Moskva görüşündən gözləntilər

Bugün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycandan olan həmkarları ilə danışıqları keçirilir. Görüşlərin intensivliyi artdıqca ortaq məxrəcə gəlmək ehtimalı da artır. Ciddi praktiki irəliləyiş əldə olunmasa da, detalların müzakirəsi önəmlidir. Ermənistanın görüşlərdə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi beynəlxalq ictimaiyyət qarşısında əlimizi gücləndirən faktordur. Görüş ərəfəsində yaranan reallıqlar da bu formata ümidləri daha da artırıb. Əvvəla, Rusiya son dövrlər moderatorluq fəaliyyətində Qərbdən geridə qalıb. Brüsseldə və Vaşinqtonda müəyyən nəticələr əldə olunub. Ola bilsin ki, qarşı cəbhəylə rəqabət kontekstində Moskva ən azından çərçivə sazişinin imzalanmasına çalışa bilər. Sülh sazişi üçün fundamental irəliləyiş, yəni, ərazi bütövlüyünün tanınması Brüsseldə əldə edilib. Vaşinqton isə Bakının üstünlük verdiyi vasitəsiz təmas təşkil edib, üstəlik Azərbaycanın haqlı maraqlarını rəsmi səviyyədə dəstəkləyib. Belə olduqda, Moskva diplomatic trekdə rəqabət yaratmağa çalışa bilər. İkinci tərəfdən, bir neçə gün öncə Şuşa Qlobal Media Forumunda Azərbaycan prezidenti İlham Əliyevin Moskva format ilə bağlı dəstəkləyici fikirlər səsləndirməsi həm də qarşı tərəfə öhdəliklərini xatırlatma missiyası daşıyırdı. Rusiya bəyannamənin üçüncü tərəfidir və təbii olaraq, proseslərə müdaxilə imkanları digər formatlardan daha səmərəli olmalıdır. Lakin təəssüflər olsun ki, bugünə qədər biz şimal qonşumuzdan bu istiqamətdə produktiv addımın şahidi olmamışıq. Bunun üzərinə, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs zirvəsində rus sülhməramlılarının 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcəyi ilə bağlı bəyanatı Putin üçün ciddi mesajdır. Bu baxımdan Rusiya bölgədə arzuladığı müddətdə qala bilməyəcəyi üçün Vaşinqtonun ritorikasına uyğun, yaranmış vəziyyətdən paydaş olmaq siyasətini işə sala bilər. Kreml çox yaxşı anlayır ki, Laçın yoluna alternativ yol istifadəyə veriləcək, re-interqasiya başlayacaq və separatçıların nəfəsi kəsiləcək. Odur ki, Moskva özü bu nəticənin əldə olunmasına dəstək verə bilər. Nəzərə almaq lazımdır ki, problemlərin kökündə dayanan nüans məhz üçtərəfli byanatın 4-cü maddəsinin icra olunmamasıdır ki, bu da Rusiyanın öhdəliyinə düşən məsələdir. Odur ki, Moskvadan gözlənilən də məhz bu maddənin icrasını təmin etməkdir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi