Deputat siyasəti ayıb bilirmiş

Hələ də qanayan yara kimi bir tərəfdə duran, bizə əziyyət verən dərdlərimiz var

Elin avropalısı, amerikalısı Marsa adam göndərməyin yolunu düşünür, yeni kəşflər, ixtiralarla dünyanın başını döndürür, biz kişilərin sürücülük imtahanına şortiklə gedib-gedə bilməyəcəyini müzakirə edirik. Əslində bu müzakirə şükürlüdür. Çünki bizdə adına Azərbaycan Milli Elmlər Akademiyası deyilən qurumun rəsmi saytında siyasi dedi-qodular yer alır. Kimsə çaşıb ölkəmizdə hansı elmi ixtiraların edildiyini, elm sahəsində hansı yeniliklərin olduğunu öyrənmək üçün məlum sayta girsə, orda nifrət-hədədən başqa bir şey görməyəcək. Təxminən “Açdırmayın ağzımı haaa” tipli məqalələr bəzəyir möhtərəm saytı. Hə, indi də şortiki müzakirə edirik. Bütün dərdlərimiz bitib, hamısını həll edib dünyanın gözünü tökmüşük. Ermənilər parlamenti Şuşaya köçürür, boş veririk. Bu gün sabah sosial şəbəkəyə girmək üçün şəxsiyyət vəsiqəsi bilgilərimizi istəyəcəklər, vecimizə deyil.

Pandemiyanın ikinci dalğası qapıda, iqtisadiyyat çöküşdə, bizə nə? Bizi qoyasız eləcə lağlağı edək, deyək, gülək, əylənək. Sanki srağagünə qədər Tofiq Yaqublunun ölüm aclığına görə ürəyimizi yeyən cəmiyyət biz deyilik. Birdən-birə, 24 saata bütün gündəmi hurrey əhvalına ancaq bizlər döndərə bilirik.

Amma çoxları unutmuş olsaq da, xatırladım ki, hələ də qanayan yara kimi bir tərəfdə duran, bizə əziyyət verən dərdlərimiz var.

Erməni bircə gün, gün nədir 1 saat belə boş dayanmır. “9 may 2022-ci ildə şəhərimizin azad edilməsinin otuzuncu ildönümü münasibətilə Artsax Respublikası Milli Məclisi Stepanakertdən Şuşaya köçürüləcək”. Qondarma "Artsax Respublikası"nın qondarma prezidenti Arayik Arutyunyan belə bir bəyanatla çıxış edib. Bədnam Arayik Arutyunyan deyib ki, onun bir neçə həftə əvvəl irəli sürdüyü bu təklif digər siyasi təşkilatlar tərəfindən də dəstəklənir. Media xəbər verir ki, Arayik Arutyunyanın Şuşaya işgüzar səfəri zamanı bir vaxtlar məhkəmə orqanları üçün nəzərdə tutulmuş tikintisi yarımçıq qalmış binanın Parlamentə verilməsi imkanı müzakirə olunub. Şuşada yallı getdilər, dinmədik. Əllərinə silah alıb, qadınlı-kişili səngərdə meymunluq elədilər, izləməklə kifayətləndik. İndi parlament deyirlər, hazırlaşırıq deyirlər, biz yenə baxmaqla kifayətlənirik. Çünki dediyim kimi, biz daha ciddi məsələlərlə məşğuluq.

O gün elə bizim parlamentdə də böyük bir tozanaq qopdu. Yazının əvvəlində dediyim sosial şəbəkələrə girişin pasportla olması barədə təklif deputat Jalə Əhmədova əvəzinə adaşı Jalə Əliyevanın adından yayıldı. Təkzib təkzib dalınca, zəng zəng dalınca... Ay aman, nə edib mətbuat? Vay Allah, bu jurnalistlər niyə belə qeyri-peşəkar imiş...nalələri bir müddət parlamentin binasından göylərə bülənd oldu. Hə, çox narazı qaldız, Jalə xanımlar? Bəlkə bu yanlışlığın geniş yayılmasında mətbuatdan çox sizin rolunuz var? Danışmazsız, tanınmazsız, bir əməlli iş görməzsiz, axırda da durub-durub durnanı gözündən vurarsız. Yəni, cəmiyyət, eləcə də mətbuat üçün elə bir fərqi də yoxdur ki, bu təklifi hansı Jalə verib, niyə verib. Birincisi, bu gün dediklərinizdən daha bərbadını aylar öncə demisiz, etmisiz. İkincisi, cəmiyyət sizin əksəriyyətinizə eyni gözlə baxır. Haqsız da sayılmazlar. Gözəl xanımlar, siz niyə sosial şəbəkədə barənizdəki tənqidi səsləri boğmaq üçün senzura yolları axtarmaq əvəzinə, özünüzü dəyişdirmək istəmirsiz? Bəlkə yüz minlərlə insanın barənizdə tənqid yazmaması sizin əlinizdədir? Onların əlini bağlamaqdansa öz beyninizi daha çox işlədin, daha çox çalışın, faydalı olun... Olmaz?

Bax, məsələn, o unikal təklifi verən Jalə xanım bu gün də gül vurub, müsahibə verərək deyib ki, deputat olsam da, siyasi məsələlərdən uzaqda dayanıram. İzahatı isə lap unikaldır: “Dövlətin siyasəti ilə məşğul olacaq Prezident var. Onun siyasi xətti var və biz də onu dəstəkləyirik. Sırf işim məni seçən əhali ilə işləməkdir. İşim camaatımın dərdi, problemi, hansısa bir məsələyə dəstək olmaqdan ibarətdir. Özümü bu istiqamətə yönəltmişəm, çalışıram işimi, fəaliyyətimi əhali ilə qurum. Mən hələ özümü, o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm. Çünki bu yolda hələ təzəyəm. Biz hələ indi-indi addımlamağa başlayırıq. Ümid edirəm, yəqin ki, bu 5 il ərzində mən də siyasi mövqeyimi tam peşəkar səviyyədə ortaya qoya biləcəyəm”.

Bax, bu, rəsmən cəmiyyəti təhqir etməkdir. Adam deputat “seçilib” və deyir ki, mən siyasi məsələlərdən uzaq dayanmaq istəyirəm. Vinq Çun döyüş sənətindən gəlib düşüb parlamentə, təsəvvür edirsiz? Döyüş sənəti hara, parlament hara? Deyir, hələ təzəyəm də, 5 ilə siyasəti də öyrənəcəm. Üstəlik, siyasətlə də məşğul olmur, çünki bunula ölkə prezidenti məşğul olmalıymış. Dünyanın hansı ölkəsində bir parlament nümayəndəsinin belə etirafı olsa, cəmiyyət mandatının ləğvini tələb edər. Bizsə deyirik ki, hələ gəncdir, öyrənəcək, həmin 5 ildə də cəmiyyətdə, seçicilərinin həyatında nə problem olsa, o şagird kimi izləyəcək. Erkin Qədirli demiş, tələsən yerimiz yoxdur...

İllər əvvəl bir qəzetin baş redaktoru planlaşdırma iclasında “filankəsdən ekslüziv açıqlama alaq” təklifinə “eksklüziv niyə ee? Düz-əməlli müsahibə alaq da” deyibmiş. Hələ də danışıb-danışıb gülürük. İndi bu xanım da siyasətlə parlament anlayışları haqda məlumatsızdır. Elə bilir, siyasət nəsə ekslüziv bir şeydir, onu düz-əməlli başqa bir şeylə əvəzləmək lazımdır...

Siz də deyirsiz, şortiklə çörək almağa gedə bilərik, amma imtahana yox... Məncə, bunu parlamentdə müzakirəyə çıxaraq. Onsuz da ordakılar siyasətlə məşğul olmağı ayıb bilirlər.

Sevinc TELMANQIZI