Nifrətdən əl çəkə bilmirsinizsə, konkret, dəqiq, danılmaz ünvan var: Azərbaycan torpaqlarını işğal edənlər! Nifrətdən əl çəkə bilmirsinizsə, konkret, dəqiq, danılmaz ünvan var: Azərbaycan torpaqlarını işğal edənlər!
  • Yazarlar
  • 12 Sentyabr 2019 17:11
  •  6 591

Söyüşzadə Təhqir Nifrətoviç...

Nifrətdən əl çəkə bilmirsinizsə, konkret, dəqiq, danılmaz ünvan var: Azərbaycan torpaqlarını işğal edənlər!

İstənilən vətəndaşımız istənilən siyasətçini, şərhçini, məmuru, jurnalisti... tənqid edə bi­lər, onunla razışlaşmaya bilər; ona qarşı öz fikrini (alternativ mövqeyini) ortaya qoya bilər və buna görə ona irad tutula, ondan incinilə bilməz. İncinilməməlidir!

Baxın, bugünlərdə “Real TV”də bəlli “uşaq pul”u mövzusu ilə bağlı şərhinə görə Əmək­dar jurnalist MİRŞAHİN sosial şəbəkələrdə haqsız, təhqiramiz hücuma məruz qalmaqdadır. Həmin şərhdə deyilənlər bu və ya digər formada başqa KİV-lərdə, ayrı-ayrı jurnalistlər, bloq­qerlər tə­rə­findən bir neçə dəfə səs­lən­dirilib, bugün də səsləndirilir. Deyirəm, əgər bir şərh, rəy, reportaj, hər hansı janrlı münasibət və s. ciddi araşdırmaya, rəsmi sta­tisitikaya, yaxın öl­kələrin təc­rü­bəsinə, ümumən dünya parkatikasına əsaslanırsa, ölkə gerçəklikləri nəzərə alın­maqla iş­lə­nibsə, o hay-küy, lağ-lağı mövzusu ola bilməz. Olmamlıdır!

Üstəlik, sözügedən şərh təmkinli qiyaslamalarla möhkəmləndirilib, əsaslandırılıbsa, qarşı tərəfin nəinki təhqirinə, hətta, tənqidinə də əsas vermir. Verməməlidir!

Digər məsələ: aparılan kampaniya arqumentlər, faktlar qarşısında aciz qalan müxalif “ide­o­loq”ların “fətva”sı ilə, müxalif trolların icraatı ilə aparılır. Bax, məhz bu “məqam”, məz­muna qarşı məzmunsuzluq, təmkinə qarşı emosiya, statistikaya qarşı, boşboğazlıqdır və cid­diyə alına bilməz. Alınmamalıdır!

Yaxşı, Əməkdar jurnalist nə deyib? Deyib ki: “...xatırlayaq ki, bu gün “uşaq pulu” kimi tanıdılan uşaqlar üçün müavinətlərin verilməsi niyə dayandırıldı..? Bu, baş verdi 2006-ci cı il, iyun ayının 1-də. Müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqolunması, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə bağlıydı.

...İkincisi, uşaqlar üçün verilən müavinət həm də o məqsədi güdürdü ki, gənc ailələr çoxuşaqlı olmaqda maraqlılaşsınlar. Bu gün o problem də yoxdur..

...İndi isə bir az da dərinə gedək. Kim deyir ki, bizdə uşaq pulu verilmir..? İndi de­yə­cəklərimə qulaq asın: Bayaq dedik ki, uşaq pulu dediyimiz o uşaqlar üçün müavinətlər 2006-cı ildə dayandırılıb və elə həmin ildən də ölkədə ünvanlı dövlət sosial yardım sistemi tətbiq olunur.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə aztəminatlı ailələrə qanunla müəyyən olunmuş müddətə aylıq sosial yardımların ödənilməsinə başlanıldı.

Bununla da aztəminatlı ailələrdəki uşaqlar daha effektiv sosial müdafiə ilə əhatə olun­dular. Təsadüfi deyil ki, bu gün ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələlərin üzv­lərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır. Bir ailəyə düşən orta aylıq yardım məbləği isə 199,15 manat təşkil edir.

Bundan başqa, bu gün Azərbaycanda sırf uşaqların sosial müdafiəsinə yönələn 10-dan çox aylıq sosial müavinət növü var. Bunların sırasında yer alan bəzi müavinət növlərini sadalamaq yerinə düşər:

-sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara aylıq sosial müavinət;

-şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət;

-beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinət;

-müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial müavinət,

-Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş va­lideynlərin uşaqlarına aylıq sosial müavinət;

-valideyn himayəsindən məhrum olmuş uşaqlara aylıq sosial müavinət;

-aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət;

Qeyd olunanlarla yanaşı birdəfəlik müavinət də ödənilir ki, bura,

yeni doğulan uşaqlara görə;

-Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiy­ya­tın­da olan uşaqlarına (ildə bir dəfə) daxildir.

Azərbaycan dövlətinin uşaqlara yönələn sosial siyasətinin əhatəliliyini isbatlayan digər faktlar da var:

-Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır.

-Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır.

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər.

-Sığorta olunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.

Bu il Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi sosial paketin içərisində uşaqlara yönələn müavinətlərin artımı da yer alıb.

Belə ki, aprelin 1-dən:

-Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb;

-Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib;

-Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata çatdırılıb;

-Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata çatdırılıb;

-Uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata çatdırılıb;

-Ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata çat­dı­rılıb;

-Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.

Belə. Bütün bunları ona görə sadaladım ki, gəlin yaxşı sayaq. ...Küyə getməyək.

Qaragüruh ona görə qaragüruhdur ki, onun başı yox, ağzı olur.

...Qaragüruh hər yerdə qaragüruhdur. Onların ağılla qalib gəlmək imkanları olmur. Gücə, silaha əl atırlar. İdarəetmə təcrübəsi olmayan, dövləti sosial səhifə bilən bir bölük boş­boğazı beynəlxalq terror şəbəkəsinə aparıb çıxaran və ya çevirən də onların imkanları və id­diaları arasındakı tərs-mütənasiblikdir.

Əziz dost,

Dəyərli oxucu,

Mən MİRŞAHi seyid olsa da, onun istər bu mövzuda, istərsə də, başqa mövzularda de­diklərinin hamısı “Quran” ayəsidir demirəm, əl­bəttə. Əlbəttə, kimsə, onun dediklərini ar­qu­mentlə, ədalətli müqayisə ilə üstələyə bilirsə, bu­yursun; yox, əgər kiminsə belə bir qa­bi­liy­yəti, intellekti yoxsa, söyüş söymə öhdəliyi də yox­dur!

Bir daha, bir daha o mövzuya qayıdıram ki, vallah, billah, tillah, söyüş söyən söyülə-söyülə, nifrət edən nifrətzadə və nifrətzədə kimi, təhqir edən təhqir edilə-edilə kşçəcək bu dünyadan! Bu xaosdan kosmosa keçid, bu qanunauyğunluq kainatın ruhunun hökmüdür, siz, biz, onlar eləmir bunu..! Dini kitablar da, elmi qaynaqlar da, xalq gələnəyi də deyir ki, pis söz demə, deyirsənsə, yüksəkdən demə, yüksəkdən səsləndiribsənsə, tövbə elə, tövbə edirsənsə, pozma, pozur­san­sa, yenə tövbə elə... yüz dəfə tövbəni pozmuş olsan, daha bir dəfə tövbə elə, könlü olanın könlündə (könül bağçasında!) hər kəsə yer var! – Yəni, pis pisliyində qalsın deyilmir; əgər pis pisliyində qalırsa belə, yaxşı da yaxşılığında qalmalıdır. Deməli, pencərin acı suyu kimi, nə bilim, nəyin nəyi kimi... bu gərginliklər illa da keçəcək! Keçəcək! O keçid günündən sonraya kimsə rəhmətlə, kimsə, haqq etdiyi ən uyğun adla (sifətlə, təyinatla!) xa­tırlanacaq! Adım kimi əminəm! Niyə əminəm? – Təkrar edirəm, KAİNATIN RUHU var! Təkrar edirəm, din, elm, milli adət-ənənə var! Tarixi təcrübə var! Bu sözlərə güvənməyənlərə nə deyim? – Deyim ki, söyüş söyməkdə davam edin?!. Deyim ki, təhqirdə ardıcıl olun?! Qayıdım ki, nifrətdən partdayın-ölün?! Yox, yox, qətiyyən belə demirəm; əksinə, deyirəm ki, haqqa gəlin! Nifrətdən əl çəkə bilmirsinizsə, konkret, dəqiq, danılmaz ünvan var: Azərbaycan torpaqlarını işğal edənlər! Xo­calıda soyqırım törədənlər! Terroru, işğalı dəstəkləyən Ermə­nis­tan dövləti!

Ta nə deyim?!.

Əkbər QOŞALI