Makron bu qaydanı da pozdu... Makron bu qaydanı da pozdu...

Məlum və naməlum Paris

Makron bu qaydanı da pozdu...

Ermənilərin fantaziyası nə zaman sərhədləri bilib, nə də ki, ədəbi fantastika və ya macəra janrının peşəkarlarının qabiliyyətindən geri qalıb.

Hətta nisbətən sakit və hər şeyə nəzarət olunan sovet vaxtlarında belə bizim başabəla qonşular böyüklük maniyası təzahür etdirməkdən yorulmurdular, ciddi şəkidə israr edirdilər ki, məsələn, Aleksandr Düma cənablarının qəhrəmanı D Artanyan milliyyətcə erməni olubdur...

Etiraf edirik ki, ermənilərin özləri üçün Fransanı nə vaxt kəşf etməsindən məlumatsızıq və deyə bilmırik ki, fransızların ermənilərə qarşı münasibətinin hansısa möhkəm tarixi özülləri var, ya yox? Bəli, Şarl Aznavur adlı müğənniləri vardı, amma ondan başqa Fransa mədəniyyətində azacıq da olsa hər hansı iz buraxmış erməninin olub, ya olmamasından tam xəbərsizik.

Üstəlik, bu, bizi çox da məşğul etmir, hətta ermənilərin fransız cəmiyyətinə inteqrasiya dərəcəsi belə bizi yalnız politoloji prizamadan və ən əsası da Fransanın Qarabağ prosesinin bir komponenti olması, Minsk Qrupunun üç həmsədrindən biri rolunu oynaması baxımından düşündürür. Əks halda Fransa – Ermənistan müstəvisindəki prosesləri belə ciddiliklə izləməzdik.

Amma Fransa Qarabağ prosesində hissolunacaq iz buraxıbdır. Hələ prezident F.Mitteran SSRİ-nin daxili sərhədlərinin məzmunu və yaxud mənası haqqında düşünməyə başlamış və israr etmişdi ki, bu sərhədlər inzibati xarakter daşıyır və sovetlərin süqutundan sonra onlara yenidən baxılmalıdır.

Daha sonra, səksəninci illərdə Sov. İKP-nın baş katibi M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri iqtisadçı – akademik A.Aqanbeqyan Dağlıq Qarabağın Ermənistana verilməsinin zəruriliyi haqqındakı bəyanatını məhz Parisdə səsləndirmişdi.

Sonrakı illərdə də belə hallar az olmamışdı, məsələn, prezident N.Sarkozi Ermənistanı Fransanın “kiçik bacısı” adlandırmışdı. Əlbəttə ki, biz azərbaycanlılar bu prosesləri diqqətlə izləyirdik və demək olmaz ki, onlara reaksiya vermirdik. Yox, reaksiyamız çox ciddi idi, məsələn, Aqanbeqyanın bəyanatından sonra Bakıda kütləvi mitinqlər başladı və tez bir zamanda Dağlıq Qarabağın müdafiəsinə yönəlik həmin mitinqlər milli azadlıq hərəkatına transformasiya olundu.

Biz tamamilə başqa məsələdə, Fransanın üç həmsədrdən biri olmasına tələsik və ciddi müqavimət göstərmədən razılıq verərkən səhv etdik, halbuki çox gözəl bilirdik ki, digər iki həmsədr də ermənipərəst siyasət yürüdür; Rusiya Qarabağ probleminin generatoru kimi, ABŞ isə özünün təcavüzkarla təcavüzə məruz qalan ölkəni bir cərgəyə qoyan indifferent siyasətilə...

Bəli, çox təəssüf, məsələni detallarına qədər araşdırmadıq, çox tələsik belə qərara gəldik ki, Yelisey sarayına da açar tapa biləcəyik...

Həmişə olduğu kimi, bir müddətdən sonra başa düşdük ki, kobud bir səhvə yol vermişik, çünki xristian fransızların ermənilərə qarşı simpatiyasını nəzərə almasaq belə, bunu erməni diasporunun Fransa siyasətinə təsirilə bağlı etmək qətiyyən mümkün deyil, çünki Yelisey sarayının sakinləri erməni icmasının elektoral və maliyyə dəstəyindən çox asılıdır.

Beləliklə, Fransa üçüncü həmsədr oldu və Dağlıq Qarabağ prosesinin həllinə hansısa ciddi töhfə vermədi, əksinə, bizi özünün ermənipərəst siyasətilə daim həyəcanlandırmağa başladı – separatist rejimin təmisilçiləri çox tez-tez Parisdə görünməyə başladılar, prezident E.Makron isə hansısa məntiqlə Ermənistanı hətta fransız dilli ölkələrin ailəsinə cəlb edərək qurumun növbəti sammitini İrəvanda keçirdi...

Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından ən müxtəlif ölkələrin yüksək çinli təmsilçiləri daim Bakı ilə İrəvan arasında diplomatik paritet saxlamağa çalışıb və adətən hər iki ölkəyə səfərlər ediblər.

Amma bu dəfə belə olmadı, Makron bu qaydanı da pozdu, iki gün İrəvanda qonaq qalsa da Bakıya səfər etməyin zəruriliyi haqqında düşünmədi. Ötən həftə isə separatist rejimin lideri B.Saakyan yenidən Parisdə göründü. Artıq buna da alışmışıq – Fransa hökuməti həmişə olduğu kimi bəyan etdi ki, səfər şəxsi xarakter daşıyır və rəsmi deyil, çünki Fransa oyuncaq “DQR” rejimini tanımayıbdır və tanımayacaq. Amma bundan biz azərbaycanlılara təskinlik olmadı, ona görə ki, belə hal birinci dəfə deyil ki, baş verir.

Bəs nə etməli? Ən müxtəlif ssenarilər təklif olunur, əsasən də tələb olunur ki, Fransanın həmsədrlik statusuna xitam verilsin.

Əlbəttə, biz daim Parisə etirazımızı bildirməli və Fransa hökumətilə intensiv şəkildə işləməliyik. Amma bir məqam var. Həmsədr statusu az da olsa, Fransanı cilovlayır, onu müəyyən çərçivədə saxlayır və tamam ermənipərəst siyasət yürütməyə imkan vermir. İndiki halda Paris ən azı həmsədr kimi müəyyən çərçivələri gözləməlidir. Tamam sərbəst olacağı təqdirdə isə, həmsədrlikdən irəli gələn tələblər olmayacağı halda Fransa özünün regional siyasətinə bir az da “erməni çalarları” əlavə edəcək...

Sözsüz, regionun mühüm iqtisadi komponenti kimi Azərbaycan da Fransa üçün tamam önəmsiz deyil. Amma iki dövlət arasındakı əlaqələrdə bizim iqtisadi potensialımız həlledici deyil–biz dəqiq ədədləri bilmirik, amma aydındır ki, Fransanın region dövlətlərilə əməkdaşlıq arxitekturasında siyasi motivlər daha çox üstünlük təşkil edir...

Hüseynbala Səlimov
AzNews.az