“Azərbaycan bu imtahandan kifayət qədər yüksək nəticələrlə çıxdı” - QHT rəhbəri

Azərbaycan Prezidenti bu məsələni dəfələrlə qaldırıb

“Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında yüksək səviyyəli qonaq qismində çıxış etməsi Prezident İlham Əliyevin beynəlxalq səviyyədə təşəbbüslər irəli sürməsi və beynəlxalq səviyyədə nüfuzundan irəli gəlir.

Ölkə başçısı bu çıxışında Azərbaycanın pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün atdığı addımlardan tutmuş, ölkəmizin pandemiya dövründə də beynəlxalq təşəbbüslərlə çıxış etməsi kimi bir çox vacib məqamlara diqqət çəkdi”.

AzNews.az bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

O qeyd edib ki, pandemiya dövrü böyük sınaq və dövlətlərin fövqəladə vəziyyətlərə hazırlığı baxımdan bir imtahan kimi qiymətləndirilə bilər:

“Bu dövr vəziyyətin düzgün qiymətləndirilməsini və çevik idarəetmə tələb edir. Azərbaycan isə bu imtahandan kifayət qədər yüksək nəticələrlə çıxdı.

Prezident İlham Əliyev çıxışında da qeyd etdiyi kimi, Azərbaycan COVID-ın mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edib.

Bu paket çərçivəsində ötən ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü, 5-ci və 6-cı dəfə birdəfəlik ödəmələr verilib. Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub”.

Onun sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, pandemiya ilə mübarizə tədbirləri paralel və vəhdət şəkilində aparılıb:

“Misal üçün qeyd etmək olar ki, birdəfəlik yardım mexanizmi ilə paralel 96 285 nəfər ödənişli işlə təmin edilib, 12 000 nəfər özünüməşğulluq proqramına cəlb edilib, 9 655nəfərə kiçik biznes yaradılıb, 1 014 nəfər peşə hazırlığı kursuna cəlb edilib, 1 292 nəfərə işsizlikdən sığorta təyin edilib. Həmçinin 85 min ailənin 350 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Eyni zamanda, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailə ərzaq yardımı ilə təminatı həyata keçirilib.

Həmçinin dövlət və özəl sektorda muzdla çalışan 1,7 milyon işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib”.

Onun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizədə əsas uğurlarından biri də vaksinasiya siyasətinin düzgün qurulmasıdır:

“COVID-19 əleyhinə peyvəndin hazırlanması istiqamətinə işlərə start verildiyi andan Prezident İlham Əliyevin tapşırığı və nəzarəti altında həmin vaksinlərin əldə olunası üçün çoxtərəfli danışıqlara başlanılmışdır. Bunun nəticəsi olaraq, Azərbaycan vaksinləri əldə edən ilk ölkələr sırasında olmuş və vaksinasiya prosesi də uğurla davam etməkdədir. Bu günə kimi 2 milyon 300 mindən artıq ölkə vətəndaşı vaksinasiya üçün müraciət edib.

Nümunə kimi qeyd etmək olar ki, Azərbaycan vaksin istehsal edən Rusiyadan peyvəndin 1-ci mərhələsi və ümumi peyvəndləmə statistikasına görə irəlidədir. Peyvənd istehsal edəndən öndə olmaq isə vaksinə əlçatanlığın təmin edilməsi və peyvəndləmə prosesinin yaxşı təşkil olunması üçün əsas göstəricidir.

Azərbaycanın pandemiya dövründə göstərdiyi humanitar mövqe, Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə irəli sürdüyü bərabərlik mesajları zaman keçdikcə bəlkə də dünyada yeni hərəkatın yaranması üçün bir əsas olacaq.

İlham Əliyev dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunması məsələsində yüksək həssaslıq göstərməsi ideyasını irəli sürən lider oldu.

Azərbaycan Prezidenti bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini açıq şəkildə pisləyib.

“Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik təbii ki, digər dövlətlər tərəfindən haqlı narahatlıq doğurur. Azərbaycan Prezidenti bu məsələni dəfələrlə qaldırıb.

Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında da bu mövzuya diqqəti cəlb edərək qlobal həmrəyliyin vacibliyini, ölkələr arasında vaksinlərin ədalətli bölünməsinin təmin edilməsi üçün səylərin artırlmasını “peyvənd millətçiliyinin” yolverilməzliyini diqqətə çatdırıb”.