Çavuşoğludan Yunanıstana xəbərdarlıq - "Ərköyün müdafiə nazirinizi susdurun"

"Sizin kiçik bir adaya çıxmağınız heç bir fayda verməyəcək".

Türkiyə Egey dənizində baş verənlərə seyrçi qalmayıb və dəniz sərhədçiləri də daxil olmaqla bütün qoşunlarla önləyici tədbirlər alıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanla bağlı fikirlərini bildirərkən səsləndirib.

"Sizin özünü ərköyün uşaq kimi aparan bir məmurunuz var. Müdafiə nazirinizə belə deyirlər. Onu susdurun. Yoxsa əlimizdən bir xəta çıxacaq" - deyə nazir qeyd edib.

"Sizin kiçik bir adaya çıxmağınız heç bir fayda verməyəcək. Biz istər Egeydə, istərsə də Aralıq dənizinin şərqində hidrokarbon ehtiyatlarının qorunması üçün əlimizdən gələni edəcəyik. Şimali Kipr Cümhuriyyətinin dəvət etdiyi bütün torpaqlarda qazıntı işlərinə başlayacağıq. Dost da, düşmən də bilsin ki, Şərqi Anadolu və Şimali Kiprdə Türkiyənin maraqlarını müdafiə etməyə qərarlıyıq. Lazım olarsa, sözügedən bölgələrdə hərbi qüvvələrin gücündən də istifadə edəcəyik" - deyə Çavuşoğlu əlavə edib.

Pərvanə Ağazadə

AzNews.az