• Tribuna
  • 22 Dekabr 2021 16:15
  •  10 267

Bizə Emin Əmrullayev kimi nazir lazımdırmı?

Problem təkcə məktəbdə deyil, həm də bizdədi

Mən kənd məktəbində oxumuşam. Kimsədən müəllim və ya məktəb üçün pul tələb edilmədiyi yerdə. Hətta ali məktəbə şagirdləri hazırlayan müəllimlər də buna görə pul ummurdu.

1991-ci ildən taleyimizi bağladığımız Bakıda yaşayıram. İki övladım orta məktəbi bitirib, biri məktəblidir. Təbi ki, hamı kimi müəllim günündə, ad günündə, 8 martda büdcəmdən vəsait ayırmışam. Hələ fond pulunu demirəm…

Problem budurmu? Kimisə bu pulu verməyə məcbur edirlərmi? Verməsən nə olacaq ki? Uzaqbaşı valideynlər səni xəsis adlandıracaq. Vəssalam!

Problem təkcə məktəbdə deyil, həm də bizdədi. Yol polisi içkili saxlayanda pulu ilk biz təklif edirik, qaydanı pozanda da. JEK-dən arayış istəyəndə şirinlik veririk. Deməli, günah həm də bizdədi.

Məktəblərə yardım oluna bilərmi? Bu sual iki gündür sosial şəbəkədən səslənir. Sinif rəhbərinin ad günü, 8 mart, müəllimlər günü, fond pulu.

Bəli, Emin Əmrullayev yalan danışmaq istəmədi. “Nəyi düz ifadə etmədi” sualı ilə Emin müəllimin çıxışını izlədim və çıxışda sosial şəbəkədə yazılanları tapa bilmədim. Əvəzində nəyi tapdım? Nazir dedi ki, “Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Valideynlərin verdiyi ödənişlər könüllü olmalı və şəffaf mexanizmlə tənzimlənməlidir”. Burda “məktəblərdə rüşvət olmalıdır” sözü varmı?

Bir məmur jurnalistləri yığıb onları nağıllarına inandırır, başqası isə səmimiyyətindən irəli gələrək yalan danışmır, buna görə də linç olunur.

Nazir şəffaf olmaq məsələsini qabardır. Bunun nəyi pisdir? Razıyam, bəlkə nazir deməliydi ki, valideyn məktəbə könüllü ianə edə bilər! Bilməz ki? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində açıq qeyd olunur ki, “Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir”.

Burda sual oluna bilər ki, icbari təhsil pulsuz olsa da? Amma söhbət təhsildən getmir. Bir çox ölkələrdə belə nümunələr var. İmkanlı vətəndaşlar məktəblərə yardım edir. Amma o yardımlar rəsmi şəkildə olmalıdır. Kiminsə cibinə yox, məktəbin büdcəsinə daxil olmalıdır.
Bəs təhsil naziri Emin Əmrullayev nəyi demək istədi? Şəffaflıq deyəndə nəyi nəzərdə tutdu? Bunu bilmək üçün videonu tam, kontekstdən çıxarmadan izləmək lazımdır.

Nazir bizə və vətəndaşa yalan danışmaq istəmədi. Təkzib də edə bilərdi. Təkzib etsəydi, indiki söyüşlər, yalan xəbərlər olacaqdımı? Əsla! Bu problemi təhsilə Emin Əmirullayev gətiribmi? Rektorluqdan nazirliyə gələn hörmətli Misir Mərdanovun dövründə belə problemlər daha çox idi. Amma o, qətiyyətlə təkzib edirdi. Hətta verilişə “Toyota” markalı avtomobildə gəlsə də, eyni markalı avtomobil almaq arzusunu dilə gətirməkdən çəkinmirdi.

Əslində, məni düşündürən sual başqadır. Bizə səmimi nazir lazımdırmı?

Emin Əmrullayev səmimi nazirdir, müasirdir, xaricdə təhsil alıb və kimin nə deməsindən asılı olmayaraq, onu təmiz məmur sayıram.

Emin Əmrullayev uğurlu kadrdır, amma məktəblərimiz onun düşüncəsindəki kimi şəffafdırmı?

Təhsil naziri fərqli davranış nümayiş etdirir. Canlı yayımlar təşkil edir, feysbukda vətəndaşları dinləyir, şikayətlərə biganə qalmır. Bunun nəyi pisdir ki?

Emin Əmrullayev kimi nazirlər çox olduqca problemlər də azalacaq. Yetər ki, biz problem yaratmayaq…

Anar Yusifoğlu