Azərbaycan xalqı və dövləti sayları çox olmasa da, məkrli və alçaq bir şər şəbəkəsi ilə üz-üzədir Azərbaycan xalqı və dövləti sayları çox olmasa da, məkrli və alçaq bir şər şəbəkəsi ilə üz-üzədir
  • Yazarlar
  • 22 Oktyabr 2019 17:16
  •  4 833

Şər şəbədəsi və şəbəkəsi

Azərbaycan xalqı və dövləti sayları çox olmasa da, məkrli və alçaq bir şər şəbəkəsi ilə üz-üzədir

Radikal müxalifətin saxtakar, yalançı, böhtançı, iftiraçı, şantajçı, qarayaxmaçı, söyüşçü, donosçu, şərçi olduğu bilinirdi, ancaq 9 oktyabr aksiyasından sonra bu xüsusiyyətlər özünü daha qabarıq göstərməyə başladı. Gücləri, sosial bazaları olmadığından, hökumətin göstərdiyi yerdə mitinq keçirmək istəməyənlər bu dəfə də öz zərərli vərdişlərinə sadiq qalaraq, hərbə-zorba gəlməyə, on minlərdən dəm vurmağa, hay-küy salmağa cəhd etdilər. Lakin hay-küyçülərin şəhərin mərkəzində “keçirdikləri” mitinqin ən yaddaqalan səhnəsi bir dayanacaq radikalın Səməd Vurğunun heykəli qarşısında “İstefa!” qışqırması oldu. Axşam saatlarında həmin ərazidə “Hövsana iki nəfər”, “Hövsana bir nəfər qaldı”,- deyən taksi sürücülərinin sayı daha çox olur, səsləri də daha gur çıxır.

Əhalini mitinqə cəlb edə, kütləvi etiraz təşkil edə, heç istədikləri dozada hay-küy də yarada bilməyən radikallar yenə əvvəllər olduğu kimi, şantaj, qarayaxma taktikasına keçdilər. Ancaq bu dəfə daha geniş formada, müasir informasiya texnologiyalarının imkanlarından hərtərəfli yararlanaraq. Şəkillər, videolar çəkərək, onları saxtalaşdıraraq, cürbəcür montajlar edərək, hətta başqa-başqa tarixlərdə, dünyanın müxtəlif ölkələrində baş vermis zorakı hadisələrin fotolarını 19 oktyabrın, Bakının, “28 May” metrostansiyasının ətrafının adına yazaraq, sosial şəbəkələrdə saxta, bədnam, “qırmızı” paylaşımlar etdilər.

Əvvəlcə, “28 May” metrostansiyası qarşısına, böyük dramaturq Cəfər Cabbarlının heykəlinin ətrafına böyük bir kütlə montaj etməklə həm öz xəyallarını ovundurmağa, həm də əhalini aldatmağa primitiv cəhd etdilər. Bundan bir şey çıxmadığını gördükdə keçdilər polislə bağlı saxta effektlər yaratmağa. Eyni maşınları, polis dəstələrini müxtəlif rakurslardan çəkərək göstərməyə, hökumətin asayişi təmin etmək üçün cəlb etdiyi qüvvələrin sayını şişirtməyə başladılar. Bu zaman yenə də həmin günə və əraziyə dəxli olmayan görüntülərdən həyasızcasına istifadə olundu. Polisin asayişi pozanlara, təxribat törədənlərə, qanunsuz çağırış edənlərə, şüar səsləndirənlərə qarşı gördüyü tədbirləri, qanun çərçivəsində tətbiq etdiyi hərəkətləri də “bəzəyib-düzəyərək” sosial şəbəkələrə yerləşdirməyə başladılar. Guya polis görünməmiş vəhşilik edir, mitinqçilərə divan tutur. Artıq mitinqdən üç gün keçsə də, qarayaxmaçı müxalifətin feysbukda təşkil etdiyi bu şər kampaniyası hələ də davam edir.

Əslində 19 oktyabr günü tarixə Azərbaycan polisinin qanunsuz mitinqçilərə qarşı ən yumşaq, humanist davrandığı bir gün kimi daxil olmalıdır. Çünki nə əvvəlki hakimiyyətlərin dövründə olduğu kimi başına dəyənək dəyən, başı partlayan, qanı şoralayan oldu, nə də üst-başı cırılan, köynəyi-şalvarı əynindən çıxan, huşunu itirən, təcili yardıma ehtiyacı olan. Meydana içi həkim, feldşerlə dolu təcili yardım maşınları gətirilsə də, onlardan istifadəyə ehtiyac qalmadı. Yəqin ki, içəridə oturub müxalifətçilərin feysbukda paylaşdıqları saxta şəkillərə baxaraq, heyrətdən gözlərini ovuşdurdular və pəncərələrdən bir daha ətrafa boylanaraq, paylaşımlara uyğun mənzərələr axtardılar, ancaq tapmadılar…

Məsələ burasındadır ki, oktyabrın 19-da Azərbaycan polisi hətta müxalifətçilərin daim ağızlarına çullu dovşan sığmadan tərifləyib dağ başına qaldırdıqları avropalı polislərə belə örnək olacaq davranış sərgilərdi. Biz Avropanın böyük, bizdən daha qədim demokratiyası, mitinq, küçə yürüşü ənənəsi olan ölkələrində – Almaniyada, İngiltərədə, Fransada, İtaliyada, İspaniyada etiraz aksiyalarının necə qəddarlıqla dağıdıldığını elə onların özlərinin televiziya kanallarında dəfələrlə seyr etmişik. Bir nəfərin bir neçə polis tərəfindən yerə yıxılaraq təpikləndiyini, aksiyaçıların üzərinə it qısqırdıldığını, at sürüldüyünü, soyuq su fısqırdıldığını, bibər qazı püskürdüldüyünü hər kəs görüb. Ancaq “28 May” metrostansiyası ətrafında cəhd olunan aksiya zamanı belə mənzərələr yox idi. Polislər uzaq başı adamların qolundan tutaraq, yaxud onları qucaqlarına götürərək maşınalara aparırdılar. Bəli, bunu o qədər də nəvazişlə etmirdilər, hərəkətləri bir qədər sərt idi, ancaq polisi də başa düşmək lazımdır, həmin situasiyaların özü də insanı gərginləşdirir, həyəcanlandırır və polis də insandır. Polis istər-istəməz dövlətin, qanunun gücünü, sərtliyini göstərməlidir, o bunu digər, özü də mütləq çoxluğu təşkil edən vətəndaşların təhlükəsizliyi üçün edir, əks təqdirdə radikallar, ekstremistlər, aqressiv enerjisini xərcləməyə yer axtaranlar, terrorçular ölkəni, iraq olsun, cəhənnəmə döndərərlər.

Paylaşılan fotoların birində bir polis işçisinin mitinqçinin boynundan tutub özünə tərəf çəkdiyini əks etdirən şəkil var. Özü də polisin üzündə aqressiya yox, ironik təbəssüm əks olunub. O, sanki mitinqçiyə “hə, yenə gəlmisən, gəl gedək, səni yenə qonaq aparım”,- deyir.

Amma radikallar neynirlər. Sosial şəbəkələri həmin fotolarla dolduraraq, polis işçisinin ünvanını, telefon nömrəsini paylaşır, hədə-qorxu, hərbə-zorba gəlir, qisas almağa çağırış edirlər.

Bu, açıq-aşkar terrora, vətəndaş qarşıdurmasına təhrik deyilimi? Polis dövlət məmurudur, asayiş keçikçisidir, o əmr yerinə yetirir, dövlətin əmrini. Bu gün ayrı-ayrı polis nəfərlərinə qarşı çağırışlar edənlər, sabah hakimiyyətə gəlsələr, polisin xidmətindən istifadə etməyəcəklərmi? Əgər polisin əməlində hər hansı qanunsuzluq varsa, bununla bağlı məhkəməyə müraciət etmək, yaxud elə Daxili İşlər Nazirliyinə şikayət etmək olar. Ancaq polisdən qisas almağa çağırışlar edilməsi cinayətdir. Yəqin ki, hüquq-mühafizə orqanları bu cür çağırışlar edənlərin tapılıb, müvafiq şəkildə, qanunlara uyğun cəzalandırılması ilə məşğul olmalıdırlar. Yoxsa bu, təəssüflər olsun ki, müxalifət tərəfindən əsası qoyulan çox pis tendensiyadır.

Sosial şəbəkə qəhrəmanlarının ən çox hallandırdıqları məsələlərdən, paylaşdıqları şəkil və videolardan biri də polisin Əli Kərimliyə qarşı sərgilədiyi davranışdır. Onlar bu fraqmenti az qala XXİ əsrin faciəsi kimi təqdim edirlər. Ancaq radikallar bilməlidir ki, Əli Kərimli onlar üçün böyük, cəlbedici, lider, əziz, sevimli insan ola bilər. Başqaları üçün o adi bir insan, radikal müxalifətçidir. Polis üçün isə sadəcə mütinq iştirakçısı, asayiş pozucusudur. Polis hətta onu tanımaya da bilər və buna borclu da deyil. Əli Kərimlinin başını aşağı əyərək aparılmasından faciə düzəltmək, onu fetişləşdirmək, ilahiləşdirmək lazım deyil. Ona qarşı digər mitinqçilərdən nə artıq, nə də əskik davranılıb. Əli Kərimli özü də bu məsələni çox şişirtməməlidir. O, kişi xeylağıdır, əgər səhhəti, gücü zəifdirsə, gərək icazəsiz mitinqə çıxmasın. O, güc tətbiq olunacağını bilirdi, polis qabaqcadan xəbərdarlıq etmişdi, bəlkə də, Əli Kərimliyə şəxsi xəbərdarlıq da edilmişdi. Ümumiyyətlə isə, əgər Əli Kərimli özünü lider, siyasətçi, ictimai xadim hesab edirsə, gərək ultra-radikallar, solçu-anarxistlər, neofaşitlər kimi hərəkət etməsin. Daha sivil, ağrısız, mədəni mübarizə üsullarından istifadə etsin.

Bir neçə kəlmə də Əli Kərimliyə “işgəncə” verilməsi haqda. Əli Kərimlinin açıqlamasını, yəqin ki, siyasətlə az-çox maraqlanan hamı dinlədi. Başdan ayağa ziddiyyət, paradoks, yalan. Sevinc Osmanqızına müsahibəsində deyir ki, məni iki dəfə avtobusda döydülər, sonra Xətai rayon polisinə apardılar. Orada da kafelli bir otaqda döydülər. O qədər qan axdı ki, təmizləmək üçün adam çağırdılar. Huşumu itirdim və başıma su tökdülər… “Avtobusda nə qədər su vardı tökdülər başıma…” İstər-istəməz sual yaranır: o qədər qan Əli Kərimlinin bədəninin hansı hissəsindən axıb. Alnındakı kiçik cızıqdanmı? Mümkün deyil. Alındakı, başdakı çızığa, hətta çapığa bir cib dəsmalı qoymaqla qanı dayandırmaq mümkündür. Digər tərəfdən, polis şöbəsində döyülüdüyünü deyir, amma suyu başına avtobusda tökürlər… Çox təəccüblüdür… “Azadlıq” radiosuna açıqlamasında isə Xətai rayon polisində ümumiyyətlə ona qarşı mədəni davranıldığını söylədi.

Əli Kərimlinin yalançılığı onun “işgəncə” səhnələrini təsvir etməsində də aydın görünür. Bu adam ancaq,“işgəncə verirdilər, döyürdülər, çevirdilər, bu tərəfimə vurdular, daxili orqanlarıma vurdular, saat yarım işgəncə verdilər”,- kimi ümumi ifadələrdən istifadə edir. Konkret heç nə yoxdur. “Daxili orqanlarıma vururdular” nə deməkdir? Adamın qarnına, böyrünə, qabırğasına vurarlar, yeri qalar, fəsadı olar. Özü də yumruqla, təpiklə, nə bilim dirsəklə. Amma bunda nə yeri qalıb, nə də fəsadı var. İfadələri də ümumi, qurama. İşgəncənin konkret komponentləri olmalıdır, işgəncə verilən adam onları bitdə-bitdə xatırlayır və ömür boyu unutmur.

Radikalların paylaşımları arasında bu ilin may ayında Brüsseldə keçirilmiş və polisin amanszılıqla dağıtdığı aksiyadan çəkilmiş foto da var və onlar bu şəkli oktabrın 19-da Bakıda çəkilmiş kimi təqdim edirlər. Bunların bütün işləri belədir: onlar qurama ilə, yalanla, saxtakarlıq nümunələri ilə diqqət cəlb etməyə, öz əzabkeş obrazlarını yaratamağa çalışırlar...

Azərbaycan xalqı və dövləti sayları çox olmasa da, məkrli və alçaq bir şər şəbəkəsi ilə üz-üzədir. Onlar hansısa xarici qüvvələrə arxalanaraq siyasi hakimiyyəti devirmək üçün ən çirkin üsullardan istifadə edirlər. Sayları az olsa da, öz şər əməllərini sosial şəbəkələrdə üfürüb-şişirə bilirlər. Xalqımız gərək onlara uymasın, öz dövlətinin, sabitliyinin, əmin-amanlığının, güzəranının yanında olsun. Problemlərin həlli qətiyyən şərçilərin göstərdikləri yerlərdə deyil və onların üsulları ilə həll olunmaz.

Nadir Qocabəyli