Biz Allahverdinin əsl məqsədini bilirik Biz Allahverdinin əsl məqsədini bilirik
  • Yazarlar
  • 9 Sentyabr 2019 21:39
  •  3 997

Allahverdi-Aslan yenə də gözünü yumub ağzını açdı…

Biz Allahverdinin əsl məqsədini bilirik

Nə yardan doyur, nə əldən qoyur. Adı keçmişdə Allahverdi, indi Aslan olan İsmayılovu deyirəm. Bu adamı durmadan qara basır. Yatır-durur, kimsə hardasa nəsə deyibsə dərhal reaksiya verir, bir ucunu da gətirib Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova bağlayır. Təbii, bu adam Əli Həsənovun miqyasında birisi deyil deyə hörmətli Əli müəllim də buna cavab verməməyi üstün tutur. Zatən o, daha vacib – dövlət əhəmiyyətli işlərlə məşğuldur, hər yoldan ötən Allahverdiyə cavab verəsi də deyil. Elə Allahverdi-Aslanı da bir yandan “həvəsləndirən”, bir yandan da özündən çıxaran budur yəqin. Adam düşünür ki, mən buna bu qədər “diqqət” ayırıram, bu isə heç reaksiya da vermir. Əsəbləşməsin, neyləsin? Zəhməti hədər gedir, özünü xalqın fədaisi kimi qələmə vermək üçün lap iri çaplı dövlət adamlarına sataşmalıdır ki, nəticə olsun. Bu dövlət adamları da buna heç reaksiya vermir…

İndi kimsə çıxıb sual edə bilər ki, bu yazını niyə yazıram? Səbəb sadədir. İş ondadır ki, bu Allahverdi-Aslan bizim kimi insanların ifadə haqqını tanımır. Sosial mediada reklam hesabına özünü sağa-sola tirajlayır, sərf eləməyən rəy yazanları da dərhal bloklayır. Ki, baxanlar bununla bağlı heç də onun ürəyincə olmayan rəyləri görə bilməsin. Bu yolla özü haqqında müsbət rəy yaradacağına inanır Allahverdi-Aslan…

İndi ki, bu adam bizim ifadə haqqımızı tanımır, məcburuq fikrimizi alternativ yollarla həm də onun diqqətinə çatdıraq.

Söhbət ondan gedir ki, adam yenə də yuxuda nəsə görüb, götürüb Prezident İlham Əliyevin və ümumiyyətlə ümummilli lider Heydər Əliyevin ən yaxın – sadiq və inanılmış kadrlarını hədəfə gətirməyə cəhd göstərib. Adam Facebook-da yazır ki, bəs, sən demə hakimiyyətin çökməsi üçün müxalifətə ehtiyac yoxmuş. Əli Həsənov, Əli Əhmədov, Siyavuş Novruzov, Hadı Rəcəbli kimi adamlar, Allahverdi-Aslanın ağlınca, danışıb hakimiyyətin sonunu gətirirmiş. Bunu kim deyir? O şəxs ki, adı daim qalmaqallarda, hətta ermənilərə dəstək verməkdə hallanır. Bu o adamdır ki, 1988-ci ildə ermənilərin Sumqayıtda törətdiyi təxribatla bağlı məhkəmədə heç bir günah sahibi olmayan Əhməd Əhmədov adlı Azərbaycanlı gəncin güllələnməsini tələb edib. İndi bu Allahverdi çıxıb iddia edəcək ki, bəs, mən ona böhtan atıram. Elə isə buyursun, o məhkəmədə oxuduğu ittihamı dərc eləsin. Edən deyil. Çünki nə sirdirsə o məhkəmənin sənədlərinin içindən yalnız bu Allahverdi-Aslanın o ittihamnamə-tələbi yoxa çıxıb…

Yeri gəlmişkən, bu adam sağda-solda rəy yaratmağa çalışır ki, bəs, Prezident İlham Əliyevə qarşı deyil. Sosial şəbəkədəki trolları hətta mənim özümə belə sübut etməyə çalışır ki, bu adam guya o qədər vətənpərvər, o qədər dövlətə sadiqdir ki, Prezidenti ətrafındakı “xainlərdən” qorumağa çalışır…

Sən gəl Prezidentin ən yaxın siyasi komandasını durmadan gözdən sal, onlara yeri gəldi-gəlmədi çamur at, o tərəfdə də özün haqqında rəy yaratmağa çalış ki, guya Prezidentin tərəfindəsən. Olurmu belə şey? Olmaz, Allahverdi-Aslan, olmaz!

Əgər doğrudan da Prezidentə, Birinci vitse-prezidentə sayğın varsa, onların cəmiyyət içində səsi olan, vətəndaşla dövlət rəhbərləri arasında sözün həqiqi anlamında körpü rolunu oynayan bu siyasi xadimlərə çamur atmayacaqsan! Atırsansa, ikiüzlüsən! Prezidentin, Birinci vitse-prezidentin siyasi komandasının ən üzdə olan üzvlərini durmadan gözdən salmağa çalışmağın başqa adı yoxdur!

İndi bu adamın ağlına güvənsək hakimiyyət komandasının özəyini Heydər Əliyev siyasi məktəbinin ən sadiq və ən təcrübəli üzvü Əli Həsənov kimi adamlar təşkil etməməliymiş. Yaşda da, başda da bu Allahverdi-Aslandan qat-qat yüksəkdə duran, Prezidentin siyasi komandasının ən üzdə olan təmsilçisi Əli Əhmədov da, sən demə, hakimiyyəti çökdürmək üçün çalışırmış. Sadə, əlçatan, siyasi komandasının danışan dili olan Siyavuş Novruzov da Prezidenti devirmək üçün gecə-gündüz çalışırmış. Yaxud da parlamentin ən fəal və ən əlçatan üzvlərindən olan, təcrübəli siyasət adamı deputat Hadı Rəcəbli də, Allahverdi-Aslanın ağlınca, hakimiyyətin əleyhdarları arasındaymış.

Belə anlaşılır ki, Allahverdi-Aslan özünü Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan ağıllı sayır və onlara dolayısıyla ağıl verməyə cəhd göstərir. Bu Aslanın 100 il sonra da yüksələ bilmədiyi zirvəyə yüksəlmiş, öz təcrübə və bilikləri ilə ondan qat-qat yüksəkdə duran dövlət rəhbərləri sanki kiminlə işləməyi müəyyən etmək üçün bunun ağlına möhtacmış!

Biz Allahverdinin əsl məqsədini bilirik. Bunun əsas məqsədi sadəcə Prezidentin ətrafını daim gözdən salmaq, özünü cəmiyyətə “haqqı deyən” kimi sırımaqdan başqa bir şey deyil. Bunun ağlına güvənilsə, gərək dövlət vəzifələrində adı keçən hörmətli şəxslər deyil, Aslan kimi sözünün dalı-qabağı bəlli olmayan fürsətcillər olmalıymış…

Bu adamın məqsədi, əslində, bu yolla Prezidentin siyasi və hakimiyyət komandasını zəiflətməkdir. Bəli, məhz davamlı şəkildə ən sadiq hakimiyyət təmsilçilərini, Azərbaycan dövlətinə sadiq jurnalistləri, ictimai xadimləri gözdən salmaq üçün sistemli iş aparması adamın Prezidentə qarşı saman altından su axıtmasının bariz sübutudur!

Amma unudur bu adam. Unudur ki, Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin heç vaxt dəyişməyən prinsipinə sonadək sadiqdir. Düzdür, Allahverdi-Aslan kimilər belə şeyləri anlamaz. Lakin yenə də xatırladaq: Prezident İlham Əliyev həm siyasi mövqeyində, həm də hakimiyyət qarşısında xidmətlərində heç vaxt təbəddülat sərgiləməyən, ən kritik məqamlarda sinəsini qabağa verməkdən çəkinməyən komanda üzvlərinin dəyərini yaxşı bilir. Hətta onlara Allahverdi-Aslan kimilər gecə-gündüz çamur atsa belə…

Azər Həsrət