Aparılan arxeoloji qazıntıların həcmi ayrılan vəsaitlərin miqdarı ilə uyğun gəlmir Aparılan arxeoloji qazıntıların həcmi ayrılan vəsaitlərin miqdarı ilə uyğun gəlmir
  • Tribuna
  • 18 Avqust 2022 16:26
  •  12 996

Abbas Seyidovun anonim böhtanları

Aparılan arxeoloji qazıntıların həcmi ayrılan vəsaitlərin miqdarı ilə uyğun gəlmir

Son zamanlar Respublikamızda qanun pozuntularına yol verən vəzifəlilərin işdən azad edilməsi prosesi daha da canlanmışdır. AMEA-da islahatlar, bu qurumun işinin yenidən təşkil edilməsi barədə cənab Prezidentin məlum Fərmanından sonra ən çox narahatlıq keçirənlərdən biri Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidovdur. Yaxın gələcəkdə vəzifəsini itirməkdən qorxan bu adam indi bütün iyrənc üsullara əl atmaqdan çəkinmir. Bu vəzifəni tutduğu 9 ay müddətində törətdiyi saxtakarlıqları ört-basdır etmək üçün indi də sifarişli yazılar yazdırmaq yolunu tutmuşdur. Bu yazılar isə mənə qarşı yönəlmişdir. Çünki vaxtilə onu qanunsuz olaraq direktor təyin edən Ramiz Mehdiyevin istefasını tələb edənlərdən biri də mən olmuşam.

Növbəti böhtan dolu belə bir yazı isə anonim müəllif tərəfindən (hərçənd, onun kim olduğunu təxmin etmək çətin deyil) 15.08.22 tarixində moderator.az saytında yayılmışdır.

İlk növbədə müəllifə sual yaranır ki, əgər yazdıqlarına əminsənsə nəyə görə adını gizlədirsən? Hər bir cümləsində mənə böhtan atan müəllif institutun arxivində saxlanılan maliyyə sənədlərini hansı yollarla, nə məqsədlə, necə əldə edib? Bu sənədlərə yalnız direktora yazılı müraciət əsasında və yalnız hüquqi zərurət yarandığında baxmaq mümkündür. Belə bir zərurət nə zaman yaranıb? Bu sənədlər mənə məxsusdursa niyə bu işdən mənim xəbərim yoxdur?

Əlbəttə, direktor Abbas Seyidov qanuna zidd olaraq, məqsədli şəkildə sifarişli yazı üçün bu əməlləri törətmişdir. Amma baxaq görək anonim müəllif Abbas Seyidovla birgə bu yazıda nələr yazırlar.

Yazıda birinci olaraq müəllif Abbas Seyidovun guya Ramiz Mehdiyevin kadrı olmaması fikrini irəli sürülür. Belə çıxır ki, müəllif ya Aydan gəlib, ya da aldığı “qonorar”ın təsiri altına düşüb. Bütün Respublikanın bildiyi həqiqəti açıq-aşkar danmaqla məşğuldur və Abbas Seyidovun AMEA-da seçki vasitəsi ilə direktor seçildiyini yazır. Onun bu yalanı ən azından oxuculara hörmətsizlikdir. Bütün bu seçkilərin formal olduğu, yalnız Ramiz Mehdiyevin seçdiyi adamın direktor olduğu heç kimə sirr deyil. Üstəlik, Ramiz Mehdiyev vaxtilə onun istefasını tələb edən alimlərə, o cümlədən mənə hədə-qorxu dolu müraciətində Abbas Seyidovu bu işə, yəni direktorluğa “cəlb etdiyini” (seçildiyini yox) özü də yazırdı (https://polemika.az/ramiz-mehdiyev-b%C9%99yanat-yaydi-aliml%C9%99r%C9%99-aciq-savas-elan-etdi).

Yeri gəlmişkən onu da qeyd edim ki, həmin vaxtdan, yəni fevraldan indiyə qədər mənə yalnız iki nəfər böhtan atıb, eyni üsulla şantaj edib: Ramiz Mehdiyev və Abbas Seyidov. Həmin vaxtlar Ramiz Mehdiyevi müdafiə edən Abbas Seyidovun yazısından bir hissəni yenidən xatırlatmaq məcburiyyətindəyəm. O yazırdı: “Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildiyi gündən apardığı uğurlu islahatları nəticəsində elmi müəssisələrdə bir canlanma baş vermişdir. Bəzi insanlar ya bunu görmür, ya da ki, görmək istəmir.” (https://science.gov.az/az/news/open/19747).

İndi Abbas Seyidov özünü gülünc vəziyyətdə qoyaraq Ramiz Mehdiyevin kadrı olmadığını bildirir. Bəs o zaman nə səbəbə mətbuatda onu müdafiə edib onu istefaya çağıranları təhqir edirdi? Onun hələ 2006-cı ildə bizim institutumuza direktor olmaq üçün apardığı iyrənc kompaniya hələ də yaddaşlardadır. O zaman Abbas Seyidov başqalarını aldadaraq onların adından çap etdirdiyi yazılarda öz rəqibini böhtanlarla şantaj edirdi. Son anonim yazı göstərdi ki, onun belə əməlləri indi də davam edir.

Yazıda müəllifin qeyd etdiyinə görə mən Ramiz Mehdiyevi öz məqalələrimdə tərifləmişəm və vaxtilə mənim qəzetlərdə çap olunmuş iki məqaləmdən sitatlar gətirir. Bu sitatlar tam doğrudur və burada mən Ramiz Mehdiyevin Qarabağla, ermənilərlə bağlı fikirlərini qeyd etmişəm. Görəsən ermənilərə qarşı deyilmiş fikirlər niyə müəllifi narahat edir? Həmin yazılarımda mən mövzu üzrə digər akademik və müxbir üzvlərin yazılarına da istinadlar göstərmişəm. Ramiz Mehdiyevin yazdıqlarına tək mən yox, çoxsaylı müəlliflər, o cümlədən Abbas Seyidov da (2011-ci ildə çap olunmuş kitabında) müraciət etmişdir və buna görə də təbii olaraq heç kim Abbas Seyidovu qınamamışdır. Buyurun bu da fakt:

Ramiz Mehdiyevin erməniləri tənqid etməsi yox, onun səriştəsiz rəhbərliyi AMEA-nı pis vəziyyətə salmışdır. Mənim Ramiz Mehdiyevi tənqid etməyim isə sırf onun akademiyada idarəçiliyi bərbad hala salması ilə bağlı idi. Abbas Seyidovun indi institutdakı saxtakarlıqları göstərir ki, mənim bu tənqidlərim səbəbsiz deyildi.

Anonim müəllif bir az da irəli gedərək yazır ki, guya Ramiz Mehdiyev istefa verəndən sonra mən onunla görüşmüşəm. Müəllif utanmadan onda bunu sübut edəcək faktların olduğunu yazır. Hanı o faktlar? Əlbəttə, bu ağ yalandır. Üstəlik özünün yazdığının yalan olduğunu bildiyindən falabaxanlıq edib yazır ki, mən deyəcəyəm ki, yox görüşməmişəm. Əslində adını gizlədən müəllifdən bundan artığını gözləmək əbəsdir. Mən Ramiz Mehdiyevlə nə istefasından əvvəl, nə də sonra, ümumiyyətlə heç bir zaman görüşməmişəm.

İnstitutda öz ərizəmlə direktor müavini vəzifəsindən (hər gün saxta direktorun tapşırıqlarını yerinə yetirməkdən) imtina edib daha kiçik vəzifəyə, şöbə müdiri vəzifəsinə (şöbənin elmi fəaliyyətini koordinasiya etmək, amma A.Seyidov buna da imkan vermir) keçməyimin səbəbini anonim müəllif çətin ki anlaya bilsin. Bir də ki, institut Abbas Seyidovun şəxsi mülki deyil.

Müəllifin yazdığına görə mən müavin vəzifəsində işlədiyim zaman yanaşı olaraq şöbə müdiri də işləmişəm və bu vəzifənin də maaşını almışam. Amma şöbə müdiri vəzifəsində 0,5 ştatı ilə işlədiyimi yazmağı unudub. Mənim 0,5 ştatı ilə şöbə müdiri işləməyim və həmin vəzifənin əməkhaqqının 50%-ni almağım qanunidir. Əmək Məcəlləsində belə fəaliyyət öz əksini tapıb. Bundan başqa maaşıma daha 50% əlavəni almağım barədə müəllifin yazdığı böhtandır. Mən şöbə müdiri vəzifəsinə (0,5 ştatı) Rəyasət Heyətinin müvafiq qərarı və institutun direktorunun əmri əsasında təyin edilmişdim. Bəs direktor Abbas Seyidovun həm də şöbə müdiri vəzifəsinə təyin olunması barədə əmri kim imzalayıb?

Yazıda sonra Abbas Seyidov və anonim müəllif uzun-uzadı mənim illər öncə rəhbərlik etdiyim ekspedisiyalara ayrılan vəsaitləri hesablamaqla məşğul olublar. Onların yazdığından belə çıxır ki, orada göstərilən rəqəmlərlə ifadə olunan uzun müddətli ekspedisiyaların vəsaitlərini mən guya mənimsəmişəm.

Əvvəla, elə indinin özündə də Abbas Seyidovun imzaladığı sənədlər əsasında onun müavini də, elmi katibi də aylarla ekspedisiyalarda olurlar. Bu da təbiidir, çünki institutun fəaliyyətinin əsas hissəsi elmi ekspedisiyalarla bağlıdır. Buna görə də mənim ekspedisiyalarımın aylarını, günlərini, dəqiqələrini hesablayıb oxuculara guya qorxunc rəqəmlər kimi təqdim edilməsi, ekspedisiyanın təminatının, üzvlərin ezamiyyə xərclərinin və s. vəsaitlərin mənim adıma bağlanması yersizdir. Düşündüm ki, yəqin mənim AMEA-da işlədiyim 32 ildə aldığım əmək haqlarını hesablamaq Abbas Seyidovun yadından çıxıb, yoxsa daha böyük rəqəm alınardı.

Eyni zamanda, Abbas Seyidova məlum olmasa da arxeoloqlar yaxşı bilirlər ki, ekspedisiyanın rəhbəri, həmin ekspedisiyanın müavininin, tərkibdə təcrübəli arxeoloqların olmasını nəzərə alaraq ekspedisiya müddətində zərurət yarandıqda müəyyən müddətlərə əsas iş yerinə qayıda bilər. Ekspedisiyanın rəhbəri ekspedisiyaya elmi rəhbərliyi həyata keçirir. Arxeologiya elminin tarixində belə hallar dəfələrlə təkrarlanmışdır. Tikinti sahələrində təxirəsalınmaz arxeoloji tədqiqatların fasiləsiz olaraq aylarla davam etməsi də bu sahə ilə məşğul olan alimlərə çoxdan məlumdur. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft və Cənubu Qafqaz qaz kəmərlərinin dəhlizlərində arxeoloji qazıntılar bütün il ərzində davam edirdi.

Göründüyü kimi, mənim ekspedisiyalarımın sənədləri, onların Respublikamızda və xarici ölkələrdə nəşr olunmuş nəticələri əlçatandır. Bununla yanaşı, başqalarını ittiham etməyə alışmış Abbas Seyidov uzun illər institutumuzda 0,5 ştatında işlədiyi halda aldığı on minlərlə ekspedisiya vəsaitlərini ekspedisiya müddətində Antalyada və Türkiyənin digər kurortlarında xərclədiyinin hesabatlarını da elan etsəydi daha yaxşı olardı. Mənim rəhbərlik etdiyim ekspedisiyaların qazıntıları nəticəsində aşkar edilmiş on minlərlə maddi mədəniyyət nümunələri institutun Arxeoloji Fondunda saxlanılır. Həmin Fondda Abbas Seyidovun rəhbəri olduğu ekspedisiyaların işi nəticəsində aşkar edilmiş tapıntıların sayı isə cəmi bir neçə ədəddir. Kim kimi ittiham edir?

Mən bir neçə dəfə Abbas Seyidova yazılı müraciət edərək ilin əvvəlindən institutun hesabına daxil olan büdcə və büdcədənkənar vəsaitlər, bu vəsaitlərin hansı ekspedisiyalara ayrıldığı barədə məlumatları institutun elanlar lövhəsindən asmağı xahiş etmişəm. Hər bir əməkdaşın bunları bilmək haqqı var.

Amma bu günə qədər həmin informasiyaları Abbas Seyidov gizli saxlayır. Sual olunur: başqalarına böhtan atıb ittiham edən Abbas Seyidov nəyə görə özünün imzaladığı maliyyə sənədləri barədə məlumatları əməkdaşlardan gizlədir?

Digər bir məsələ, işğaldan azad olunmuş ərazilərdə aparılan arxeoloji işlər barədə məlumatların yayılmasını Abbas Seyidov qadağan etmişdir. Sual olunur, niyə ermənilər işğal müddətində bu ərazilərdə apardıqları qanunsuz arxeoloji işlər barədə dünyaya car çəkirdilər, bizim alimlər isə bu işləri gizli saxlamalıdırlar? Bu abidələr Azərbaycana məxsusdur, belə olan halda niyə bizim alimlər qazıntıların nəticələrini gizlətməlidirlər? Həmin zonada hətta hərbi obyektlər barədə geniş informasiyalar yayıldığı halda arxeoloji abidələr haqqında niyə məlumat verilmir?

Əslində bu məxfiliyin səbəbi başqadır. Belə ki, həmin ərazilərdə Abbas Seyidovun göstərişi ilə aparılan arxeoloji qazıntıların həcmi bu qazıntılar üçün ayrılan vəsaitlərin miqdarı ilə uyğun gəlmir.

O ki, qaldı mənim apardığım arxeoloji qazıntıların nəticəsində elmi yeniliklərimə, anonim müəllifə bildirmək istəyirəm ki, sənə böhtan dolu yazılar sifariş verən Abbas Seyidov həmin yenilikləri anlamadığı halda sənin başın çətin ki onları qavraya bilsin.

Abbas Seyidov və anonim müəllif böhtan dolu yazının sonunda daha da aşağı səviyyəyə enərək yazırlar ki, guya mən aşkar etdiyim qədim qızıl məmulatlarını mənimsəmişəm. Bildirmək istəyirəm ki, mənim apardığım arxeoloji qazıntılar zamanı müxtəlif illərdə aşkar edilmiş qızıldan bəzək əşyaları müvafiq qaydada təhvil verilmişdir. Onların barəsində həm mətbuatda, həm də elmi nəşrlərdə kifayət qədər məlumatlar vardır. Həmin tapıntılar hazırda Heydər Əliyev Mərkəzində və Milli Azərbaycan Tarixi Muzeyində nümayiş etdirilir.

Beləliklə, bu donos məqsədli anonim yazı Abbas Seyidovun növbəti təxribatlarından biridir. Göründüyü kimi, onun özünü qanunpərəst, ədalətli birisi kimi təqdim etmək cəhdləri heç də uğurlu alınmamışdır.

Nəcəf Müseyibli,

tarix elmləri doktoru, professor, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Etnoarxeologiya” şöbəsinin müdiri