Türkiyənin 3 rayonunda meşə yanğınları başlayıb - FOTO

Balıkəsrin Kepsut rayonunun Karagöz məhəlləsi ətrafında başlayan yanğın küləyin də təsiri ilə yayılıb

Türkiyədə yenidən meşə yanğınları başlayıb.

Aznews.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 15.00 radələrində Balıkəsrin Kepsut rayonunun Karagöz məhəlləsi ətrafında başlayan yanğın küləyin də təsiri ilə yayılıb.

Balıkəsir valiliyinin yaydığı məlumatda bildirilib ki, yanğının söndürülməsinə 6 helikopter, 5 təyyarə, 9 maşın cəlb edilib. Yanğın yaşayış məntəqələrinə təhlükə yaratmır.

Bu gün saat 15.30 radələrində Çanaqqalanın Eceabat rayonunda Anzak kəndi yaxınlığında bir yük maşınında çıxan yanğın meşəyə də sıçrayıb. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilələr davam edir. Yanğının söndürülməsinə 2 helikopter və çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Güclü külək yanğının söndürülməsinə çətinlik yaradır.

İzmirin Sarnıç rayonunda da meşədə yanğın başlayıb. Yanğının söndürülməsinə 2 təyyarə, 3 helikopter və 17 yanğınsöndürmə maşını cəlb olunub.