Şəhid İlqar Zeynallının xatirəsinə Şəhid İlqar Zeynallının xatirəsinə
  • Yazarlar
  • 19 Avqust 2020 11:15
  •  23 947

Güllələr demədi...

Şəhid İlqar Zeynallının xatirəsinə

Yunan mifologiyasında Afina-Pallada sülhün, Ares hərbin simvoludur. Amma yunan mifoloji düşüncəsində mənə ən maraqlı gələn ad-simvol həmişə Harmoniya olub. Harmoniya - müharibə tanrısı Areslə, gözəllik ilahəsi Afroditanın övladlarından biridir.

Tələbəlik illərimdə böyük həvəs və maraqla öyrənməyə çalışdığım, günlərlə içində eşələnməkdən ləzzət aldığım mifoloji mətnlərin içindəki bu məqamla rastlaşanda, o vaxtlar tam dərinliyi ilə olmasa da, əsas cizgiləri ilə mənə aydın olmuşdu ki, tarazlıq, harmoniya, özündə təkcə estetik, pozitiv çaları yox, həm də bir-birini itələyən iki qütbdən neqativ olanı - savaşı da bəsləyir.

Yunanlardan söz düşmüşkən, antik filosof Fales deyirdi ki, hər şeyin başlanğıcı sudur. Yaradılışın əsas elementini od hesab edən Heraklit isə deyirdi ki, hər şeyin atası müharibədir. Lakin Heraklit məşhur frazalarından birində onu da deyirdi ki, bir çaya iki dəfə girmək olmaz. Bəşəriyyət isə təkcə XX əsrdə bir "çay"a iki dəfə girməklə qalmadı, həm də çayın rənginə qırmızıya boyadı, içini cəsədlərlə doldurdu. Falesin suyu, Heraklitin odunu söndürə bilmədi. Çünki söhbət müharibədən gedəndə, bütün çaylar bir cür axır - Don kimi sakit, Kür kimi dəli olsalar da.

Dünyanı əyləncəli oyunlardan, işıqlı xəyallardan ibarət gördüyüm məktəb illərində eyni meydançalarda top qovduğum, sinif yoldaşım sarışın, göygöz tovuzlu balası Daşqın Zeynallının sosial şəbəkələrdəki paylaşımlarında əmisi oğlu İlqarın şəhid olduğunu oxuyanda çox qarışıq hisslər keçirdim. Demək, dünyada bizdən yan keçdiyini, uzaq olduğunu düşündüyümüz heç nə yoxdur; hər şey hansısa mənada bir-biriylə bağlıdır, hamımız yaxından və ya uzaqdan bir-birimizə bağlanmışıq. Amansız, ədalətsiz mərmilər sənə dəyməyə bilər, amma mütləq hardasa, hansısa mənada həyatının bir məqamında rastlaşdığın, tanıdığın, ömür yolunuzun kəsişdiyi kiməsə dəyir, yaralayır, can alır...

Şair Musa Yaqub bir şeirində yazır:

Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın.

Vətən uğrunda ölümə inananlar, şairin dediyi kimi, ölümü də vətənə xidmət sayırlar.

Mən İlqarı tanımırdım, buna görə də Daşqından rica etdiyim ki, hazırladığım bir neçə sualı onun yaxınlarına, dostlarına ünvanlasın, beləliklə, bu mərd, igid oğlanla bağlı xatirə qırıqlarından gənc ömrü kimi natamam, yarımçıq da olsa bir portret yarada bilək.

Onu sevənlərin danışdığı xatirələrdən aydın olur ki, gizir İlqar Zeynallı hədsiz yardımsevər, yanımcıl insan olub, elə xarakterindəki, fitrətindəki bu keyfiyyətlərə görə də "Qorumaq" sözünün iki cəbhəsində - həm hərbçi, həm həkim kimi - vuruşmağı seçib. Deyirlər ki, mülki həyatda belə çətin, kritik, böhranın vəziyyətləri soyuqqanlı şəkildə həll etmək bacarığı varmış, el dilində desək, irəli durmağı, məsuliyyəti öz üzərinə götürməyi sevirmiş.

Onunla bağlı xatirələrdə bir məqam da təkrarlanır: İlqar üçün ailə - vətən, vətən isə ailə idi, ona görə də ən ümdə arzusu torpaqlarımızın işğaldan azad olunmasıydı, bu yolda özünü oda-közə vurur, öz imkanlarını sonuna qədər səfərbər etməyə çalışırdı.

Tarixdən məlumdur ki, zəkanın, istedadın əsas göstəricilərindən biri yumor hissidir. Dostları deyir ki, İlqarın gözəl yumor hissi vardı, çox zarafatcıl, həyatsevər idi, ətrafına işıq saçırdı.

Altruist idi, yəni başqalarının xeyrinə şəxsi mənafeyindən keçə bilirdi.

Empati qura bilirdi, yəni ancaq özünü düşünmürdü, başqaları üçün narahat olurdu.

Ailəcanlı idi, yəni evlənmək, oğul-uşaq sahibi olmaq istəyirdi.

Aprel döyüşlərində də iştirak etmiş, fərqlənmişdi; həmin döyüşlərdə şəhid olan dostlarının qanını yerdə qoymamağa and içmişdi.

Başqaların qiymətləndirdiyi keyfiyyətlərin başında cəsarət, qorxmazlıq gəlirdi.

Şikayət edən, deyingən, donquldanan adamları sevmirdi, düşünürdü ki, bizim boynumuza bu vətən üçün, bu torpaq üçün ikiqat əziyyət çəkmək düşüb, çiynimizi heç bir yükün altından qaçırmamalıyıq, tər tökməli, canla-başla çalışmalıyıq, torpaq vətən kimi qalsın, eləcə ərazi olmasın.

Ona dünyadan vaxtsız - 35 yaşında köçən əmisinin adını qoymuşdular. İlqar əmisindən də cavan köçdü bu dünyadan - 25 yaşında. Türk şairi Camal Sürəyyanın dediyi kimi, əslində, bütün ölümlər vaxtsızdır, erkəndir.

İlqarın fotolarına baxanda, son yazışmalarını oxuyanda, yaxınlarının, dostlarının ürək sözlərini dinləyəndə, yadıma İsa İsmayılzadənin 1971-ci ildə, İkinci Dünya müharibəsinin itkiləriylə bağlı yazdığı, mənə görə bu mövzuda dünyanın ən yaxşı şeirlərindən biri olan "Güllələr demədi..." şeiri düşdü. Gəlin İlqarın timsalında bütün şəhidlərimizi həmin şeirlə yad edək.

Allah onlara rəhmət etsin.

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə -
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
"Hələ uşaqsınız... nə yaşınız var..."

Bir gün xəbər gəldi: dava başlanıb...
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular...

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
"Gəlməyin, qayıdın... geri qayıdın...
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə".
Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, "məclislər" qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq -

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
"Deyəsən, gedənlər qayıtmayacaq" -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var...

Qismət