Yavuz Selim Kıran: Türkiyə fərziyyələrlə hərəkət etməyəcək Yavuz Selim Kıran: Türkiyə fərziyyələrlə hərəkət etməyəcək

S-400 qalmaqalı daha da böyüyür - Türk rəsmiləri ABŞ-a cavab verdi

Yavuz Selim Kıran: Türkiyə fərziyyələrlə hərəkət etməyəcək

“Bizə rəsmi olaraq belə şey bildirilməyib”.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər nazirinin köməkçisi Yavuz Selim Kıran Altınbaş Universitetinin rektoru Çağrı Erhan və "CNN Türk"ün rəhbəri Bora Bayraktar ilə keçirdiyi mətbuat konfransında deyib.

O, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyənin S-400 alışına qarşı qəbul edən qərar layihəsini müzakirə edib.

Y.S.Kıran Türkiyənin S-400 mövzusunda ABŞ-ın həssaslığını nəzərə aldığını deyib. O, Türkiyənin ABŞ hökumətinin S-400 mövzusunda texniki iş qrupu yaradılması təklifinə hələ cavab vermədiyini qeyd edib.

Yavuz Selim Kıran Türkiyənin F-35 proqramından çıxarılarsa, necə hərəkət edəcəyi ilə bağlı suala cavab verib.

O, Türkiyənin fərziyyələrlə hərəkət etməyəcəyini bildirib:

“Hazırda F-35-lərlə bağlı hər hansı axsama yoxdur. Pilotlarımız da ABŞ-da təlim keçməyə davam edir. Biz açığı bunu alma ilə armudu qarışdırmaq kimi görürük. Onsuz da hazırda hərbi təchizat mənasında bəzi məhdudiyyətlərimiz var və bunun məntiqlə üst-üstə düşən tərəfi yoxdur. F-35 proqramı son dərəcə əhatəli razılaşmadır. Bu razılaşma hüquqa sadiq olan hər ölkənin diqqət etməli olduğu mövzudur”.

Kıran S-400 razılaşmasının “ABŞ-ın Düşmənlərinə Sanksiya ilə Qarşı Qoyma Qanunu (CAATSA)” çərçivəsində müzakirə edilməsinə də şiddətlə qarşı olduqlarını vurğulayıb. O, S-400 razılaşmasının daha əvvəl olduğunu və sanksiya proqramına daxil edilməsinin qəbulolunmaz olduğunu bildirib.

Kıran Türk-Amerikan münasibətlərinin belə əsassız mübahisələrlə kölgələnəcək qədər zəif olmadığını deyib.

“Köklü münasibətlərimiz var. Keçmişdə bir çox sınaqdan uğurla keçdik. Bunun bir səbəbi də Türk-Amerikan ortaqlığının güclü kökdən gəlməsidir”.

Yavuz Selim Kıran Amerika mediasında yer alan “ABŞ-ın Türkiyəyə S-400-lə bağlı iyunun əvvəlinə qədər vaxt verməsi" iddiaları ilə bağlı suala cavab verib.

O, Türkiyənin S-400 barədə hələ də eyni mövqedə olduğunu bildirib. S-400 mövzusunun bitmiş razılaşma olduğunu və mütəxəssislərin artıq təlimlərə başladığını deyib.

Pərvanə Ağazadə

AzNews.az