“AŞPA gözləntiləri doğrultmadı” - Qərbi azərbaycanlı

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində gedən iclaslarda erməni diasporunun təsiri və təzyiqi ilə öncədən hazırlanmış ssenari əsasında Azərbaycana qarşı növbəti düşmənçiliyin, Azərbaycanofobiyanın şahidi olduq. Belə ki, AŞPA-da Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi qurumun əsl mahiyyətini nümayiş etdirməklə özünü ifşa etdi. Azərbaycanın 2001-ci ildə Avropa Şurasına (AŞ) üzv olması ölkədə böyük rezonans doğurmuşdu. Erməni vəhşiliyi nəticəsində Qərbi Azərbaycandan - doğma yurdlarından qovulmuş yüzminlərlə insanın da bu təşkilatdan gözləntiləri var idi və bu, AŞ-nin beynəlxalq ədaləti dəstəklədiyini bəyan etməsindən irəli gəlirdi.

Azərbaycan nümayəndə heyətinin qurumun iclaslarında Ermənistanın torpaqlarımızın 20 faizini işğada saxlamasını, qaçqın və məcburi köçkünlərin problemlərini, pozulmuş hüquqlarını davamlı olaraq gündəmə gətirməsinə baxmayaraq, təəssüf ki, bu təşkilat ölkəmizin gözləntilərini doğrultmadı. Bir Qərbi azərbaycanlı olaraq bildirmək istəyirəm ki, ədalət, insan hüquqları axtarışında olduğunu iddia edən qurum öz Nizamnaməsinə əməl edərək yüz minlərlə soydaşımızın hüquqlarının təmini, onların öz dogma torpaqlarına qayıdışı istiqamətində konkret addımlar atmalı idi.

AŞPA-nın məlum addımı bir daha sübut etdi ki, qurum bəyan etdiyi dəyərlərinə sadiq deyil və əslində niyyəti başqadır. AŞPA-nın bu hərəkətini ölkəmizə qarşı aparılan çirkin kampaniyanın davamı kimi qiymətləndirir, nümayəndə heyətinin bəyanatında qeyd edildiyi kimi, bunu dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda atılmış addım hesab edirəm.

Pərvanə İbrahimova,

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Qərbi Azərbaycan Amasiya rayonu, Əzizbəyov (Qaraçanta) kəndi, siyasi elmlər üzrə fəlsəfə doktoru.