“Star” neft emalı zavodu daha bir mükafat qazandı

Bu barədə “Star” NEZ məlumat yayıb

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonundakı “Star” neft emalı zavodu (NEZ) daha bir mükafat qazanıb.

Bu barədə “Star” NEZ məlumat yayıb.

Bildirilir ki, “Star” NEZ Ankarada keçirilən SAP Rəqəmsal Transformasiya Zirvəsində “İlin ən yaxşı layihələri” mərasimində “Enerji sektorunda ilin rəqəmsal transformasiya layihəsi” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Star” zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ ilə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan “SOCAR Terminalı” vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Cari ilin qalan dövründə zavodda 7,5-8 milyon ton neft emal olunacaq. Gələn il isə NEZ tam gücü ilə, ildə 10 milyon ton neft emal edəcək. SOCAR-ın Türkiyədə inşasını planlaşdırdığı ikinci neft-kimya zavodu istismara verilənə qədər “Star” ildə təxminən 500 milyon dollarlıq neft-kimya məhsulu ixrac edəcək. Bu da təxminən 700 min ton neft-kimya məhsulu deməkdir.

Xatırladaq ki, “Star” zavodu ilk məhsulunu “Petkim PetroKimya Holding A.Ş.”yə satıb. Zavodda ildə 1,6 milyon ton nafta istehsal olunacaq. İlkin mərhələdə “Petkim”ə 1303 ton nafta satılıb. “Petkim”in naftaya olan tələbatını bütövlükdə “Star” NEZ ödəyəcək.

Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 1300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.(AZƏRTAC)

AzNews.az