Məhərrəm ayını necə qeyd etməli?

Xəstəliyin yayılmasına səbəb olmaq, eləcə də buna zəmin yaratmaq haram və günahdır

Qarşıdan Məhərrəm ayı gəlir və builki Məhərrəm ayı əvvəlki illərdən fərqli bir dövrə təsadüf edir. Bütün dünyada hələ də sürətlə yayılmaqda davam edən koronavirus təhlükəsi şəraitində bu aya məxsus dini ayinlərin icrası ilə bağlı məsələlərə xüsusi diqqətlə yanaşmaq olduqca zərurudur.

5 aydan artıqdır ki, ölkəmizdə virusla mübarizə tədbirləri aparılır. Bu tədbirlərin səmərəli nəticələrlə müşahidə olunmasında inanclı insanların da rolu az deyil. Söhbət ondan gedir ki, belə bir mürəkkəb zamanda din xadimləri, inanclı insanlarımız dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirdiyi tədbirlərə dəstəyini ifadə edib və etməkdədirlər. Xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq, məscid və ziyarətgahlarda ibadətlər müvəqqəti dayandırılıb və qaydalara birmənalı əməl olunmaqdadır. Bu dövrdə hamılıqla müqəddəs Ramazan ayını səbr və mövcud şərtlərə uyğun başa vurmuşuq, Qurban bayramını qeyd etmişik.

İndi Məhərrəm ayının da eyni qaydada keçirilməsi olduqca önəmlidir. Nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı, həmçinin açıq məkanlarda kütləvi şəkildə toplaşmağı virusun yayılmasına təkan verən ən əsas məqamdır. Məhz belə kütləvi tədbirlərin keçirilməsi xəstəliyin yayılma sürətini artıra və ikinci dalğaya səbəb ola bilər. Bu, birmənalı olaraq isbat olunmuş haldır. Ona görə də virusun yayılmasının qarşısının alınması üçün lazım olan bütün qabaqlayıcı tədbirlərə əməl edilməli, kütləvi tədbirlərə meyl olunmamalıdır.

Məlumdur ki, Məhərrəm ayının özünəməxsus dini mərasim və ayinləri var. Bu səbəbdən həmin tədbirlərin xüsusi şəraitdə qeyd olunması vacibdir. Qeyd etdiyimiz kimi artıq bu sahədə təcrübəmiz də var. Məhərrəmlik mərasimlərinin Ramazan ayının mərasimlərinə uyğun şəkildə həyata keçirilməsi daha məqsədəuyğundur. Yəni,
- namazların fərdi qaydada evdə qılınması,
- müvafiq ayinlərin virtual məkanda izlənməsi,
- bu ayda İslam alimlərinin və din xadimlərinin tövsiyələrinə əməl edilməsi,
- mövcud karantin qaydalarına uyğun davranmaq

olduqca vacibdir.

Məsələyə dini aspektdən yanaşdıqda da bütün sadalananların nə dərəcədə önəmli olduğunu görərik. Tanınmış İslam alimlərinin rəyinə əsasən, sanitariya qaydalarına əməl etməmək, xəstəliyin yayılmasına səbəb olmaq, eləcə də buna zəmin yaratmaq haram və günahdır. Bununla bağlı din xadimlərinin müvafiq fətvası da mövcuddur. Xəstəliyin yayıldığı dövrdə hansısa dini ayinlərin təşkili cinayət kimi qəbul olunur. İslam alimləri və din xadimləri dini mərasimlərin və ayinlərin keçirilməsi zamanı səhiyyə qurumlarının göstərişlərinə əməl edilməsini əsas meyar kimi qəbul etməyi vacib hesab edirlər.

Mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, Məhərrəmlik ayında da bütün məhdudlaşdırıcı tədbirlərə əməl etməyin ən doğru yol olduğunu dərk etməliyik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan və s.) keçirilməməsi daha düzgündür.

Onu da anlamalıyıq ki, bütün bu tövsiyə və qadağalar hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır. Xəstəlik aradan qalxdıqdan sonra hamı həmişə olduğu kimi, kütləvi halda ibadət və dini mərasimlər keçirməkdə sərbəst olacaq.

Elman Babayev