Hökumət heç bir ailəni naümid buraxmayıb Hökumət heç bir ailəni naümid buraxmayıb

Ünvansız yalan...

Hökumət heç bir ailəni naümid buraxmayıb

AXCP sədri Əli Kərimli “BBC Azərbaycanca”ya müsahibəsində ictimai rəyi çaşdıran bir sıra açıqlamalarla çıxış edib. Bunlardan biri də Azərbaycan hökumətinin, guya qənaət məqsədilə son iki ildə 117 min ailəyə verilən ünvanlı dövlət sosial yardımını kəsməsi ilə bağlıdır. Bu məsələni özünəməxsus şəkildə siyasiləşdirən Kərimli həmin ailələrin naümid buraxılıdığını, onlara qarşı hər hansı sosial müdafiə tədbirlərinin həyata keçirilmədiyini iddia edib.

Bu iddiaların nə qədər əsassız olduğunu görmək üçün bir sıra məqamlara toxunmaq vacibdir.

Əvvəla onu dəqiqləşdirmək lazımdır ki, ünvanlı sosial yardım hansı müddətə təyin olunur? Qanunvericiliyə edilən müvafiq dəyişikliklərə əsasən artıq sosial yardım 2 il müddətinə təyin edilir. Həmin dəyişiklikdən əvvəl isə bu müddət 1 il idi. Bu o deməkdir ki, sosial yardım hər hansı ailəyə qeyd olunan müddətə təyin olunur və həmin müddət başa çatdıqdan sonra ödəniş avtomatik dayanır. Bu dövrdə ailənin gəlirlərində hər hansı dəyişiklik baş verməyibsə, o, yenidən sosial yardım almaq üçün müraciət edə bilər. Yəni bunu əmək pensiyası və ya hansısa müddətsiz təyin olunan sosial ödəniş forması ilə qarışdırmaq olmaz. Ola bilsin Kərimli ya məlumatsızlıqdan, ya da məqsədli şəkildə sosial yardımın ömürlük təyin olunduğu barədə dolayısı ilə rəy yaradır.

Yeri gəlmişkən bildirək ki, 2018-ci ilin sonuna ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 42,7 min ailə olub ki, bu da müvafiq olaraq ötən illə müqayisədə 36,9 min ailə və ya 46% azdır. Bu azalma isə bir neçə amillə bağlıdır.

Birincisi, vurğuladığımız kimi əksər ailələrə təyin edilən sosial yardımın qanunla müəyyən olunan müddətləri başa çatıb.

İkincisi, artıq 2 ildən çoxdur ki ölkədə özünüməşğulluq proqramı icra olunur. İndiyə qədər 7 minə yaxın ailə (bir ailədə orta hesabla 3 nəfərin olduğunu götürsək bu, 21 min nəfər deməkdir) aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramı ilə əhatə olunub. Onların əksəriyyətini əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplardan olan şəxslər təşkil edib. Bu il proqrama cəlb olunanların sayının 10 minə çatdırılması nəzərdə tutulur.

Üçüncüsü, 2016-cı ildən sosial yardımın alınması mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Ünvanlı sosial yardım almaq hüququna elektron qaydada insan amili olmadan baxılır, hüququ yaranalara təyin olunur, hüququ yaranmayanlara bu təyinatdan imtina olunmaqla imtinanın səbəbi bildirilir. Bu isə sistemdə şəffaflığın yaranmasına xidmət edən mühüm addımdır. Təbii ki, şəffaflıq istiqamətində atılan bu addım müxtəlif yollarla sosial yardım əldə etmək cəhdlərinin qarşısını alıb.

Bütün qeyd olunanlarla yanaşı, ölkədə yeni iş yerlərinin yaradılması prosesinin davam etməsini, eləcə də əhalinin məşğulluğunun təmin olunması üçün görülən tədbirləri də nəzərə almaq lazımdır.

Son illər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işəgötürənlərə sosial məsuliyyətin bölüşdürülməsi ilə bağlı çağırışı ölkədə sosial məsuliyyət prinsipinin geniş vüsət almasına, məşğulluq sahəsində mövcud olan sosial tərəfdaşlıq müstəvisində dövlət-işəgötürən münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxarıb. Məsələn, 2018-ci ildə 15 dövlət və özəl şirkətlər, eləcə də yerli icra hakimiyyətləri orqanları tərəfindən abadlıq işlərinin həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinə 30 000 vakant iş yerləri təqdim olunub ki, həmin vakant iş yerləri hesabına 21 759 nəfər işçi ilə əmək müqaviləsinin müddəti uzadılıb. Bununla yanaşı, regionlarda 21 254 nəfər yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən abadlıq və təmirtikinti işlərinə cəlb edilib, əlavə olaraq 16 285 nəfər işaxtaran vətəndaşla əmək müqaviləsi bağlanılıb.

Cari ilin yanvar-iyun aylarında isə məşğulluq orqanlarının xətti ilə 53 943 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Onlardan 18 877-ni qadınlar təşkil edib. Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12 148-i gənclər olub.Məşğulluğu təmin edilən vətəndaşların 3171-ni məcburi köçkünlər, 1543-nü isə əlilliyi olan şəxslər təşkil edib.

Bundan başqa, 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək vermək məramına xidmət edən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin icrasına başlanılıb.

Bu istiqamətdə görülən digər işləri də (əlilliyi olan şəxslərin məşğulluğu üçün görülən işlər, yeni müəssisələrin və iş yerlərinin yaradılması və s.) sadalayıb siyahını genişləndirmək olar. Fakt odur ki, hökumət sosial yardımdan asılılığı azaltmaq üçün effektiv tədbirlər görür. Bu tədbirlər daha çox sosial yardım hüququna malik, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə hədəflənib.

Kərimlinin iddia etdiyi kimi, hökumət heç bir ailəni naümid buraxmayıb. Başlıca hədəf problemləri tam aradan qaldırmaq, insanların daha etibarlı və davamlı sosial müdafiə elementləri ilə əhatə etməkdir.

Xüsusi vurğulamaq yerinə düşər ki, təkcə bu ilin ötən dövründə Prezident İlham Əliyev tərəfindən həyata vəsiqə qazanan tədbirlər nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib. İlin ilk rübündə dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü sosial paket 3 milyona yaxın insanı əhatə edib.

Cənab Prezidentin növbəti sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli qərarları da geniş əhali kontingenin sosial müdafiəsini təmin edəcək. Bu sosial islahat paketi 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına (bu artım üzrə dövlətin əlavə maliyyə yükü 2 milyard manatdır) gətirib çıxaracaq.

Ümumilikdə, cari ildə həyata keçiriləb iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edəcək və bu məqsədlə dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat vəsait ayrılacaq.

Beləliklə, burada hansısa qənaətin yox, sosial müfadiə tədbirlərinə daha çox vəsaitin yönəldiyinin şahidiyik. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı atılan addımlar və görülən işlərin həcminə nəzər yetirdikdə Kərimlinin ünvanlı yardımla bağlı qeydlərinin ünvansız olduğu bir daha sübut olunur. Çünki, vətəndaşlar öz həyatlarında Kərimlinin dedikərinin tam əksini yaşayırlar...

Elman Babayev