Qarsda Logistik Mərkəzin inşasına start verilib Qarsda Logistik Mərkəzin inşasına start verilib

"Bakı-Tbilisi-Qars sərnişin qatarının işə düşməsini hamı gözləyir"

Qarsda Logistik Mərkəzin inşasına start verilib

Azərbaycan Respublikasının Qars şəhərində baş konsulu Nuru Quliyev APA-ya müsahibə verib.

- Azərbaycanın Qarsdakı Baş Konsulluğunun xidməti ərazisinə Türkiyənin neçə vilayəti daxildir?

- Azərbaycanın Türkiyədə səfirliyi ilə bərabər, iki Baş Konsulluğu fəaliyyət göstərir. Türkiyənin 81 vilayətindən 17-si Azərbaycanın Qarsdakı Baş Konsulluğunun xidmət ərazisinə daxildir. Baş Konsulluqda istər Azərbaycan vətəndaşlarına, istərsə də Azərbaycanla bağlı müraciət edən Türkiyə və digər xarici ölkə vətəndaşlarına konsul xidməti göstərilir. Azərbaycanın xarici ölkələrdə olan bütün Baş Konsulluqları kimi biz də notarial əməliyyatlar, vətəndaşlıq vəziyyəti aktlarının müəyyənləşdirilməsi ilə bağlı nikah, doğum, ölüm, atalığın müəyyənləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi, vətəndaşlarımızın pasportlarının yenilənməsi, tələbələrimizin təhsillə əlaqədar sənədləşmə işləri, həkim, müəllim və müxtəlif peşə sahiblərinin müəyyən sənədləşmə işlərinə dair tələb olunan konsul və bir çox digər xidmətlər göstəririk. Həmçinin, vətəndaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərində iştirak edərək onlara hüquqi dəstək veririk. Müxtəlif səbəblərdən vətəndaşlarımızın pasportlarının etibarlılıq müddəti bitdiyi, pasportun itirilməsi və ya korlanması hallarında onların Azərbaycana geri dönə bilmələri üçün qayıdış şəhadətnamələri ilə təmin edirik.

- Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunmasının Qars Baş Konsulluğunun fəaliyyətinə hər hansı təsiri oldumu?

- Əvvəllər tətbiq olunan viza rejiminin ləğvi ilə əlaqədar bu il sentyabrın 1-dən bütün növ pasportlara malik olan Türkiyə vətəndaşlarına Azərbaycana vizasız səfər etmək imkanı verilib. Türkiyənin cənub-şərq bölgəsinin Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olduğunu və həmin bölgələrdən Naxçıvan Muxtar Respublikasına və oradan Azərbaycanın digər regionlarına səfər etmək istəyənlərin çoxluğunu nəzərə alsaq, viza rejiminin ləğv edilməsi Azərbaycana səfər edəcək Türkiyə vətəndaşlarının sayının artırmasına şərait yaradacaq.

Viza rejiminin ləğv olunmasının Baş Konsulluğun fəaliyyətinə təsiri məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu, Baş Konsulluğun əməkdaşlarının viza rəsmiləşdirilməsinə sərf etdikləri zamanın digər sahələrə yönləndirilməsinə daha çox imkan yaradıb. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars sərnişin qatarının işə düşməsi, həmçinin Qars Logistika Mərkəzinin fəaliyyətə başlaması Türkiyənin Şərqi Anadolu bölgəsinə səfər edəcək azərbaycanlı turistlərin və iş adamlarının axınını artıracaq, bununla da, Baş Konsulluğun iş yükünün artmasına səbəb olacaq.

- Yeri gəlmişkən, Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı tarixlə bağlı Baş Konsulluqda hər hansı məlumat varmı?

- 2017-ci ilin 29 oktyabr tarixində Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının iştirakı ilə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə yük qatarları fəaliyyətdədir. Bununla yanaşı, sərnişin qatarlarının da tezliklə işə düşməsini həm Türkiyə, həm də Azərbaycan əhalisi səbirsizliklə gözləyir. Qars vilayətində sərhəd-gömrük keçid məntəqəsi ilə bağlı bəzi texniki məsələlər həllini tapdıqdan sonra sərnişin qatarlarının fəaliyyətə başlanılması mümkün olacaq.

- Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlaması ölkələr arasında turizmin inkişafına nə kimi təsir göstərə bilər?

- Bakı-Tbilisi-Qars dəmiryolu xətti Böyük İpək Yolunun tərkib hissəsidir. Sözügedən dəmiryolu xətti Türkiyə ərazisində İstanbul şəhərinə qədər davam edir və bu istiqamətdə hazırda sərnişin daşımaları həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşıması fəaliyyətə başladıqdan sonra Bakıdan İstanbuladək sərnişin daşımalarının həyata keçirilməsi mümkün olacaq. Türkiyənin Qarsdan İstanbuladək bir çox vilayəti öz turizm sektoru ilə məşhurdur, Azərbaycan vətəndaşları da Türkiyənin turizm xidmətlərindən geniş istifadə etməkdədir. Sərnişin daşımaları fəaliyyətə başladıqdan sonra Türkiyənin turistik bölgələrindən istifadə edən sərnişinlər ucuz və rahat nəqliyyat vasitəsi kimi bu dəmiryolundan istifadə etmə imkanını əldə edəcəklər. Bu isə qarşılıqlı olaraq, Azərbaycandan Türkiyəyə və əks istiqamətdə turistik səfərlər edən vətəndaşların sayını artıracaq. Türkiyənin qərb vilayətlərindən Qarsa ciddi turist axınının olduğunu nəzərə alsaq, həmin axının Azərbaycanın turizm potensialından istifadə etməyə yönləndirmək imkanları yaranacaq. Bununla da ölkəmizdə bir çox sahənin, o cümlədən turizmin inkişafına öz müsbət təsirini göstərəcək.

- Türkiyənin Nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, Qarsda Logistik Mərkəzin inşa olunmasına başlanılıb, Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsi də nəzərdə tutulur. Bu layihə haqda sizdə hər hansı məlumat var?

- Mən ancaq onu deyə bilərəm ki, qeyd olunan layihənin həyata keçirilməsi baş tutarsa, regiona öz müsbət təsirini göstərə biləcəyini düşünürük. Bakı-Tbilisi-Qars dəmiryolu fəaliyyətə başladıqdan sonra Qarsda Logistik Mərkəzin inşasına start verilib. Qeyd olunan mərkəzin fəaliyyətə başlaması iqtisadi baxımdan Azərbaycanın bütün regionları, xüsusilə də Naxçıvan Muxtar Respublikası üçün faydalı olacaq.

- Necə düşünürsünüz, Türkiyənin daha çox hansı bölgələrində Azərbaycan mədəniyyətinə maraq göstərilir?

- Türkiyə və Azərbaycanı tarixi və mədəni bağlar birləşdirir. Qeyd olunmalıdır ki, İğdır, Qars, Ərzurum vilayətlərində demək olar Azərbaycan türkcəsində danışılır. Bu ərazilər Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi üçün əhəmiyyətli bölgələrdir. Türkiyənin digər vilayətlərindən Qarsa təyinat almış müxtəlif dərəcəli məmurlarla söhbət əsnasında, qeyd olunur ki, bizim istifadə etdiyimiz və Azərbaycan türkcəsində olan bir çox kəlmə onların ata-babalarının istifadə etdikləri danışıq dilidir. Azərbaycan dilinin şivəsi Türkiyədə vaxtilə geniş istifadə olunub və Qars, Ərzurum, İğdır bölgələrində hələ də istifadə olunmaqdadır. Milli mətbəximizə məxsus olan təamlar qeyd olunan bölgələrdə hələ də geniş istifadə olunur. Türkiyədə Azərbaycan musiqisinə də böyük rəğbət var. Xüsusilə bizim xidmət ərazimizdə yerli əhali arasında bu daha çox müşahidə olunur. Bu bölgədə istər şəhər mərkəzi olsun, istərsə də kəndlərdə təşkil olunan el şənliklərində Azərbaycan əsilli əhali tərəfindən Azərbaycan musiqisindən geniş istifadə olunur. Musiqiçilərin də əksəriyyəti çox vaxt Azərbaycandan dəvət olunur.

- Qars-İqdır bölgəsində yerli əhalinin bir zamanlar kütləvi köçünün olduğu barədə məlumatlar yayılırdı. İndi vəziyyət necədir?

- Bu bölgədə Azərbaycan əsillilər hər zaman üstünlük təşkil edib, bu gün də üstünlüklərini qoruyurlar. Amma müşahidələrimə görə, köç əvvəlki illərə nisbətən son zamanlar azalıb. Bu da Türkiyənin regionlarının iqtisadi inkişafı ilə bağlıdır. Hazırda çoxsaylı yeni iş yerinin açılması, inşaat sektorunda canlanmanın yaranması, əhalinin işlə təmin olunması ötən illərlə müqayisədə yüksələn dinamika ilə inkişaf edir ki, bu da yerli sakinlərin başqa regionlara köç etməsinin müəyyən qədər azalması ilə nəticələnib.

AzNews.az