Azərbaycan da öz maraqlarını təmin etmək üçün lazımi addımlar atmalıdır Azərbaycan da öz maraqlarını təmin etmək üçün lazımi addımlar atmalıdır
  • Tribuna
  • 21 Aprel 2021 16:17
  •  11 776

Oqtay Əsədov da “Zəngəzur dəhlizi”ndən danışdı: "Azərbaycan öhdəliklərinə sadiqdir"

Azərbaycan da öz maraqlarını təmin etmək üçün lazımi addımlar atmalıdır

“44 günlük Zəfər müharibəsinin nəticələrindən biri də bu gün daha geniş müzakirə olunan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir, Azərbaycanın həm də siyasi qələbəsinin göstəricisidir”.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov bildirib.

O xatırladıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb.

“Üçtərəfli bəyannamənin 9-cu maddəsi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını nəzərdə tutur. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir.

Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edəcək. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir”.

O.Əsədov deyib ki, Zəngəzur dəhlizinin açılması region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək.

“Təbii ki, Azərbaycan da öz maraqlarını təmin etmək üçün lazımi addımlar atmalıdır.

Bu məsələyə aprelin 20-də Hacıqabul rayonuna səfəri çərçivəsində Azərbayvan Televiziyasına müsahibəsində bir daha toxunan Azərbaycan Prezidenti, cənab İlham Əliyevin bildirdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Dövlətimizin başçısı qeyd etdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.

Təbii ki, cənab Prezidentin də qeyd etdiyi kimi, bizim əsas rəqibimiz zamandır, çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir: “Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Tarixi torpaqlarımıza qayıdış Azərbaycan dövlətinin strateji siyasətidir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə verdiyi bütün sözlərə əməl etməsi də bu siyasətin əsasını təşkil edir. Dövlətimizin başçısının Azərbaycan naminə, ölkəmizin ərazi bütövlüyünün təmini ilə bağlı verdiyi vədlərin reallığa çevrilməsi “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” fikrinin də gerçəkləşəcəyinə əminlik yaradır.

İnanırıq ki, xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü və bütöv Azərbaycan naminə Zəngəzur mahalına qayıdışımızla tarixi ədalətin bərpa olunacağına əminik”.