"Ola bilsin ki, yaxın zamanlarda Zəngəzur ətrafında müəyyən yeniliklər olsun" - Siyasi ekspert

“Son zamanlar Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların stimullaşması, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılıqların əldə olunması mümkündür ki, Zəngəzur dəhlizi ətrafında da yeniliklərin olmasına gətirib çıxarsın. Məlumdur ki, Ermənistan Rusiya sərhədçilərinin dəhlizdə dayanmasına razılıq vermirdi, lakin Azərbaycan üçün bunun prinsipial fərqi yoxdur. Önəmli olan bu dəhlizin açılmasıdır. Məsələnin bir qədər uzanması, bu arada Rusiya kontingentinin bölgəni müddətindən daha tez tərk etməsi bu istiqamətdə də müəyyən yeniliklərin olmasına rəvac verə bilər”.

Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

O qeyd edib ki, üstəlik son dövrlər müşahidə edirik ki, Ermənistanın Zəngəzur məsələsindəki mövqeyində yumşalma var.

“Qazaxın kəndləri ilə bağlı əldə olunan birbaşa razılıq deməyə əsas verir ki, tərəflər arasında qarşılıqlı anlaşma mövcuddur. XİN rəhbərləri arasında Qazaxıstandakı keçirilən son görüşü də bu baxımdan səmərəli hesab etmək olar. Zəngəzur dəhlizi məsələsi böyük ehtimal bu görüşlərdə müzakirə olunub. Cənab Prezidentin ADA-da keçirdiyi görüşdə Zəngəzur dəhlizini bir nəqliyyat kommunikasiya qovşağı kimi vurğulaması təsadüfi deyildir. Bu öz növbəsində Ermənistanı da maraqlandıra bilər və burada söhbət yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvani birləşdirmək deyil. Eyni zamanda Ermənistana da iqtisadi divident gətirə biləcək layihə ola bilər. Bu baxımdan ola bilsin ki, yaxın zamanlarda Zəngəzur ətrafında müəyyən yeniliklər olsun”.

Rəfiqə NAMAZƏLİYEVA