Jurnalist təhsili vacibdir, yoxsa yox? Jurnalist təhsili vacibdir, yoxsa yox?
  • Yazarlar
  • 29 Oktyabr 2018 15:20
  •  4 899

“Reket holdinqlər “ – bu bataqlığı necə qurutmaq olar?

Jurnalist təhsili vacibdir, yoxsa yox?

Jurnalist olmaq anadangəlmə istedaddır, məktəbdə öyrədilir, yoxsa həyatda?

Bəlkə, üçü də bir aradadır, amma ən vacibi hansıdır?

Başa düşmürəm həkim, müəllim, vəkil işləmək üçün diplom tələb edilirsə, niyə jurnalist işləmək üçün diplom tələb olunmur? Jurnalistika ixtisasının “J” hərfinə aidiyyəti olmayanlar gəlir jurnalist olur. Elə bundan sonra düşür əsl vur çatlasın.

Jurnalistika ilə heç bir əlaqəsi olmayan adamlar özlərinə elə “jurnalistəm” deyir ki, 4 il bu ixtisasın bakalavr, 2 il magistr təhsilini alıb, 20 il bu sahədə can qoyanlar, elə cəsarətlə “jurnalistəm” deyə bilmir. Bu, lap “oğru elə bağırdı, doğrunun bağrı yarıldı” məsəlinə dönür.

Mən “jurnalist olmaq üçün mütləq diplom olmalıdır” da demirəm. Ən azından jurnalistikaya aid seminarlar, kurslar var ki, onlardan bu sahəyə dair əsaslı bilik əldə etmək olar. Ən böyük fakültə və kurs isə praktikadır. Tanıdığımız bir çox istedadlı jurnalist və holdinq sahibi var ki, bu şəxslər sırf jurnalistika fakültəsinin məzunu deyillər. Məsəl üçün, Türkiyənin “TV8” kanalının rəhbəri Acun Ilıcalı. Acun Ilıcalının jurnalist təhsili olmasa da, dünyada tanınır, çox uğurlu projelər ortaya qoyur. Amma onun uğurunun əsasında istedad və təcrübə dayanır.

Jurnalistika prestijli sahədir. Mənim fikrim kiminsə işini, peşəsini alçaltmaq deyil. Amma hər kəsin öz bacardığı iş var. Məsəl üçün, mən hansısa ucqar kənddə yaşayıb, inək saxlaya bilmərəm. Çünki vərdişim, bacarığım yox! İnək nə zaman nə yeməldir, nə zaman süd verir, neçəyə satılmalıdır? Bilmirəm! O cümlədən iki inək, üç dana sataraq sayt açanların da özünə "jurnalist" deməməsi lazım!

Jurnalistika təhsili ona görə vacibdir ki, bəziləri nə qədər qəbul etməsə də, bu fakültə tələbələrə etika öyrədir. Bəli etika, jurnalist etikası! Jurnalist müsahiblə necə danışmalıdır, açıqlamanı necə almalıdır, necə yazmaq olar, necə olmaz, bunların hamısı fakültədə öyrədilir. Bu peşəyə bəziləri ad-san, bəziləri pul üçün gəlirlər. Düzdür, ikisi də çox təhlükəlidir, amma ikinci variant ən təhlükəlisidir. Belə şəxslər ondan-bundan borc alaraq, sayt yaradıb, başlayırlar reketliyə. İnsanları şantaj edərək, onlardan pul alırlar. Pul verilmədiyi halda isə həmin şəxslər haqqında reallıqla heç bir əlaqəsi olmayan yazılar yazıb, insanları təhqir etdirirlər.

Görmüşük, bir şəxsin bir saytı, onun da 5-6 işçisi olar. Reket jurnalistilərdə isə bu, əksinədir. 5-6 sayt və bir də özü...

Bəli, Azərbaycanda "reket holdinqlər" var, bütün "komanda"nı da cəmi bir nəfər əvəz edir. Bir yazını bu saytda yazıb, digərində təkzib edirlər. Bədbəxtlik də bundadır ki, bu saytların sayı gündən-günə artır. İnternet imkanları bu qədər geniş olmayanda, yazılı mətbuatın təsirli vaxtında da reket qəzetlər mövcud idi. Amma o zaman istənilən çap məhsulu aidiyyəti orqanlarda qeydiyyatdan keçməli idi deyə, hər yerindən duran qəzet buraxa bilmirdi. Sayt açmaq üçün isə nə çap xərcləri, nə qeydiyyat tələb olunur. O səbəbdən kimin əlinə fürsət düşür, sayt açır.

Nəticədə normal saytlar, mətbuat orqanları və onların əməkdaşları çətin vəziyyətə düşür. Jurnalist peşəsini elə bir vəziyyətə gətiriblər ki, kiməsə zəng edib, açıqlama istəyəndə qorxurlar cavab verməyə ki, birdən pul istəyərik.

Xəyallarımızdakı jurnalistika və əsl üzü

Çoxumuz bu ixtisasa gələndə türklər demiş “toz pembe” xəyallar qururduq.

Biri elə özüm!

Düşünürdüm ki, bu ixtisasda çalışmaq üçün çox bilgili olmalısan. Amma zaman-zaman gördüm ki, belə deyil. Tək jurnalistika deyil, heç bir sahədə biliyi, kübarlığı olmayanlar gəlib bizə jurnalistika dərsi keçir, “məsləhət” verirlər.

Bir müddət sonra da gördük ki, bizim düşündüyümüz jurnalistika bu deyil, bu, sadəcə bataqlıdır.

Bizim xəyallarımızdaki jurnalistlər heç vaxt maddiyatçı deyildilər, onların tək istəyi xalqı, əhalini məlumatlandırmaq idi.

Yanıldığımızı çox tez görmək, bizi bu qədər çox sevdiyimiz peşədən sadəcə soyudur.

Nigar CƏFƏR