El-Çapo ABŞ-da mühakimə olundu

İclasın sonunda andlı münsiflər heyətinin qərarı səslənib.

Nyu-York federal məhkəməsində meksikalı narkobaron Xoakin “El-Çapo” (Cırtdan) Quzmanın “narkotrafik işi” ilə bağlı məhkəmə iclası keçirilib.

BBC-nin məlumatına görə, iclasın sonunda andlı münsiflər heyətinin qərarı səslənib.

61 yaşlı “Cırtdan” 10 fərqli maddə üzrə, o cümlədən, narkotik vasitələrin (kokain və heroin) alveri, odlu silahlara qanunsuz yolla yiyələnmə, çirkli pulların yuyulmasında təqsirli bilinib.

Qara kostyum və qalstukda olan Quzman səslənən qərara hər hansı reaksiya göstərməyib.

Müttəhimə hələ hökm oxunmasa da, ona, böyük ehtimalla, ömürlük həbs cəzasının veriləcəyi bildirilir.

Quzman 2015-ci ildə cəza çəkdiyi Meksika həbsxanasından qaçıb. Beş ay sonra, 2016-cı ilin yanvar ayında həbs olunub. 2017-ci ildə isə ABŞ-a ekstradisiya olunub.

Meksikalı narkobaron ABŞ-ın əsas narkotik vasitə təchizatçısı olmuş Sinaloa kartelinə rəhbərlik edib.

“El-Çapo” kimdir?

“El-Çapo” və ya “Cırtdan” Meksikanın şimalında Sinaloa narkokartelinə rəhbərlik edib.1957-ci ildə fermer ailəsində anadan olub. Gənc yaşlarından narkobizneslə əlaqələri olub, qanunsuz marixuana sahələrində çalışıb.

“Təcrübəni” Qvadalahara kartelinin başçısı – Xaç atası kimi tanına Migel Anhel Feliks Qalyardonun yanında keçib. Qusman həmin vaxtı kolumbiyalı narkodilerlərlə əlaqələrə cavabdeh olub.

Özü kartel başçısı olduqdan sonra ABŞ-ın aparıcı narkotik vasitə “təchizatçısına” çevrilib. 2009-cu ildə Quzmanın adı “Forbes” nəşrinin hazırladığı ən zəngin insanların siyahısına düşüb (701-ci yer, təxminən 1 milyard dollar sərvət).

O, yüzlərlə ton kokainin qaçaqmalçılıq yolu ilə ABŞ-a ixracında iştirak etməkdə, həmçinin, heroin, metamfetamin və marixuananın istehsalı və paylaşıdırılmasında əlbir olmaqda ittiham olunub.

Bundan başqa, ona xidmət edən muzdlu qatillərin, yüzlərlə qətlə, silahlı hücum, insan oğurluğu, işgəncələr həyata keçirdiyi bildirilir.

Məhkəmə araşdırmasında ən yaxın bildiyi silahdaşları, o cümlədən, keçmiş “leytenantı” onun əleyhinə ifadə verib.(oxu.az)

AzNews.az