictimai nəqliyyatdan, ordakı xaos, basırıqdan iyrənənlərdir. İctimai nəqliyyat ideal olandan sonra niyə fərdi maşın sahibləri bu qədər, anormal şəkildə artsın ki? Sən ictimai nəqliyyat düzəlsin demək əvəzinə, maşın sürənlər azalsın çağırışları edirsən. Bunun adı kompleks deyil də, nədir?

"Müharibədə nə özləri, inə övladları ortada oldular. Müharibə bitdi, şəhid, döyüşçü ailələrinin yanında olmadılar. İndi də polemikalar, müzakirələr, komandanı qorumaq zamanıdır, yenə çəkiliblər küncə"

Məşhur aparıcı demiş, uzağa getməyək, götürək elə Yaponiyanı… Hə, götürək elə Milli Məclisin “çiçəyi burnunda” “yeni partiya” deputatlarını. Yadınızdadır, ötən ilin elə bu vaxtı özlərini buraxanların yerinə yeni növcavanlar gəldilər. Yaşları gənc, geyimləri müasir, telefonları son model, texnikanın son nailiyyətlərinə bələd… amma təfəkkür 19-cü əsr. Niyə seçiliblər, hansı dərdə dərmandılar, bilinmirlər. Yəni, ambalaj, qablaşdırma yeni, məhsul köhnə. Son günlərdə aparıcılıq etdiyim siyasi debatlara dəvət etmək üçün bir neçəsi ilə telefon əlaqəsi yaratdım. Şeytanın ağlına gəlməyən üsullarla yayınmağa nail oldular. Bloka atmalar, vatsap mesajlarında görülmə işarəsinin ləğvi, hətta zəng edəndə “mən indi liftə girirəm, bir azdan xətt kəsiləcək”, “aktivimə baxım, gələn həftələr (!) ərzində yenidən əlaqə saxlayaq” tipli başdansovmalar. Adamlara deyirsən, səni debata dəvət edirəm. Qayıdır ki, mənə bu barədə hər hansı tapşırıq gəlməyib.

Adam, sən təmsil etdiyin hakim partiyanı, sayəsində ayda minlərlə manat məvacib aldığın kreslonu, düşərgəni müdafiə etmək üçün niyə kimdənsə tapşırıq almalısan ki? Çətindir müdafiə etmək, yoxsa başını cəncələ salmaq istəmirsən? Ən azından sənə göstərilən etimadın haqqını verməli deyilsənmi? İqtidarın ən qalib, ən güclü olduğu bir dönəmdə - vətən savaşından sonra – opponentlərinin qarşısına çıxa bilməyəcəksənsə, sənin o “orduda” nə işin var axı?

Dinləyirsən, rusdilli olduqlarını hiss etdirmək üçün xüsusi aksentlə danışırlar, maksimum mədəni sözlərdən, ütülü cümlələrdən istifadə edirlər, amma mahiyyət naftalin qoxur. Birisinin cümləsi isə təxminən belə idi: “Məsələyə hörmətsizlik, ya da çəkinmək müstəvisindən baxmamanızı sizdən qətiyyətlə xahiş etməklə yanaşı, deməliyəm ki, aktivimdəki işlərin çoxluğu və gərgin qrafik mənə bu sayaq verilişlərə vaxt ayırmamı mümkünsüz edir”. 6 sətirlik ütülü cümlə, amma içi bomboş, mahiyyət sıfır… Əslində isə vəziyyətin faciəvi boyutu məndən daha çox YAP rəhbərliyini, bu iqtidar komandasını narahat etməlidir. Hanı bəs bu iqtidar ordusu? Hanı onun əsgərləri? Müharibədə nə özləri, inə övladları ortada oldular. Müharibə bitdi, şəhid, döyüşçü ailələrinin yanında olmadılar. İndi də polemikalar, müzakirələr, komandanı qorumaq zamanıdır, yenə çəkiliblər küncə. Hörmətli iqtidar, siz bu deputatları niyə bəsləyirsiz? Hansı gün üçün ayda minlərlə manat, bayramda-tətildə ezamiyyət pulu, günəş vannası pulu, çaypulu, massajpulu ödəyirsiz? Heç bir cəbhədə döyüşməyən, “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” olanlara gözünüzü nə zaman ağardacaqsız? Niyə iqtidar deputatları deyəndə bir əlin barmaqlarının sayı qədər siyasətçi yada düşür? Elman Nəsirov, Aydın Hüseynov, Hikmət Babaoğlu, Aydın Mirzəzadə, Siyavuş Novruzov… Sonra…? Hardadır o şanlı ordunuzun digər əsgərləri? Yoxsa beş ilin tamamını gözləyirsiz ki, sonda onların da “adekvat olmadıqlarını” bəyan edib, özlərini buraxmalarını məsləhət görəsiz?

Olmaya onlar da direktor demiş, qaranlıq otağı işıqlandırmaq işinə baxırlar? Elədirsə, deyin, bilək. Hərəni də öz adıyla çağıraq…

Sevinc Telmanqızı / MUSAVAT.COM