"Laçına qayıtmaq, o yerləri görmək, sonra ölmək istəyirəm" "Laçına qayıtmaq, o yerləri görmək, sonra ölmək istəyirəm"

Akif Səlimov Laçına dönmədən ölməməli idi

"Laçına qayıtmaq, o yerləri görmək, sonra ölmək istəyirəm"

Laçının keçmiş icra başçısı Akif Səlimov vəfat edib. Əlbət, bir gün gələn bir gün də bu dünyadan köçəcək, insanın burada edə biləcəyi nəsə yoxdur, amma Akif müəllimin Laçını görmədən gözlərini əbədi yumması sarsıtdı məni. Hələ uzun illər əvvəl deyirdi, yaşadığımı yaşamışam, vəzifə görmüşəm, övladlarımı yerbəyer eləmişəm, bu dünya ilə elə bir işim qalmayıb, lakin bircə arzum var, Laçına qayıtmaq, o yerləri görmək, sonra ölmək istəyirəm. Və dərhal da əlavə edirdi, biz o yerlərə mütləq qayıdacağıq, Laçın əbədi olaraq düşmən tapdağında qala bilməz...

2014-cü ildə işlədiyim "Media forum" saytında bir layihəm vardı, işğal olunmuş rayonlar haqqında müsahibələr edirdim. Məqsəd düşmən istilasına məruz qalan torpaqlarımızı görməyən insanlarda o yerlər haqqında təsəvvür yaratmaq idi: insanları, təbiəti, adət-ənənələri, görməli yerləri, çayları, bulaqları və s.
Akif Səlimova zəng vurdum, özümü təqdim etdim, müsahibə almaq istədiyimi söylədim. Əvvəl razı olmadı, mətbuatda tez-tez görünməyin yaxşı qarşılanmadığını bildirdi, uyğun bir vaxtda görüşəcəyimizi əlavə etdi. Və bunun ardından nəylə bağlı müsahibə almaq istədiyimi soruşdu. Cavabım qısa oldu: mövzu Laçındır.
- Hə, onda bunu saxlamaq olmaz.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün bir neçə gündən sonra Bakıya gələcəyini dedi, orada görüşmək barədə razılaşdıq. Vədə vaxtında Gənc Tamaşaçılar Teatrının qarşısında gözləyirdim, bir də gördüm tədbirdən çıxdı, gəldi. Belə qərara gəldik ki, müsahibəni məcburi köçkün rayonların icra hakimiyyətlərinin Nərimanovda yerləşən binasında edək. Akif Səlimovun xidməti avtomobili ilə oraya getdik, icra başçısı müavinlərindən birinin otağında müsahibə başladı.
Söhbətimiz 2 saatdan çox çəkdi və bu müddətdə Akif Səlimovun göz yaşları dayanmadı, sel olub Laçının çayları kimi axdı, kəlmələri boğazında düyünləndi, söhbətdə uzun-uzadı pauzalar yarandı, gözlərini masanın üzərinə tikdi, yanaqları aşağı axan göz yaşları masanın üzərində gilə-gilə olmuşdu... Müsahubə müddətində ən azı 10 dəfə diktofonu söndürməli oldum, su içdi, toxtadı, yenidən söhbətə davam etdik, amma Laçın haqqında 3-4 cümlədən sonra yenidən qəhər onu boğur, uşaq kimi ağlayırdı.

Mən də ağlayırdım, göz yaşlarımı gizlətmək üçün pəncərədən çölə baxırdım...
Akif Səlimovun internetdə olan və ağlamaqdan gözləri qıpqırmızı olmuş fotoları həmin müsahibədə çəkilib...
Müsahibədə Akif müəllimə verdiyim bir sual isə nədənsə sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu, bəziləri iddia edirdilər ki, bu müsahibə veriləsi sual deyil, ümumiyyətlə o sualın və cavabının heç bir əhəmiyyəti yoxdur. Sual və Akif Səlimovun cavabı belə idi:

- Laçının spesifik iyi varmı? Varsa, o iyi başqa yerlərdə tapa bilirsinizmi?

- Laçına üç tərəfdən giriş var. İstər poçtun yanından, istər də Kəlbəcərdən gələndə - Şamkənd və Qorçu kəndləri tərəfdən Laçına daxil olan kimi o özünəməxsus, gözəl iyi duyurdun. Bu, təmiz hava, bənövşə, yarpız və kəkotu qarışıq xəfif iydir... Qışda da çox gözəl, təmiz, özünəməxsus havası, iyi olur Laçının. Laçına girəndə bu qoxunu köksünə çəkirdin, adamın ruhu dincəlirdi. Hava o qədər təmiz olur ki, udduqca azlıq edir.
Mən müxtəlif bölgələrdə işləmişəm, çox yer gəzmişəm, amma Laçının o gözəl iyini heç bir yerdə duymamışam. Heç bir yerdə yoxdur... Haradasa elə gözəl iy olduğuna da inanmıram.
Müsahibənin bir yerində soruşdum:
Akif müəllim, insanlar internetə daxil olub xüsusi proqramlar vasitəsilə işğal altındakı kəndinə, evinə baxır. Laçına, kəndinizə baxmısınızmı?
- Mən baxmıram... Baxa bilmirəm. Baxmayacam da...
- Laçının, kəndinizin indiki vəziyyətini görməmək üçün baxmırsınız?
- Vəziyyətin necə olduğunu bilirəm. Kənddə, Laçında yaşadığım evimizi 1992-ci ildə işğal zamanı yandırıblar. Mən bunu o zaman görmüşəm. 1992-ci ildə Laçının kəndlərində döyüşəndə binoklla Laçındakı evə baxmışdım, yandırmışdılar. Mən heç elə baxmağın tərəfdarı da deyiləm. İndiki Laçına sakit baxa bilmərəm. Ona görə də baxmıram.
Akif Səlimov Laçını görməli idi, amma nə etmək olar, təqdir İlahinindir...
Allah rəhmət eləsin!

P.S. sonralar ara-sıra tədbirlərdə rastlaşırdıq, deyirdi qardaşoğlu görünmürsən, gəlib getmirsən. Zarafatla deyirdim, görüşəndə sizi də ağladıram, özüm də ağlayıram, ona görə gəlmirəm.

İmdad Əlizadə