- Tribuna
- 24 Avqust 2022 17:08
- 5 011
“Erməniləri yola gətirmək üçün Azərbaycanın kifayət qədər imkanları var”

Rasim Musabəyov belə deyib
“Sabah Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. Bundan sonra bizim gündəmimizdə Zəngəzur dəhlizinin dəqiqləşdirilməsi və açılması qalır. Düşünürəm ki, Ermənistan bu məsələdə dirənəcəyi təqdirdə yeni Laçın xətti ilə bağlı problemləri yaranacaq”.
Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.
R. Musabəyov bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı problem yaradacağı təqdirdə Azərbaycan yeni Laçın yolunda öz nəzarətini tətbiq edəcək, nə qaz, nə də elektrik xətlərinin yenidən çəkilməsinə icazə verəcək: “Belə olarsa, baxaq görək onlar hansı duruma düşəcək. Qısası, söhbət təzyiqdən getmir, zəhmət çəkib, üzərlərinə götürdükləri öhdəliklərə əməl etsinlər”.
R. Musabəyovun qənaətincə, Zəngəzur dəhlizinə paralel olaraq dəmiryolu məsələsi də öz həllini tapır: “Düşünürəm ki, bu, təkcə Azərbaycana deyil, İran və Rusiyaya da lazımdır. Eyni zamanda Ermənistanın özü üçün də vacibdir. Çünki İrəvan da maraqlıdır ki, Azərbaycan üzərindən İranla dəmiryolu əlaqəsi əldə etsin. Ancaq ermənilər avtomobil yolu məsələsində oyun oynamağa çalışırlar. Deyirlər ki, Naxçıvana getmək üçün Qazaxdan və ya Kəlbəcərdən Ermənistana daxil ol, 300 kilometr yol get və Sədərəkdən Naxçıvana gir. Amma düşünürəm ki, erməniləri yola gətirmək üçün Azərbaycanın əlində kifayət qədər imkanlar var”.
R. Musabəyov əlavə edib ki, Ermənistan bu məsələlərlə bağlı yaxşı-yaxşı düşünməlidir. Onun sözlərinə görə, ermənilərin oyunlarının heç bir əsası olmadığı kimi, nəticəsi də olmayacaq. Bu mənada Ermənistanın məntiqlə hərəkət etməsi onun özü üçün də xeyirli olar.