O`Braynın Bakıya səfərinin əsl hədəfləri

ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycana dünənki səfəri xüsusi məqamlarla yadda qaldı. Ceyms O’Brayn Konqresdəki çıxışı ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu. Amerikalı diplomatın Azərbaycan əleyhinə çıxışından sonra xarici işlər naziri Ceyhum Bayramov Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən, rəsmi Bakı Vaşinqtonun Azərbaycanla Ermənistan arasında vasitəçiliyindən imtina etmişdi. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi. Bu artıq ənənəvi haldır ki, Azərbaycan və ABŞ arasındakı münasibətlər hər zaman birmənalı olmayıb. Yəni, eniş-yoxuşlar daim müşahidə olunub. 1991-ci ildə -Azərbaycanın müstəqilliyinin əldə olunmasından sonra Azərbaycan əleyhinə "Azadlığa dəstək aktı"na 907-ci düzəliş" adlı sənəd qəbul olunmuşdu. Bu ilk dövrdə Azərbaycan- ABŞ əlaqələrində müəyyən qədər qırılma nöqtəsinin yaranmasına gətirib çıxarmışdı, ardınca Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu strateji siyasət nəticəsində Azərbaycanın nüfuzu günü-gündən artdıqca, Azərbaycan qüdrətli bir ölkəyə çevrildikcə - əlbəttə ki, "Əsrin müqaviləsi"-nin imzalanması da bunun bir bariz nümunəsi oldu- ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin müəyyən qədər yaxşılaşması, yəni get-gedə bu xəttin intensiv istiqamətdə yüksəldiyinin şahidi olduq. Nəticə etibarilə müasir dövrdə iki ölkə arasında həm iqtisadi, həm siyasi, həm digər sahələrdə mühim əlaqələr formalaşdı. Əlbəttə ki, xüsusən də "11 sentyabr terroru"-dan sonra ABŞ-nin formalaşdırdığı beynəlxalq antiterror koalisiyasında Azərbaycanın fəal iştirakı, Əfqanıstanda, başqa bölgələrdə sülhməramlı missiyaların tərkibində ölkəmizin fəaliyyəti bu əlaqələrin inkişafında yeni mərhələyə gətirib çıxardı və elə ardınca da "907-ci düzəliş"in dondurulması məsələsi gündəmə gəldi. Ən sonda 44 günlük Vətən Müharibəsindən sonra Amerikanın bu prosesdə yer alması, yetişən vəziyyətdən ənənəvi olaraq payalma siyasətinin şahidi olduq. Amerika ciddi -cəhdlə sülh danışıqlarının vasitəçi missiyasını qazanmağa çalışırdı. Lakin qısamüddətli antiterror tədbirlərindən sonra ölkəmizin tamamilə münaqişə ocağını aradan qaldırması, hər hansı bir tərəflərin müdaxiləsi üçün heç bir rəvacın mövcüd olmaması bəzi qüvvələri narahat etməyə başladı və elə bu çərçivədə də Vaşinqtonla Bakı xəttində müəyyən bir gərginlik yaşandı. Əlbəttə ki, bu da Amerika rəsmilərinin Azərbaycanın haqq işinə yönəlik aqresiv münasibətinin nəticəsi idi. Lakin Azərbaycan özünün haqlı, uğurlu, doğru hədəflər üzərində formalaşmış strategiyasını davam etdirdikcə, özünün cəsarətli mövqeyindən bi addım belə geri çəkilmədikcə qarşı tərəf, Amerika da daxil olmaqla başa düşürlər ki, Azərbaycanı haqq işindən geri çəkmək mümkün deyil. Regionda formalaşan yeni siyasi konfiqurasiyadan da, yeni reallıqlardan da bir növ faydalanmanın tək yolu, elə bu regionda olan ölkələrlə, başda da Azərbaycanla normal münasibətlərdən keçir. Məlum məsələdir ki, Cənubi Qafqaz qlobal məkan üçün olduqca mühim bir bölgədir, nəqliyyat əlaqələrinin qovşağı rolunda çıxış edən bir bölgədir, enerji layihələrinin mənbə olduğu miqyasda bir bölgədir. Belə bir coğrafiyada baş verən, formalaşan reallıqlardan da dividendlər qazanmağın yeganə yolu elə bu coğrafiyanın, bu bölgənin aparıcı ölkəsi olan Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Buna görə də dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə əlaqə yaradaraq, ondan Ceyms O’Braynın Bakıda qəbulunu xahiş etdi. Görüşdən əvvəl Vaşinqtondan münasibətləri yumşaldacaq daha bir açıqlama gəldi. Dövlət Departamentin mətbuat katibi Metyu Miller “biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı” açıqlamasını səsləndirdi.
Hesab edirəm ki, elə bu çərçivədə Amerika ilə Azərbaycan əlaqələrinin hal-hazırda bir yumşalma mərhələsinə keçməsi heç də təsadüfi deyil. Elə ABŞ dövlət katibinin Cənubi Qafqaz məsələləri üzrə müşaviri O`braynın Azərbaycana səfəri, cənab Prezidentlə apardığı müzakirələr, müzakirələr çərçivəsində enerji məsələlərinin də, nəqliyyat xətti layihələrinin də müzakirəsi düşünürəm ki, Azərbaycanın bu məsələlərdə, bu proseslərdə nə dərəcədə önəmli bir ölkə olduğunun göstəricisidir. Sülh danışıqlarına gəlincə cənab Əliyev də O`braynla görüşdə Vaşinqtonun yeni reallıqları nəzərə alaraq sülh danışıqları prosesinə töhfə verə biləcəyi imkanlarını vurğuladı. Əsas mesaj isə o idi ki, yalnız o şərtlə ki, ABŞ Azərbaycanın suverenliyinə, özünün haqq işinə, suverenliyinin, konstution hüquqlarının bərpası məsələsinə hörmətlə yanaşmalıdır. Eyni zamanda Orta dəhliz mövzusu ilə bağlı müzakirələr də bu görüşmədə həyata keçirilib. Düşünürəm ki, Vaşinqtonun həqiqətən də öz hədəflərinə nail olması üçün Bakıya böyük ehtiyacı var. Buna görə də ABŞ Azərbaycanla konfrontasiya deyil, məhz nünasibətləri uzlaşdırma, diplomatik məsələləri konstruktiv həddə gətirmək marağındadır. Azərbaycan da bu üstünlüklərdən diplomatik müstəvidə yararlanır.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi