Paşinyan niyə riyakarlıq edir?..

Ermənilər həmişə fantaziyalarının “rəngarəngliy”ilə seçiliblər

Düşünürük ki, istənilən adama, hətta siyasətdən tamam uzaq Tanrı bəndəsinə belə hansısa məxfi sənədlər – arayışlar olmadan da aydındır ki, Ermənistanın vəziyyəti çətin durumdadır və baş nazir N.Paşinyan da təkcə bir siyasətçi və ictimai xadim kimi yox, həm də Ermənistanda uzun müddət yaşamış bir şəxs kimi bunu bilməmiş deyil, çünki yalnız əcnəbi deyil, elə yerli erməni ekspertlərinin özləri bu haqda daim danışır və yazırlar.

Amma erməni baş naziri S.Sarqsyan dövrünün məxfi sənədinin nəticələri haqqında elə təəccüblə danışır ki, sanki ilk dəfədir belə şeylər oxuyur və ya eşidir.

Biz yalnız iki fakt gətirəcəyik və bu faktlar “iki üstə gəl iki” kimi göstərir ki, Ermənistanın baş naziri növbəti dəfə riyakarlıq edir və yalan danışır.

Birincisi, “məxməri inqilab”ın hələ ilk aylarında cənab N.Paşinyan bildirdi ki, erməni əsilli amerikalı iqtisadçı D.Əcəmoğlu ilə əməkdaşlıq etmək niyyətindədir. Qeyd edək ki, Əcəmoğlu tanınmış iqtisadçıdır və dünyanın məşhur iqtisadçılarının ilk onluğuna daxildir. Gəl, Əcəmoğlu mədəni şəkildə Paşinyanın təklifini rədd etdi və bildirdi ki, o, təsəvvür edə bilmir ki, özünün “tarixi vətən”inə nə ilə kömək edə bilər.

Fəqət, bizə elə gəlir ki, əsl səbəb başqa idi. Əcəmoğlu bilir ki, Ermənistanın sosial-iqtisadi varlığı-mövcudluğu on illərdir ki, erməni siyasətçilərinin, ümumiyyətlə, bütövlükdə erməni sosiumunun xəstə şüurlarının və təxəyyüllərinin əsirinə çevrilibdir və iflic olmuş erməni iqtisadiyyatını reabilitasiya etmək üçün ilk növbədə ölkənin daxili və xarici siyasətini, xüsusən də regional durumunu dəyişmək lazımdır.

İkinci misal Amerika müstəvisindəndir. Cənubi Qafqaz ölkələrinə özünün ötən ilki səfəri zamanı ABŞ prezidentinin köməkçisi də açıq mətnlə, birmənalı şəkildə bildirmişdi ki, ölkənizi böhrandan çıxarmaq istəyirsinizsə, onun regional siyasətini dəyişin.

Amma nə D.Əcəmoğlunun işarəsi, nə də ABŞ prezidentinin kifayət qədər açıq mesajı Ermənistanın yeni baş nazirinə qəti təsir etmədi, o, bir tərəfdən Dağlıq Qarabağ siyasi klanının üzvlərini təqib edir, digər tərəfdən də onların Qarabağ məsələsində apardığı siyasəti davam etdirir.

Odur ki, sual yaranır: bu yolla Paşinyan nəyə nail olacaq? Elə bu günlərdə informasiyalar yayıldı ki, prezident D.Tramp özünün ukraynalı həmkarını ABŞ-a rəsmi səfərə dəvət edib.

Yada salaq ki, N.Paşinyan da çox belə cəhdlər etdi ki, ABŞ yüksək siyasi isteblişmentinin özünə qarşı rəğbətini təmin etsin. Amma bir şey alınmadı, okeanın o biri tərəfindəki fövqəldövlətin heç dövlət katibi belə Paşinyanı qəbul etməyə və dinləməyə razılıq vermədi.

Ermənistanın baş naziri düşünürdü ki, bəli, “məxməri inqilab” dərhal nəinki siyasi, hətta iqtisadi dividendlər gətirəcək, hərçənd, daha ayıq siyasi təhlilçilər lap əvvəldən hesab edirdilər ki, heç bir avans olmayacaq və olmadı da. Odur ki, təsadüfi deyil, artıq informasiyalar daxil olur ki, Birləşmiş Ştatlar oyuncaq Dağlıq Qarabağ rejimi üçün də nəzərdə tutulan maliyyə yardımlarını azaltmaq niyyətindədir.

Ermənistanın öz siyasətçiləri və politoloqları hərdən özləri də etiraf edirlər ki, ölkələrinin regional durumu acınacaqlı vəziyyətdədir, regionun heç bir ölkəsilə Ermənistanın normal əlaqələri yoxdur. Üstəlik, Paşinyanın Ermənistanın Rusiya ilə münasibətləri də gərgin vəziyyətdədir. Bu ilin oktyabr ayında Rusiyanın prezdenti İrəvana səfər etməlidir, amma artıq indidən Kreml şərtini bəyan edib: eks - prezident R.Koçaryan azad olunmalıdır. Böyük ehtimalla Paşinyan bu tələbi qəbul etməyəcək, çünki onun eks-prezidentlə öz hesabı var, belə ki, əgər səhv etmiriksə, Koçaryanın repressiyaları dövründə təqib olunanlardan biri də elə Paşinyanın özü olmuşdu.

Bir sözlə, Ermənistanın vəziyyəti bu durumdadır, hansısa məxfi sənədlərsiz belə aydındır ki, ölkədə təkcə institusional paraliç yaşanmır, siyasi şüurun və təfəkkürün özü iflic vəziyyətdədir.

Belə deyim var ki, siyasət mümkün olanın sənətidir. Üstəlik, real uğurlara real və praqmatik siyasətçilər nail olurlar. Paşinyanı isə belə cərgəyə aid etmək üçün ciddi əsaslar yoxdur, çünki bu adam hələ də ilanla kirpini cütləşdirməyə çalışır. Ermənilər həmişə fantaziyalarının “rəngarəngliy”ilə seçiliblər, amma siyasət fantastik triller deyil, odur ki, göylərdən yerə enmək vaxtıdır, əks təqdirdə, ermənilərin ilk inqilabı da adi restavrasiya ilə bitəcək və hər şey əvvəlki dairəsinə qayıdacaqdır...

Hüseynbala Səlimov