• Tribuna
  • 1 Aprel 2023 17:39
  •  95 966

Orta təhsili belə olmayan şəxs necə direktor müavini təyin edilib? -Azər Həsrət prokurorluğa səsləndi

Neçə gündür sosial mediada “direktor müəllimləri məktəbə buraxmadı” adı altında videolar paylaşılır. Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdir hədəfdə. Daha doğrusu, onun direktoru, mənim xanımım Almaz Həsrət. Bəzi yarımqafalılar öz ağıllarınca oyun qurub, onu, onunla bərabər məni hədəfə gətirmək üçün illərdir çalışır.

Əslində isə nə baş verib? Sıradan bir durumdur. Almaz Həsrət təsərrüfat işləri üzrə direktor müavinini işdən çıxarıb. Səbəbsə odur ki, İsmət Yusifova adlı bu şəxs rəhbərliyin tapşırıqlarını yerinə yetirmir, konkret bir iş planı təqdim etmir və üstəlik də məktəbin ümumi ovqatını pozacaq əməllərə yol verir (hətta pedaqoji şuralara da qatılmır). Yəni bir pedaqoji mühitə yaraşmayacaq davranışlar sərgiləyir. Bütün bunlarla bərabər onun tutduğu vəzifə üçün tələb edilən təhsili də yoxdur!

Elə ən dəhşətlisi də budur ki, kim və nəyin qarşılığında belə bir şəxsi bu vəzifəyə təyin edib? (Yeri gəlmişkən, e-sistemdə bir şəxsin müvafiq təhsili olmasa onu ora oturtmaq olmur. Ona görə də Əmək Müfəttişliyi bu məsələyə də aydınlıq gətirməlidir: necə olub ki, bu qadın təhsili uyğun gəlmədiyi halda bu vəzifəyə təyinatı təsdiqlənib?) Yaxud da necə olub ki, yuxarı təşkilatlar bu təyinata göz yumub? Və necə olub ki, bu şəxs ölkədə bu qədər müvafiq təhsilli insanlar varkən belə bir yüksək vəzifəyə layiq olmadığı halda təyinat ala bilib?

Düşünürəm ki, bu sualların cavabını prokurorluq orqanları axtarmalıdır. Cavablar çox dəhşətli olacaq, əminəm…

Bu İsmət Yusifovaya gəlincə, təfərrüatlara varmadan deyim ki, onun nəinki müvafiq təhsili (o vəzifəni tutması üçün ən azı orta ixtisas təhsili tələb edilir), ümumiyyətlə təhsili yox imiş! Bəli, yanlış anlamadınız, məktəb görməyib bu qadın!

Almaz xanım da bir ildən çoxdur ondan təhsili ilə bağlı sənəd – heç olmasa 8 illik məktəb bitirməsi haqqında şəhadətnamə istəyir. Amma qadın hər dəfə bir yalanla baş aldadır. Ən maraqlısı da odur ki, sonuncu dəfə 10 illik təhsili olduğunu, lakin attestatını itirdiyini deyib. Almaz xanım da deyib ki, problem deyil, dublikat al, gətir. Və aradan keçən aylar ərzində o dublikat ortaya çıxmayıb. Çıxa da bilməzdi. Çünki, dediyimiz kimi, bu qadının ümumiyyətlə heç normal ibtidai təhsili də yoxdur! Amma təsərrüfat işləri üzrə direktor müavini işləyir və əlinin altında ali təhsilli işçi belə var!

Almaz xanım da uzun çək-çevirdən sonra axır ki, onu martın 13-də işdən azad edib. Üstəlik özünü də dəvət edib ki, təhvil-təslim etsin. Özü də bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin hüzurunda edib. Lakin İsmət Yusifova nümayişkaranə şəkildə deyib ki, “bura mənim mirasımdır, heç kim məni işdən çıxara bilməz”! Beləcə təhvil-təslimdən də yayınıb. Lakin ona elan edilib ki, martın 13-dən əmrin verilib və artıq məktəbin işçisi deyilsən.

Buna baxmayaraq bu qadın hər iş günü məktəbə gəlib, zorla binaya daxil olub. Bu azmış kimi, məktəbin siqnalizasiya, işıq, istilik sistemlərinə müdaxilə edib. Hətta başqa təxribatçı əməllər də törədib. Ona olan təmkinli xəbərdarlıqlara cavab olaraq bildirib ki, əgər məni zorla çıxarsanız, intihar edəcəyəm. Buna görə də direktor Almaz xanım polisə xəbərdarlıq müraciəti edib ki, birdən bu qadın nəsə etsə, bilinsin ki, məqsədli təxribatdır.

Hal belə olunca İsmət Yusifova məktəbin təşkilatçısı, iki il əsassız yerə direktoru məhkəmələrə çəkmiş Solmaz Əhmədova (pedaqoji şuranın heç bir iclasına qatılmır) ilə birləşib ki, Almaz xanımı gözdən salsınlar. Açıq şər, açıq böhtanla!

Sosial mediada yayılan videolar da bu İsmət və Solmaz adlı cütlüyün əl işidir. Biri içəridən, digəri isə dışarıdan haray-qışqırıq salaraq çəkiliş edir. İddia da edirlər ki, “direktor müəllimi məktəbə buraxmır”. Müəllim dedikləri də bu normal ibtidai təhsili belə olmayan İsmət Yusifovadır.

Azər HƏSRƏT