Türkiyə Rusiyadan üç helikopter aldı

Bu texnikadan yanğınsöndürmə məqsədləri üçün istifadə olunacaq

Türkiyə Rusiyanın “Rossiyskie vertoletı” şirkətindən 3 ədəd Ka-32 helikopteri alıb.

Anadolu agentliyi xəbər verir ki, bunu jurnalistlərə şirkətin icraçı direktoru Andrey Boqinski Moskva vilayətində keçirilən ARMY-2019 forumunda bildirib.

A.Boqinski bildirib ki, şirkət Türkiyə tərəfi ilə bağlanmış kontraktın şərtlərini yerinə yetirərək qarşı tərəfə 3 ədəd Ka-32 helikopterini təhvil verib. Onun sözlərinə görə, Moskva və Ankara gələcəkdə daha bir neçə helikopter satışı üzrə razılığa gəliblər.

Türkiyəyə Ka-32 helikopterlərinin satışı üzrə kontrakt ötən il Antalya şəhərində keçirilmiş Eurasia Airshow sərgisində bağlanmışdı. Bu texnikadan yanğınsöndürmə məqsədləri üçün istifadə olunacaq.

S-400 raket komplekslərinin satışından sonra Moskva ilə Ankara arasında hərbi-texniki əməkdaşlıq daha da genişlənib. Türkiyə yaxın gələcəkdə Rusiyadan hərbi təyyarələrin də alınması üzrə danışıqlara başlayacaq.(AZƏRTAC)

AzNews.az