İspaniya İsraildəki səfərini geri çağırır

İsrail və ABŞ-ın İrana qarşı hücumlarına etiraz edən İspaniya müharibənin tərəfi olmadığını açıqlayıb.

İspaniyanın baş naziri Pedro Sançes son vaxtlar İsrailə qarşı tənqidlərini tez-tez səsləndirirdi. Bu çərçivədə yeni qərar qəbul olunub və Tel-Əvivdəki İspaniya səfiri Ana Salomon Peres geri çağırılıb.

İsrail hökuməti isə buna cavab olaraq İspaniyanı günahlandırıb və baş nazirin müavini ilə bəzi nazirlərin ölkəyə girişini qadağan edib.

“Qəbul edilə bilməz”

İspaniya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib:

“İspaniya hökuməti İsrailin ölkəmizə və xalqımıza qarşı antisemitizm ittihamlarını, eləcə də iki hökumət üzvünün İsrailə girişinə qoyulan qəbuledilməz qadağanı qəti şəkildə rədd edir.”

Açıqlamada qeyd olunub ki, Qəzza və İordan çayının qərb sahilindəki qeyri-insani vəziyyətə görə atılan addımlar İspaniya cəmiyyətinin böyük əksəriyyətinin mövqeyini əks etdirir və bu qərarlar ölkənin suverenliyi, həmçinin sülhün, insan hüquqlarının və beynəlxalq hüququn müdafiəsi ilə uyğun gəlir.

9 maddəlik sanksiya paketi

Pedro Sançesin açıqladığı 9 maddəlik sanksiya paketinə İsrailə silah embarqosunu hüquqi şəkildə möhkəmləndirən kral fərmanı, həmçinin Qəzzada soyqırım, insan hüquqları pozuntuları və hərbi cinayətlərdə birbaşa iştirak edən şəxslərin İspaniyaya girişinin qadağan edilməsi daxildir.

Qərarın sabah keçiriləcək Nazirlər Kabinetinin iclasında təsdiqlənərək qüvvəyə minməsi gözlənilir.

İspaniya hökuməti həmçinin İsraildən Qəzza və İordan çayının qərb sahilindəki işğala, fələstinli mülki şəxslərə qarşı zorakılığa və Qəzzadakı humanitar blokadaya son qoymağı tələb edib.

Hökumət sülhün, beynəlxalq hüququn və insan hüquqlarının müdafiəsindən geri çəkilməyəcəyini vurğulayıb.

Mövsüm,

AzNews.az