Ermənistan Qarabağda əbəs yerə yeni “status-kvo” axtarışındadır Ermənistan Qarabağda əbəs yerə yeni “status-kvo” axtarışındadır

Azərbaycan “İskəndər”i kimə tuşlayıb?

Ermənistan Qarabağda əbəs yerə yeni “status-kvo” axtarışındadır

İkinci Qarabağ savaşının gedişatında Azərbaycan ordusuna qarşı “İskəndər” raketindən istifadə edilib.

Bu, artıq bir gerçəklikdir, fakt kimi tam dəqiqləşib, ANAMA-nın İcraçı direktoru İdris İsmayılov olay barəsində kütləvi informasiya vasitələrinə rəsmən açıqlama verib.

Üstəlik, atılan və tam partlayan raketin qalıqları ANAMA tərəfindən ictimaiyyətə nümayiş etdirilib, fotolar yayılıb.

Qalıqları Şuşa şəhəri yaxınlığında aşkarlanan “İskəndər” raketindən Azərbaycana qarşı istifadə edilməsi sıradan bir savaş epizodu olmamaqla bərabər, keçmişdə saxlanılacaq məsələ də deyil.

Hər şeydən əvvəl ona görə ki, raket kompleksinin istehsalçısı olan Rusiya nəinki Ermənistana, ümumiyyətlə dünyanın heç bir ölkəsinə silahın “M” versiyalı növünü satması barədə heç zaman məlumat yaymayıb.

Rəsmi məlumatlara görə, Rusiya Ermənistana “İskəndər”in ancaq “E”, yəni ixracat üçün nəzərdə tutulan modelini veribmiş, guya...

Görünür, elə bu səbəbdən də Kremlin sözçüsü Dmitriy Peskov dərhal məsələyə reaksiya verib, ANAMA-nın yaydığı məlumat və görüntüləri “yeni xəbər” adlandıraraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri “İskəndər” raket kompleksindən istifadə etməyiblər.

Hər halda, “İskəndər” yabanı bitən bir göbələk növü deyil və Azərbaycan kifayət qədər həssas bir mövzunu təkzibedilməz şəkildə gündəmə daşıyırsa, deməli, Rusiyadan soracaqları var.

Sual konkretdir:

“İskəndər- M” Yaxın Mənzilli Raket Kompleksi Ermənistanın əlinə necə düşüb?

Bir az da açıq ifadə etsək, maraq edilən odur ki, Ermənistan bu YMRK nə zaman, pulla, yoxsa hədiyyə olaraq alıb, əgər kompleksə nəzarət Ermənistanda olmayıbsa, onu kim işə salıb?

Bu suala “İskəndər”lə bağlı natamamlıq kompleksinə düşmüş Ermənistandan səmimi cavab gözləməyin adı yoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük savaşda “İskəndər”in tətbiq edildiyini, lakin partlamadığını bildirmiş, nəticədə hərbi qiyamla üz-üzə qalmalı olmuşdu.

Ondan daha öncə- 2020-ci ilin noyabrında isə, Ermənistan Müdafiə Nazirliyinin Nəzarət idarəsinin rəisi, Baş qərargahın sabiq rəhbəri Movses Akopyan Ermənistanın sözügedən raketi atəşləndirdiyini açıqlamış, lakin hədəfi göstərməmişdi.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan isə son müsahibələrinin birində hədəfin Şuşa olmasını danmamışdı.

Dünən Ermənistan Müdafiə nazirliyinin yeni Baş Qərargah rəisi Artak Davtyan Şuşaya müvafiq raketin atılması barədə sualdan yayınıb və mümkün cavabı “hərbi sirr” adlandıraraq, necə deyərlər, “ağrımaz” başına buz bağlamaq istəməyib.

Beləliklə, 44 günlük müharibə ərzində “İskəndər”in tətbiqi ilə bağlı Ermənistan tərəfindən zaman-zaman verilmiş açıqlamaları ümumiləşdirsək, Azərbaycanın koordinatlarla, qalıqlarla, foto və video çəkilişlərlə ortaya qoyduğu faktın İrəvan tərəfindən xeyli dərəcədə etiraf olunduğunu söyləyə bilərik.

ANAMA-nın nümayiş etdirdiyi qalıqlar bu baxımdan Ermənistan Baş nazirinin “partlamadı” açıqlamasını yalan çıxardır.

Bu, olduqca mühüm məqamdır ona görə ki, Azərbaycana atılmış raketin partlamış şəklində təqdim olunması, əslində, Rusiya hərbi sənayesinin nüfuzuna və bazarına Nikol Paşinyanın məlum açıqlama ilə vurduğu zərbənin zərərsizləşdirilməsi baxımından Kremlə sərf edir.

Lakin bu nümayişdən sonra Azərbaycan cəmiyyətində, eləcə də beynəlxalq ictimaiyyətin sağlam kəsimlərində yaranan və cavabı soruşulan- yuxarıda bəhs etmişdik- suallar heç də Rusiyanın tam ürəyincə deyil, təbii.

Azərbaycanın rəsmi şəkildə məxsusi jest edərək Rusiyanın strateji reputasiyasına Ermənistanın sorosçu baş naziri tərəfindən kölgə düşürülməsinə imkan verməyibsə, Kremlin üzərinə düşən Azərbaycanın narahatçılığını bölüşmək, haqlı suallarımıza konstruktiv yanaşma və addımlarla cavab verməkdir.

Azərbaycanı narahat edən və bir xalq və dövlət olaraq narazı salan ən başlıca məqam isə odur ki, 10 noyabr Üçtərəfli Sazişinin bəzi müddəaları hələ də tam gerçəkləşməyib.

Əvvəla, Rusiyanın qoşunları müxtəlif adlar altında bir ucdan Qarabağa gəlir, lakin Rusiya üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ermənistanın və Qarabağdakı hərbi xuntanın silahlı qalıqlarını tərksilah etmir, qondarma “DQR”-in atributlarını ortadan tam qaldırmır, azərbaycanlıların bölgəyə qayıdışı, buna paralel olaraq, Azərbaycanın dövlət suverenliyinin Xankəndində təmin olunması prosesi gecikir.

İkincisi, 44 günlük savaşda işğalçı Ermənistan ordusunun şəxsi heyəti və arsenalı çox böyük ölçüdə sıradan çıxarılıb. Bölgədə davamlı sülhə nail olmaq, erməni cəmiyyətini revanşist xülyalardan xilas etmək üçün Rusiyanın məğlub ordunu yenidən qurmaması vacibdir. Başqa sözlə, partlamış “İskəndər-M”-in nümayiş etdirilməsi Azərbaycandan Rusiyaya verilən “Ermənistana silah satma, bağışlama, Qarabağa sülhməramlı kimi gəldiyini unutma” mesajıdır.

Üçüncüsü, raketin Şuşa yaxınlığında aşkar edilməsi də indiki halda xüsusi anlam daşıyır. Ermənistan “İskəndər” raketləri ilə savaşdan öncə Azərbaycanın gözünü qorxutduğunu zənn edir, öz cəmiyyətinə arxayınlıq aşılayırdı. Odur ki, savaşda məğlub olan ermənilər “İskəndər”lə bağlı suallar səsləndirməyə başladılar. Bu gün isə məlum olur ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağı, o cümlədən Şuşanı “İskəndər”in ən modern versiyasının tətbiqinə rəğmən azad edib. Başqa sözlə, bu, Azərbaycanın “bütün hallarda Xankəndinə girəcəyik” deməsi və öz prinsipial mövqeyini açıq ifadə etməsi anlamı daşıyır.

Azərbaycan Qarabağda yeni savaş çıxmasında deyil, sülh, əməkdaşlıq və yeni səhifə açılmasında maraqlıdır. Bunun üçün 10 noyabr Üçtərəfli bəyanatına uyğun olaraq, Rusiyadan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini umur və tələb edir.

Rusiya bu öhdəlikləri dərhal yerinə yetirmək istəmir, özünə ehtiyac yaratmağa, prosesi uzatmağa və imkan olarsa, başqa yönə çəkməyə çalışır.

Ermənistanın isə, Azərbaycanın üstünə yenidən silah çəkmək gücü yoxdur, odur ki, gözünü Xankəndindəki hərbi xuntanın qalıqlarına dikib, seperatizmin ömrünü uzatmaq istəyir.

Rəsmi Bakı, prezident İlham Əliyev bütün olanların və olmayanların fərqindədir, Ermənistanın son şovinist arzusunun gerçəkləşməsinə imkan verməyəcək qədər təcrübəli, təsirli və güclüdür.

Odur ki, heç kim narahat olmasın, bir dəfə Şuşa yaxınlığında partlamış “İskəndər” ikinci dəfə ermənilərin başında partlayacaq.

Eynilə Nikol Paşinyanın “partlamadı” dediyi raketlərin İrəvanda "partlaması" kimi...

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru