- Qərb
- 5 Mart 23:37
- 1 683
ABŞ-da sirrlər açıldı: Trampa sui-qəsdin arxasından İran çıxdı
ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsdin təşkilində ittiham olunan iş adamı Asif Merçant sui-qəsddə İranın təzyiqi ilə iştirak etdiyini iddia edib.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" Nyu-Yorkdakı Bruklin məhkəmə zalından məlumat yayıb.
Merçantın sözlərinə görə, o, İranla əməkdaşlığa razılaşıb, çünki iranlılar onun həyat yoldaşını və övladlığa götürdüyü qızını öldürməklə hədələyiblər.
İfadələrində Merçant bildirib ki, onunla işləyən SEPAH-ın əməkdaşı Merdad Yusif ona 2024-cü ildə ABŞ-yə getməyi və orada digər məsələlərlə yanaşı, sifarişli qətl təşkil etmək üçün cinayətkarlar tapmağı əmr edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, ona konkret hədəf deyilməyib. Mümkün hədəflər qismində ABŞ-nin ovaxtkı prezidenti Co Bayden, Donald Tramp və Respublikaçılar Partiyasının nümayəndəsi Nikki Heyli göstərilib.
Plan Merçantın Federal Təhlükəsizlik Bürosu (FTB) agentləri olduğu üzə çıxan potensial qatillərə 5 min dollar verməsi ilə iflasa uğrayıb. O, 2024-cü ilin yayında Texası tərk etməyə hazırlaşarkən həbs olunub. Onun məhkəmə prosesi keçən həftə başlayıb.