Ermənistanın yeni baş naziri də əvvəlki erməni liderləri kimi Kremlin Qarabağ qarmağından asılı vəziyyətdədir Ermənistanın yeni baş naziri də əvvəlki erməni liderləri kimi Kremlin Qarabağ qarmağından asılı vəziyyətdədir

Paşinyan həqiqətən fərqlənmək istəyirsə...

Ermənistanın yeni baş naziri də əvvəlki erməni liderləri kimi Kremlin Qarabağ qarmağından asılı vəziyyətdədir

“Mən Ermənistanın baş naziri seçiləndə bəyan etdim ki, Qarabağ probleminin həlli üçün konfliktinin elə həll variantını tapmaq zəruridir ki, o, eyni zamanda Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqları üçün məqbul olsun. Bu bəyanat müəyyən mənada müstəsna idi, çünki o vaxta qədər heç bir Ermənistan rəhbəri deməmişdi ki, həll variantı həm də Azərbaycan xalqı üçün məqbul olmalıdır”.

Xatırladaq ki, Paşinyanın bu sözləri ötən həftə mediada çox geniş tirajlandı və demək olar ki, bütün saytlarda yayıldı. Bəs belə olan təqdirdə biz niyə onları bir daha sizin nəzər-diqqətinizə çatdırdıq?

Nə gizlədək, biz Ermənistan baş nazirinin hər bəyanatını və ya açıqlamasını izləməyə məcburuq ki, bu ölkənin Dağlıq Qarabağ problemilə bağlı niyyətlərini duya bilək.

Amma məsələ təkcə bunda da deyildir. Bu xeyli dərəcədə uzanmış münaqişənin real və ən başlıcası da məqbul həll variantlarının axtarışlarından danışanda ilk olaraq münaqişə tərəflərinin potensialını araşdırmaq lazımdır, çünki təklif olunan dinc həll variantı real zəminlərə söykənməlidir, əks təqdirdə tərəflər onu rədd edəcək və bu istiqamətdəki böyük səyləri yalnız problemin tarixini öyrənən mütəxəssislərin dar çevrəsi xatırlayacaqdır.

Ermənistan baş nazirinin mövqeyindən belə anlaşılır ki, guya o, Azərbaycan xalqının da maraqlarını nəzərə alır və öz sələflərindən fərqli olaraq heç də hesab etmir ki, əgər ermənilər müvəqqəti hərbi uğur əldə ediblərsə, Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlaya bilirlərsə, dərhal kompromissiz və öz mövqeyini diqtə edən tərəf kimi davranmalıdırlar.

Əlbəttə ki, bu, yaxşı əlamətdir, amma bir halda: əgər Dağlıq Qarabağ diplomatiyası gələcəkdə bu tezis əsasında qurularsa! Azərbaycana gəldikdə, dəfələrlə bəyan edilib ki, Bakı hazırda dünyada təsadüf olunan ən yüksək muxtariyyət statusunu Dağlıq Qarabağa verməyə hazırdır və bu xüsusda hətta konkret modelllər də təklif olunubdur.

Bir daha qeyd edək ki, baş nazir N.Paşinyan bildirir ki, guya o, Azərbyacan xalqının maraqlarını nəzərə almağa hazır olan ilk erməni lideridir. Gəl, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, yalnız iki şərtə əməl olunmasını tələb edir.

Birincisi, Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır və istisnasız olaraq Azərbaycanın Ali Qanununa – Konstitusiyaya uyğun olaraq həll edilməlidir. İkincisi, Dağlıq Qarabağın azərbaycanlı əhalisi öz doğma ocaqlarına qayıtmalı və yenidən Qarabağda məskunlaşmalıdır.

Düşünürük ki, bundan aydın və dəqiq demək çətindir: azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini və yaxud da müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan bütün “həll variantları”nın qeyd –şərtsiz rədd edilməsi...

Əgər N.Paşinyan həqiqətən də sələflərindən fərqlənmək istəyirsə, Dağlıq Qarabağ probleminin həllini bu tələblər çərçivəsində axtarmalıdır.

Demək lazımdır ki, arabir Ermənistanın əvvəlki rəhbərləri də Azərbaycanın muxtariyyatla bağlı təkliflərinə maraq göstərirdilər. Bir vaxtlar danışıqlarda iştirak etmiş bizim diplomatların sözlərinə görə, məsələn, rəsmi Bakı ilk dəfə Dağlıq Qarabağa Tatarstanın statusunu təklif edəndə hətta o vaxtki prezident L.Ter-Petrosyan buna inanmayıb və soruşubmuş ki, siz doğrudanmı Dağlıq Qarabağa belə yüksək status verməyə hazırsınız?

Amma Kremllə növbəti “məsləhətləşmə”dən sonra təəssüf ki, birinci Ermənistan prezidentinin hətta bu varianta da marağı tamam çəkildi və o, yenə də əvvəlki mahnısını oxumağa başladı: Dağlıq Qarabağa Azərbaycan Konstitusiyasının çərçivələrindən tamamilə kənarda status verilməlidir...

Səbəbini dedik. Təəssüf ki, Ermənistanın yeni baş naziri də əvvəlki erməni liderləri kimi Kremlin Qarabağ qarmağından asılı vəziyyətdədir. Di gəl, o, bir məsələni bilməlidi: nə qədər ki, Dağlıq Qarabağ danışıqları Moskvanın ssenariləri əsasında aparılacaq, ona, özünün dediyi kimi, Azərbaycan xalqının maraqlarını nəzərə almağa imkan verməyəcəklər, çünki bu halda Qarabağ problemi doğrudan-doğruya həll oluna bilər.

Demək lazımdır ki, Bakının sülh potensialı təkcə Dağlıq Qarabağa ən yüksək müxtariyyatın veriləcəyi haqdakı vədlərlə məhdudlaşmır, belə ki, Azərbaycan bütün ciddiyyətlə Qafqaz Evi modeli üzərində işləməyə hazırdır, hansını ki, hələ əsrin əvvəllərində Azərbayan iqtiqlaliyyətinin qurucu ataları təklif etmişdi.

Həqiqətən də niyə görə biz Avropa Birliyi –Qafqaz ölkələri müstəvisində axtardıqlarımızı Qafqazın özündə qurmayaq? Niyə görə birlikdə Qafqazda da “Şengen sazişi”nə bənzər bir saziş üzərində işləməyək? Axı bütün bunlar realdır və vacibdir – bunları edərək biz Qafqazı da kiçik Avropa çevirə bilərik! Bəli, elə bir Avropaya ki, orada bölgənin bütün böyük və kiçik xalqların maraqları nəzərə alınacaq...

Hüseynbala Səlimov