• Yazarlar
  • 26 Sentyabr 2023 16:44
  •  12 028

Zəngəzur dəhlizi açılacaq

Azərbaycan ordusunun bölgədə uğurlu lokal anti-terror tədbirlərini həyata keçirməsi separatizmin bölgədə ləğvi ilə yanaşı, yeni siyasi konfiqurasiya üçün də zəmin formalaşdırmış oldu. Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində başlıca əngəl Qarabağda mövcud lan separatçılar idi. Üçtərəfli bəyannamənin 4-cü maddəsinin icra olunmaması digər müddəaların da icrasını çətinləşdirirdi. İrəvan Administrasiyası üçtərəfli görüşlərdə praktiki irəliləyişin önünü məhz bu ödəliyin yerinə yetirilməməsi ilə kəsirdi. Bakı-Xankəndi formatını irəli sürməklə prosesi sabotaj edirdi. Bakı bu öhdəliyi də öz çiyinlərinə alaraq icra etdi. Qanunsuz erməni hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldu, separatçılar tərk-silah edildi. Bu hadisələr Ermənistan üçün dərs çıxarmaq baxımından üstün presedentdir. Paşinyan anlamamış deyil ki, bəyannamədə üzərinə götürdüyü öhdəlikləri ya yerinə yetirəcək ya da dəmir yumruqla yerinə yetirmək məcburiyyətində qalacaq. Odur ki, sülh müqaviləsini imzalaya biləcəyi ilə bağlı mesajlar səsləndirir. Digər tərəfdən sülh üçün əsas əngəl də aradan qalxıb, iddialar suya düşüb. Əslində Paşinyanın elə istədiyi də bu üsul idi. O, düşünürdü ki, separatçılarla bağlı müddəanı icra edərsə, ona qarşı cəbhə kəskinləşə bilər, hakimiyyətini itirmək təhlükəsi yarana bilər. Ona görə də, maksimum səviyyədə Bakını tədbirlər görməyə vadar etdi. İndiki şərtlərdə sülh müqaviləsinin imzalanması Paşinyan üçün heç bir təhlükə vəd etmir. Müqavilə üçün isə kommunikasiyalarla bağlı İrəvanın razılığı şərtdir. Ərdoğanın Naxçıvandan səsləndirdiyi bəyanatlar, Zəngəzur dəhlizinə Ermənistan razılqı verməzsə onun İrandan keçəcəyi ilə bağlı fikirlər səsləndirməsi də bu barədə qarşı tərəfin təlaşa sala bilib.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi