Məgər biz öz müxalifətçilərimizi tanımırıqmı? Məgər biz öz müxalifətçilərimizi tanımırıqmı?

Hələ olmamış mitinqə post scriptum...

Məgər biz öz müxalifətçilərimizi tanımırıqmı?

Hər şeydən əvvəl ellikcə bir xasiyyətdən – hamının əvəzinə danışmaq adətindən əl çəkməliyik.

Qoy, hamı öz adından danısın, məsələn, desin ki, mənim fikrimcə, ölkədə etiraz aksiyalarının keçirilməsinə ehtiyac var və ya ərz eləsin ki, mənim düşüncəmlə, buna qəti zərurət yoxdur...

Bilavasitə siyasət adamlarına gəldikdiə isə, onlar da uzağı mənsub olduqları təşkilatların adından danışa bilərlər – haradasa, hansısa ölkələrdə bu, yüz minlər, başqa bir ölkədə isə beş-on nəfər deməkdir...

Amma bilavasitə etirazların özünə, necə deyər, onların hüquqi fəlsəfəsinə gəldikdə, yenə də elliklə qəbul etmək lazımdır ki, bu, hər bir vətəndaşın Konstitusiyada təsbit olunmuş özəl və ayrılmaz haqqıdır - vətəndaş buna ehtiyac duyursa, buyursun, müraciət etsin və təklif olunmuş yerlərdən birini seçsin, sonra da şüarlarını və ya tələblərini bir kağız parçasına yazıb razılaşdırılmış ünvana gəlsin.

Burada da illərlə diskussiya olunan bir detal var; dünyanın heç bir yerində etirazların özlərinin keçirilməsinə etiraz etmirlər, sadəcə, təhlükəsizlik və ictimai asayiş baxımından vaxtı və ünvanı razılaşdırmalı olursan.

Əlbəttə, etirazların da motivləri elə olmalıdır ki, onlar ölkə Konstitusiyasının və beynəlxalq hüququn təməl prinsiplərilə ziddiyyət təşkil etməməli və onlara qarşı olmamalıdır. Qalan bütün hallar məqbul və icazəli sayılır, lap İnsan və Vətəndaş Haqları Bəyannaməsində əks olunan kimi: qadağan olmayan hər şey icazəlidir...

O ki qaldı qarşıdakı mitinqlə bağlı məsələyə, yalnız vətəndaş olaraq fikrimizi bildirə bilərik. Əvvəldə dedik ki, hamının əvəzindən danışmaq özü bir xəstəlkdir. Fikrimizsə budur ki, hələ havanın əlverişli olub-olmaması bir tərəfə, çətin ki, bu çağırışlar bir dəstək tapsın. Ona görə ki, bizim cəmiyyətimizdə belə bir ovqat duyulmur. Kimi bunu müsbət bir hal kimi, kimi də neqativ, hətta narahatlıq yaradan tendensiya kimi yoza bilər və bu da hər vətəndaşın haqqıdır...

Əslinə qalsa, son illərdə ictimai-siyasi etirazların fəlsəfəsi və strukturu dəyişib, sadəcə, Azərbaycanın müxalifəti bunun fərqində deyil. Məsələn, internet insanlara elə bir imkan verir ki, hər bir vətəndaş onun köməyilə bu və ya digər fikirini aktuallaşdıra, tirajlaya bilir.

Heç sözsüz ki, burada da müəyyən əyintilər, eybəcərliklər ola bilir. Amma onlar hansı sahədə olmur ki? Adi kibritlə sobanı da yandıra bilər və özünüzün qızınmanız üçün ocaq qalaya bilərsiniz, amma həmin kibrit böyük yanğın, tələfat da törədə bilər. Həmişə deyirik ki, adi mətbəx bıcağı ilə çörək də kəsmək olar, insan başı da. Yəni istənilən məsələnin həm xeyirli tərəfləri, həm də fəsadları ola bilir ki, bu da ilk növbədə biz insanlardan, bizim məqsəd və niyyətimizdən asılı olur.

Özüm sosial şəbəkələrdə olmasam da “Gəlin sosial şəbəkələri bağlayaq!” deyən insanları başa düşə bilmirəm. Məsələn, heç kim demir ki, gəlin avtomobillərdən imtina edək! Amma bilirsinizmi, hər il dünyada avtomobil qəzalarında nə qədər insan tələf olur?! Məgər sosial şəbəkələrin, internetin fəsadları bundan ağırdırmı? Əlbəttə, bir daha ərz edirik ki, eybəcərliklərsiz də keçinilmir bu sferada, onlar da olur.

Amma sizə bir misal çəkəcəm. Bəlkə də o, bir qədər uğursuz görünəcəkdir. Qərəz, sovetin süqutu dövründə ekranda uzağı aktyorların öpüşməsini görən insanların ölkəsinə pornoqrafiya yol tapdı, hətta bunu nümayiş etdirən leqal məkanlar da yarandı.

Fəqət, sonra nə oldu? Açıq-saçıqlıq, eybəcərlik və iyrənclik tez zamandaca insanları bezdirdi və pornoya maraq kəskin şəkildə aşağı düşdü, hətta demək olar ki, tamamilə yox oldu. İnternetin də fəsadlı tərəfləri belədir: bir müddət keçəcək və bu fəsadlar da özü-özünə aradan qalxacaq...

O ki qaldı aksiyaların digər tərəfinə, əlbəttə, demək ki, bütün etirazlar məhz virtual məkanlarda cəmləşməlidir, bu da düzgün olmaz. Ən azı ona görə ki, bizdən qat-qat demokatik ölkələrdə belə, küçə və ya meydan aksiyaları hələ qalmaqdadır, necə ki, mobil telefonun, internetin bizdən daha geniş yayıldığı ölkələrdə kağız mətbuat hələ də qalıbdır.

Qərəz, nə etmək olar, bizim belə xüsusiyyətimiz də var – nəyisə ya hamıdan tez qəbul edirik, ya da hamının yüz il bundan əvvəl qəbul etdiyini illərlə yaxın buraxmırıq, ona müqavimət göstərir və axırda da özümüzü gülünc vəziyyətə qoyuruq.

Odur ki, gəlin heç nəyə əvvəlcədən hamılıqla nə “hə”, nə də “yox” deməyək, çünki multikulturalizmdə polifonizm olur. İnanın, cəmi bir gündən sonra görəcəyik ki, bu mitinq söhbəti (baş tutarsa...) o qədər mənasız məsələymiş ki, ona heç bu qədər diqqət kəsilməyinə də dəyməzmiş; məgər biz öz müxalifətçilərimizi tanımırıqmı, onların “gücünə-qüdrətinə”, ən azı da bu adamların xislətinə bələd deyilikmi?

Hüseynbala Səlimov
AzNews.az