- Qərb
- 12:41
- 2 095
ABŞ-də Trampa qarşı sui-qəsd planı: Şübhəli sifarişin İrandan gəldiyini iddia edir
ABŞ və İsrailin İrana qarşı hücumları davam edərkən, ABŞ-da baxılan bir məhkəmə işində diqqətçəkən iddia səsləndirilib.
“Washington Post” qəzetinin xəbərinə görə, Nyu-Yorkun Bruklin bölgəsindəki federal məhkəmədə terror və muzdlu qatil tutmaq ittihamı ilə mühakimə olunan Asif Merçant ifadəsində bildirib ki, ABŞ siyasətçilərini hədəf alan sui-qəsd planını hazırlamaq üçün İran İnqilab Keşikçiləri ilə əlaqəli şəxslərlə işləyib.
Özünə tapşırıqlar verildiyini iddia edib
İrandakı ailəsinin təhlükəsizliyi naminə plana qoşulmağa məcbur qaldığını deyən Merçant bildirib ki, ona verilən tapşırıqlara muzdlu qatillərin cəlb edilməsi, bəzi sənədlərin ələ keçirilməsi və etiraz aksiyalarının təşkil olunması daxil idi.
Merçant onunla əlaqə saxlayan şəxslərin hədəf kimi Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Co Bayden və ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) sabiq daimi nümayəndəsi Nikki Heylinin adlarını çəkdiklərini bildirib.
Siyasi sui-qəsdlər planlaşdırmaqda ittiham olunmuşdu
ABŞ Ədliyyə Nazirliyi 7 avqust 2024-cü ildə İranla əlaqəli olduğu iddia edilən Asif Merçantın ABŞ ərazisində siyasi sui-qəsdlər planlaşdırmaqda ittiham olunduğunu açıqlamışdı.
Federal rəsmilər Merçantın 2024-cü ilin iyununda Nyu-Yorka gedərək siyasətçilərə qarşı sui-qəsdləri həyata keçirmək üçün işə cəlb edə biləcəyini düşündüyü şəxslərlə görüşdüyünü və iki sui-qəsdçiyə 5 min dollar avans ödədiyini bildirmişdi.
Mövsüm,
AzNews.az