Azərbaycan müxalifətinin daxilində birincilik savaşı yenidən başlayıb. Azərbaycan müxalifətinin daxilində birincilik savaşı yenidən başlayıb.

Müxalifət daxilində birincilik savaşı

Azərbaycan müxalifətinin daxilində birincilik savaşı yenidən başlayıb.

Baxmayaraq ki, ortada nə seçki var, nə də hakimiyyətə gəlmək üçün vaxtından əvvəl hər hansı siyasi şərait.

Birinicilik davası, əsasən Əli Kərimlinin AXCP-sindən ibarət olan Milli Şura, Musavat və REAL partiyaları arasında hiss olunmaq üzrədir.

Bir müddət əvvəl qarşılıqlı qısqanc münasibətlər AXCP ilə REAL arasında açıq şəkildə büruzə verilirdi. Son vaxtlar isə Müsavatın “mən də varam” iddiası ilə ortaya düşdüyü faktdır.

İş ondadır ki, bu mənzərə mitinqlərlə bağlı fəallaşma fonunda özünü daha qabarıq göstərir. Əslində hər zaman belə olub: mitinq siyasi partiyaları təkcə vahid formada mübarizədə birləşdirməyib, eyni zamanda, görünən-görünməyən bir ixtilafın, qısqanclığın içərisinə sürükləyib.

Kərimli ilə REAL partiyasının sədri İlqar Məmmədovun 19 yanvar mitinqində birgə iştirakı, onlar arasında olan çəkişməni yenidən alovlandırmaqdan başqa heç nəyə yaramadı. Hakimiyyətin gerçəkləşdirdiyi sosial paketin içrası bu iki siyasi partiya arasında mübahisəli durum yaradaraq, onların münasibətlərinə soyuqluq gətirməyə başladı. Guya “iqtidar bu addımları müxalifətin mitinqindən sonra atmağa məcbur qaldı” kimi gülünc iddiada hər şey bir kənara qoyuldu, hər kəs öz rolunu şişirtmək yolu ilə getdi. Ona görə də növbəti mitinqlərlə bağlı verilən qərarlarda REAL iştirak etmədi və birdən-birə aksiyalar formatını gündəmindən çıxardı. Beləliklə, Kərimli ilə Məmmədov arasında olan gərginlik bir daha yaranmış oldu.

Son vaxtlar siyasi arenada passiv mövqe tutan Musavat Partiyası da özünün mövcudluğunu göstərmək üçün ayrıca mitinq qərarı verərək, meriyaya müraciətlər etməyə başlayıb. Bununla belə görünür ki, Müsavat Milli Şura ilə mitinqlər məsələsində müraciət yarışına girib.

Hamının şüarları oxşardır, toxunmaq istədiyi məsələlər eynidir, hamı öz fikirlərini kütləvi tədbirlər müstəvisində təqdim cəhdi edir. Amma maraqlıdır ki, vahid bir mübarizə təşkil edilə bilmir, çünki bu, sadəcə, etiraz məsələsi, hansısa problemi iqtidarın diqqətinə gətirmək niyyəti deyil. Bəs nədir?

Bu, təşkilatların, onların rəhbərlərinin özlərinin mövcudluğunu göstərmək üçün çəmiyyətin qarşısına çıxışından başqa bir şey deyil. Siyasi partiyalar arasında mübarizə də, qısqanclıq da burdan başlayır.

Təbii ki, iki-üç təşkilat arasında birincilik yarışı başlayanda, siyasətdəki başqa partiyaların da içində iddia baş qaldırmış olur; hamı hansısa formada hərəkətlənir.

Belə ki, Ümid partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, Ağ Partiya sədri Tural Abbaslı, KXCP sədri Mirmahmud Fəttayev, AMDP sədri İsgəndər Həmidov və digərləri Azərbaycan Xalq Hərəkatı adı altında bir araya gəliblər.

Bu aktivlik, birincilik çabalarının qaynağı təkcə “mənim həmkarım məndən qabağa çıxmasın, mən çıxım” kimi qısqanc xarakter deyil.

Azərbaycan müxalifətinin bu ilin əvvəlində gözlənilməz fəallığını, həm də onunla bağlamaq mümkündür ki, son illər Cənubi Qafqazda yaşanan siyasi proseslər fonunda hansısa qüvvələr müxalifəti yenidən gücü çatmayan işə girişməyə həvəsləndirib.

Təsadüfi deyil ki, Milli Şurada cəmləşən bəzi siyasilər öz açıqlamalarında paralellik apararaq Azərbaycanda da dəyişikliyin zamanının çatdığını iddia edirlər.

Ancaq unudulur ki, Azərbaycan daxili siyasi sabitliyinə görə Çənubi Qafqaz regionunda tamamilə fərqlənir.

Söhbət ondan gedir ki, öncə Gürcüstanda, sonra Ermənistanda cərəyan edən gərgin siyasi çəkişmələri, vətəndaş qarşıdurmasını, çevrilişləri Azərbaycanda da gerçəkləşdirmək istəkləri yeni deyil. Zaman-zaman bunun üçün müxtəlif planlar çızılsa da, hər dəfə hakimiyyət prosesdən daha da güclənərək çıxır. Bu dəfə də vəziyyət tamamilə iqtidarın xeyrinə cərəyan etməkdədir. Hakimiyyət əhalini narahat edən problemləri həll edərək, müxalifətin sosial məsələlərdən yararlanmaq imkanlarını heçə endirir.

Azərbayçanda irəlidəki dönəm ücün istər Gürçüstan, istərsə də Ermənistan ssenarisinin işlənməsi perspektivi real deyil. Azərbayçan reallığı hər iki ölkədəki durumdan (həm daxili, həm də xariçi faktorlar) tamamilə fərqlənir.

Azərbaycanda, illərdir gerşəkləşdirilən xariçi siyasətdən hər hansı bir kənarlaşma yoxdur. Xarici siyasətdəki uğurlar Azərbaycanın mövqelərini daha da gücləndirib, etibarlı tərəfdaşa çevirib.

Bu baxımdan Azərbaycandakı vəziyyəti dəyişmək, burada ciddi kataklizmlər yaratmaq mümkün deyil.

Arxada qalan prezident seçkisi necə gərgin olmayan bir atmosferdə reallaşdı, şübhəsiz, parlament seçkilərində də eyni ab-hava mövcud olacaq. Cünki Azərbayçanda müxalifət beş il, on il bundan əvvəlkindən tamamilə zəifdir. Hakimiyyət isə beş il bundan əvvəlkindən daha da güçlüdür. Deməli, xariçi təşkilatlar, Soros tipli qurumların məqsədinin ölkəmizdə həyata kecməsi ücün şərait yoxdur. Bu şərait, həm də hakimiyyətin güçünə görə yoxdur.

Müxalifət də bunu çox gözəl anlayır. İstənilən aktivlik cəhdi maddi mənbələr axtarıb tapmaq, siyasətdə maddi vəsaitlərlə plan quran, ssenarilər hazırlamaq istəyən xarici, hətta daxili qüvvələrlə bazarlıq şansı əldə etmək üçündür.

Birincilik yarışı isə, həm müxalifətdə əsas söz sahibi olmaq, həm də bu söz sahibliyi sayəsində görünməyən maddi vəsaitdən ən böyük payı qazanmaq məqsədilədir. Sadəcə bu qədər...

Elman Babayev