- Yazarlar
- 29 Avqust 13:41
- 7 120
Üçtərəfli bəyanatda domino effekti

Laçın yolu üzərində nəzarət buraxılış məntəqəsinin quraşdırılması, postun yaradılması bizim müstəqil dövlət olaraq suveren haqqımızdır. İşğaldan azad etdiyimiz və bayrağımızı müvəqqəti olaraq sancmadığımız bölgələr suveren ərazilərimizdir və bu faktı BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla bütün müvafiq hüquqi konsepsiyalar təsdiqləyir. O halda nəyə görə biz öz ərazimizdən başqa ölkənin sərhədinə dəhliz təmin etməliyik? Müharibədə qalib gəlmişik, qarşı tərəfin ağ bayraq qaldırması nəticəsində kapitulyasiya aktı imzalanıb. Tamamilə humanist aspektdən yanaşaraq, müəyyən müddət üçün humanitar daşımaların həyata keçirilməsi məqsədilə Xankəndidən Ermənistana yol nəzərdə tutulub. Ölkəmiz üzərində götürdüyü bu öhdəliyi anındaca yerinə yetirib. Lakin qarşı tərəf rus sülhməramlılarının da iştirakı ilə yoldan təyinatından kənar qaçaqmalçılıq vasitəsi kimi istifadə edib. Bu addımlar bizim suveren haqqlarımızın, ərazi bütövlüyümüzün pozulmasından əlavə, bölgədə başladılmalı olan re-inteqrasiya prosesinin qarşısı alınıb. Üçtərəfli bəyanatda da bu yolun dəhliz olmasıyla bağlı heç bir detal yoxdur. Hərçənd ki İrəvan bu söz oyunu Zəngəzur dəhlizi ilə bağlı oynamağa cəhd edir. Halbuki Zəngəzurla bağlı açıq şəkildə dəhliz ifadəsinin yer almasına ehtiyac belə yoxdu. Əvvəla, vasitəsiz keçid dəhlizi ehtiva edir. İkinci tərəfdən, Paşinyan hansı haqla Laçın yoluyla Zəngəzuru tərəzinin eyni gözünə qoya bilər? Laçın yolu Azərbaycanın öz ərazisindən başqa ölkəyə keçid verir. Zəngəzur dəhlizi isə Azərbaycanın ərazisindən yenə Azərbaycan ərazisinə (Naxçıvan MR) keçidi təmin edir. Bu halda Laçın Zəngəzur üçün presedent təşkil edə bilərmi?
Üstəlik ermənilər bəyanatın fundamental öhdəliklərinin heç birini yerinə yetirməyiblər. Öhdəliklərin hər biri əlbəttə ki, əsasdır. Lakin elə məsələlər var ki, onun icra olunmaması domino effekti yaradır. Məsələn, bəyannamənin 4-cü maddəsi, yəni, rus sülhməramlı qüvvələrinin yerləşdirilməsinin separatçıların çıxarılması ilə paralel olması hələ də icra olunmayıb. O maddə icra olunmadığı təqdirdə problemlərin həllini tapması, təxribatların səngiməsi, tərəflər arasında sülh müqaviləsinin imzalanması və kommunikasiya əlaqələrinin qurulması qeyri-mümkündür. Məğlub olan və önəmlisi haqsız olan işğalçı Ermənistanın məğlubiyyətə rəömən şərtləri yerinə yetirməməsi Bakının analoji addımlar atma zərurətini yaradır. Necə ki, o zərurət 29 sentyabr 2020-ci ildə də yaranmışdı. Qarşı tərəf də, havadarları da anlamalıdırlar ki, suverenliyimizdən və haqqlı maraqlarımızdan ödünc vermək fikrində deyilik. Etməsəniz, etdirəcəyik!
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi