- Siyasi müzakirə
- 17:52
- 935
“İlham Əliyevin çıxışı konstruktiv mövqenin göstəricisidir” – Əli Mustafayev
"Təbii ki, bu, öncədən razılaşdırılmış bir prosedur idi. Prezident tədbirə videoformatda qoşulub və çıxış edib Bu, əlbəttə ki, müsbət siqnal kimi qiymətləndirilə bilər. Azərbaycan tərəfi Ermənistanı tanıyır və onun ərazisində keçirilən beynəlxalq tədbirə qoşularaq xoş niyyətini və konstruktiv mövqeyini nümayiş etdirir. Eyni zamanda, Avropa İttifaqının fəaliyyəti ilə bağlı müəyyən iradlar da səsləndirilir. Əslində, bu iştirak tədbirə müəyyən legitimlik də qazandırır. Hələ sülh sazişi imzalanmamış bir şəraitdə qonşu dövlətin ən yüksək səviyyədə onlayn formatda qatılması Ermənistanın dövlət institutlarına dolayısı ilə tanınma və legitimlik elementləri əlavə edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” (ASB) sammiti çərçivəsində çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tədbirə videobağlantı vasitəsilə qoşulmasını müsbət addım kimi qiymətləndirib və buna görə təşəkkürünü bildirib.
Siyasi şərhçi qeyd edib ki, bununla yanaşı, burada xoş məram jesti ilə bərabər, müəyyən mesajlar da yer alır.
"Bütün bunlar sülh sazişinin imzalanmasına marağın və sülh prosesinin irəliləməsinin istənildiyinin göstəricisi kimi qəbul oluna bilər. Məlumdur ki, sülh sazişinin yekunlaşması üçün konkret şərtlər mövcuddur. Azərbaycan tərəfi, xüsusilə, Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə dair iddiaların aradan qaldırılmasını əsas şərt kimi irəli sürür. Eyni zamanda, müəyyən hüquqi və institusional dəyişikliklərin həyata keçirilməsi gözlənilir. Belə bir gözlənti var ki, parlament seçkilərindən sonra Ermənistan bu istiqamətdə addımlar ata bilər. Konstitusiya dəyişiklikləri və digər zəruri qərarların qəbulu sülh prosesinə təkan verə bilər. Böyük ehtimalla, məhz bundan sonra sülh sazişinin imzalanması prosesi daha real mərhələyə keçəcək. Hazırkı dövrdə isə bu cür addımlar daha çox müsbət jestlər kimi qiymətləndirilir və əməkdaşlıqla yanaşı, sülh prosesinə dəstək mesajı verir".
Rəfiqə Namazəliyeva,
AzNews.az