Azərbaycan təhlükəsiz və dinamik siyasi mühit üçün yeni geosiyasi üfüqlər açır

Azərbaycan prezidenti İlham Əliyevin peşəkar lider, sədaqətli dövlət adamı, vədlərinə sadiq prezident olaraq formalaşan siyasi imici ölkəmizin dünyada artan nüfuzunda, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilməsində başlıca rol oynayan faktorlardandır. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə dəvət alması, müxtəlif mötəbər tədbirlərə isə ölkəmizin ev sahibliyi etməsi bu nüfuzun bariz göstəricilərindəndir. O cümlədən, Bakıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstanın daxil olduğu Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Dövlət Başçılarının 18-ci Zirvə Toplantısının keçirilməsi də dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin qarantoru olmasının, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin nümunəsidir.
Cari il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan bu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxışın bugün hər zamankından daha çox önəm kəsb etdiyini nəzərə alsaq, Azərbaycanın bu dövlətlərlə fəal dialoq və nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmasının bu coğrafiya üçün qazandıracaqlarını saymaqla bitməz. Azərbaycanın Şərqlə Qərb arasında mühüm qovşağa çevrilməsi, inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması dolayısı ilə Mərkəzi Asiya ölkələrinin də inkişafına müsbət təsir göstərir.
Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit ölkə, “qoca qitə”nin etibarlı enerji təchizatçısı kimi önəmli rolu Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafına da təsirsiz ötüşmür. Əvvəla bu ölkələrin Avropaya çıxışı üçün əsas tranzit Azərbaycandır. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Qlobal anlamda bu dəhlizə marağın artmasında əsas rol Azərbaycana məxsusdur. Sərmayədar şirkətlərin, transmilli korporasiyaların diqqətini çəkmək üçün siyasi sabitlik, demokratik sistem, dinamik iqtisadiyyat, təhlükəsizlik kimi komponentlər nə qədər əhəmiyyətlidirsə, bir ölkənin müasir infrastrukturunun mövcud olması o qədər önəmlidir. Ölkəmiz bütün istiqamətlərdə rentabelliyi yüksək olan imkanları əldə edir. Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar keçir. Bu, Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Bütün sadalanan faktorların dayanıqlığını təmin edən başlıca proseslərdən biri isə heç şübhəsiz, 44 günlük Vətən Müharibəsindən sonra ərazi bütövlüyümüzün təminatı, separatizmin ləğvi və Zəngəzur dəhlizinin işləkliyi üçün real perspektivlərin formalaşdırılmasıdır. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək.
SPECA Proqramının əhatə etdiyi ölkələrlə dinamik diplomatik əlaqələrə malik Azərbaycan beynəlxalq proseslərə yön verən, xalqların üzləşdiyi problemlərin həllində təşəbbüskarlıq edən, dünyada ədalətli siyasət nümunəsi yaradan, gücün hüquq deyil, hüququn güc olduğu tezisini əyani sübut edən dövlət kimi bu və digər bölgələr üçün aparıcı fiqura çevrilib. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilinmədiyi üçün Cənubi Qafqazın “barıt çəlləyi”ndən sülh coğrafiyasına transformasiya edilməsinin Mərkəzi Asiya ölkələrinin də iqtisadiyyatında rupor faktor olduğunu deməyə əsas verir. Sabitlik ölkəmizin iqtisadiyyatına da ciddi təsir göstərərək sərmayələr üçün cazibədarlığı artırır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Heç şübhəsiz ki, Mərkəzi Asiya ölkələrinin Azərbaycanla konstruktiv əməkdaşlığında ölkəmizin türk dünyasının birləşməsi yönündə birləşdirici rolu da önəm daşıyır. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil etməklə yanaşı, dövlət başçısı İlham Əliyevin uğurlu strategiyası ilə bu birlik sarsılmaz köklərə bağlanmışdır. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan prezidenti İlham Əliyevin səmərəli siyasəti, uğurlu diplomatiyası yalnız ölkəmiz üçün deyil, bütövlükdə qlobal məkana dividientlər qazandırır, sabitliyin ən önəmli faktor olduğunu təlqin edir, təhlükəsiz və dinamik siyasi mühit üçün yeni geosiyasi üfüqlər açır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi